Azedu.az

16 yaşında 621 bal toplayan ən gənc TƏLƏBƏ: “Başqaları oyun oynayanda mən dərs oxuyurdum”

AzEdu Təhsil Platforması

26 Avqust 2026, 12:24
16 yaşında 621 bal toplayan ən gənc TƏLƏBƏ: “Başqaları oyun oynayanda mən dərs oxuyurdum”

Ali təhsil müəssisələrinə qəbul olan ən gənc və ən yaşlı tələbənin adları açıqlandı. 

Belə ki, builki ən gənc tələbənin Məmmədli Gülşən Rəşad qızının 16 yaşı var.

O, 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olub.

AzEdu.az bu münasibətlə Gülşənlə həmsöhbət olub.

O qeyd edib ki, təhsil mühitində yaşı ilə bağlı heç bir problem yaşamayıb:

“Tam orta təhsilimi Bakı şəhəri Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə başa vurmuşam. Naxçıvan Dövlət Universitetində stomatologiya ixtisası üzrə təhsil alacağam. Valideynlərim də mənə çox dəstək olurlar. Özüm də düşünürəm ki, bu yaşımda belə bir uğur əldə etmişəmsə, şansımı əldən vermək istəmirəm. Təhsilimi davam etdirib stomatoloq olacağam. Bu baxımdan universitetin hansı olması mənim üçün əsas deyil.

Mənim doğum günüm sentyabrın 21-dədir. Məktəbə 5 yaşımda getmişəm, cəmi 6 gün sonra 6 yaşım tamam olub. Məktəbəqədər hazırlığa getdiyim vaxt müəlliməm babama demişdi ki, Gülşənin məktəbəqədər hazırlığa gəlməsinə ehtiyac yoxdur, gəlib mənim 2-ci sinif şagirdlərimlə birlikdə otura bilər. Çünki mövzuları və dərsləri çox yaxşı bilirdi.

Daha sonra öyrəndik ki, sinfi eksternat imtahanı vasitəsilə daha erkən bitirmək mümkündür. Lakin bu imtahanı 3-cü sinifdə vermək olur. Biz də mən 2-ci sinifdə oxuyarkən babamla birlikdə evdə hazırlaşmağa başladıq. 3-cü sinifdə isə eksternat imtahanında iştirak etdim. İmtahan üç mərhələdən ibarət idi: Təhsil İdarəsində, Elm və Təhsil Nazirliyində və məktəbdə. Hər üç mərhələdə də mənim imtahana həm savad, həm də psixoloji baxımdan hazır olduğum təsdiqləndi.

Həmin il respublika üzrə bu imtahanı uğurla keçən iki nəfərdən biri oldum. Buna görə də sentyabrdan yanvar ayınadək 3-cü sinifdə, yanvardan iyun ayınadək isə 4-cü sinifdə təhsil aldım.

188403

Ətrafımdakı insanların heç birinin yaşımın az olması ilə bağlı mənə qarşı problemi olmayıb. Mən də özümü onlardan balaca hiss etməmişəm. Buna görə bu vəziyyət mənə heç vaxt qəribə gəlmirdi. Əksinə, hər hansı bir vəziyyət yarananda daha yüksək nəticə göstərmək üçün özümü daha çox çalışmağa sövq edirdim".

Stomatologiyanı bitirdikdən sonra xaricdə rezidentura üzrə təhsil almaq istəyirəm. Sonra isə ölkəmə qayıtmağı düşünürəm:

“Qəbul ola bilməyən abituriyentlərə demək istəyirəm ki, ömür onsuz da gedir. Ona görə də həyatınızda ürəkdən istədiyiniz bir peşə varsa, başqa bir ixtisasa qəbul olunsanız belə, yenidən hazırlaşıb həmin sahəni seçə bilərsiniz. Bir il məzuna qalmaq və ya başqa istiqamətə yönəlmək pis şey deyil, bu, tamamilə normaldır. Əsas odur ki, insan geriyə dönüb baxanda “Mən mübarizə apardım və yenidən qazandım” deyə bilsin.

Buraxılış imtahanından 300 baldan 257, qəbul imtahanından isə 400 baldan 364,2 bal toplamışam. IV qrup üzrə 6 fənn olduğu üçün həm məktəb dərsləri, həm də repetitor hazırlığı vaxt baxımından insanı yorurdu. İstədiyiniz sahəyə qarşı motivasiyanız varsa, qarşınıza qoyduğunuz məqsədi düşünərək özünüzü motivasiya edə bilərsiniz. Vaxt baxımından müəyyən çətinliklər olurdu, amma onları da həll etmək mümkündür".

Bu ilin ən gənc tələbəsi statusunu almaq bir az qəribə, bir az da uğurlu hiss etdirir:

“Babam həm təhsil işçisi, həm də riyaziyyatçıdır. Uşaqlıqdan digər uşaqlar oynamaq istəyərkən bizim evdə stolun üstündə həmişə kitab-dəftər olub. Buna görə də istər-istəməz elmə qarşı marağım yaranıb. Digər uşaqlar bizə gələndə babam onlara dərs keçirdi, mən də həvəslənib yanlarında otururdum.

Uşaqlıqdan babamla birlikdə riyaziyyat haqqında söhbət etmiş, müxtəlif məsələlər həll etmişik. Babamla riyaziyyat məsələləri həll etmək mənə bir növ hobbi kimi gəlirdi və bundan böyük zövq alırdım.

Hazırlıq zamanı dərslərlə bağlı internetdə araşdırma aparanda və ya onlayn dərslərə qoşulanda valideynlərimin telefonundan istifadə edirdim. İmtahan verdiyim gün isə dayım mənə telefon hədiyyə etdi. Həmin günə qədər şəxsi telefonum olmayıb".

Ukraynadan Rusiyaya dəhşətli hücum - 400-dən çox dron...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox