Yeni tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin praktiki bacarıqlarının inkişafına yönəlmiş yeni staj proqramına başlanılacaq.
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi feysbuk hesabında qeyd edib.
Belə ki, yeni təşəbbüs çərçivəsində tədris planına zəruri dəyişikliklər edilərək II və III kurs tələbələri üçün bir semestr müddətində staj fəaliyyəti təşkil olunacaq:
"Proqramın əsas məqsədi tələbələrin real iş mühiti ilə tanışlığını təmin etmək, nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirmək və peşə səriştələrinin formalaşmasına dəstək verməkdir. Staj proqramı buraxılış kursunda keçirilən istehsalat təcrübəsini əvəz etmir. Tələbələr staj müddətində müvafiq kreditlər qazanacaqlar.
Proqramın əsas hədəfi tələbələrin nəzəri hazırlığını praktik fəaliyyətlə əlaqələndirmək, onların əmək bazarına daha sürətli və uğurlu adaptasiyasını təmin etməkdir",- deyə rektor bildirib.