Astronomlar kainatın indiyədək məlum olan ən qədim iki nəhəng qara dəliyini aşkar ediblər. Alimlərin fikrincə, bu kəşf kainatın ilk dövrlərində superkütləli qara dəliklərin necə yarandığını anlamağa kömək edə bilər.
AzEdu.az xəbər verir ki, kəşf Avropa Kosmik Agentliyinin (ESA) Euclid kosmik teleskopunun müşahidələri nəticəsində edilib.
Məlumata görə, aşkar olunan qara dəliklər Böyük Partlayışdan (Big Bang) cəmi 670-780 milyon il sonra mövcud olub. Bu, onların kainat tarixinin ən erkən mərhələlərində formalaşdığını göstərir.
Alimlərin hesablamalarına əsasən, hər iki qara dəlik Günəşdən təxminən bir milyard dəfə böyük kütləyə malikdir. Onların mərkəzində yerləşdiyi kvazarlar isə bir trilyon Günəşdən daha parlaq işıq saçır.
Tədqiqatçılar bildirirlər ki, belə nəhəng qara dəliklərin kainatın yaranmasından bu qədər qısa müddət sonra meydana çıxması mövcud nəzəriyyələr üçün ciddi suallar yaradır. Çünki indiyədək qəbul edilən modellərə əsasən, bu ölçüdə qara dəliklərin formalaşması üçün daha uzun zaman tələb olunurdu.
Mütəxəssislərin fikrincə, Euclid teleskopunun əsas missiyalarından biri də kainatın erkən dövrlərini araşdırmaq və indiyədək müşahidə olunmayan kosmik obyektləri üzə çıxarmaqdır. Yeni kəşfin gələcəkdə superkütləli qara dəliklərin yaranması və qalaktikaların təkamülü ilə bağlı nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb olacağı gözlənilir.