2026-2027-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu aparılan ixtisaslar açıqlanıb.
Bu ixtisaslar arasında çox az plan yeri ayrılan proqramlar da yer alır.
AzEdu.az plan yerlərinin sayına əsasən ən az qəbul aparılan ixtisasları təhlil edib.
Ən az plan yeri ayrılan ixtisas Naxçıvan Musiqi Kollecindədir. Kollecin İnstrumental ifaçılıq (balaban) ixtisası üzrə dövlət sifarişi əsasında cəmi 1 plan yeri ayrılıb.
Həmin kollecdə aktyor sənəti, İnstrumental ifaçılıq (qanun), İnstrumental ifaçılıq (nağara), rəngkarlıq (sahələr üzrə) və vokal sənəti (xanəndəlik və akademik vokal) ixtisaslarının hər biri üzrə 2 plan yeri ayrılıb.
Ən az plan yeri ayıran kolleclər arasında Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsi də yer alır. Burada İnstrumental ifaçılıq (fortepiano, tar, kamança, qarmon, nağara, klarnet) ixtisası üzrə dövlət sifarişi əsasında cəmi 2 plan yeri ayrılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində isə Azərbaycan bölməsi üzrə kinooperator sənəti, aşıq sənəti, dizayn (qrafik və geyim), populyar musiqi və caz ifaçılığı və vokal sənəti (xanəndəlik) ixtisaslarının hər biri üzrə 3 plan yeri nəzərdə tutulub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecində heykəltəraşlıq və qrafika üzrə texnik ixtisaslarının hər biri üzrə 2 plan yeri, teatr dekor sənəti ixtisası üzrə isə 3 plan yeri ayrılıb.
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində İnstrumental ifaçılıq (fortepiano, violin, violonçel, ksilofon, fleyta, qoboy, klarnet, valtorna, truba, trombon, tuba, tar, kamança, qanun, saz, balaban, qarmon, nağara) ixtisası üzrə ödənişli əsaslarla 2 plan yeri ayrılıb.
Şuşa Humanitar Kollecində aşıq sənəti ixtisası üzrə dövlət sifarişi əsasında 3 plan yeri nəzərdə tutulub.
Ağdam Musiqi Kollecində də aşıq sənəti ixtisası üzrə dövlət sifarişi əsasında 3 plan yeri ayrılıb.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində vokal sənəti (xanəndəlik) ixtisası üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla 2 plan yeri ayrılıb.