Son günlərdə ixtisas seçiminin nəticələrinin açıqlanması ilə keçid ballarında yaranan dəyişikliklər də diqqət mərkəzinə gəlib.
Xüsusilə nəticələr açıqlanmadan əvvəl rəqabətin yüksək olacağı gözlənilən III ixtisas qrupunun TC altqrupu üzrə keçid ballarının nə qədər dəyişdiyi maraq doğurur.
Bəs TC altqrupunda keçid balları hansı aralıqda artıb? I ixtisas qrupunda İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi və digər İT ixtisasları üzrə göstəricilər necə dəyişib? Tibb ixtisaslarında hansı mənzərə yaranıb?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov danışıb.

O qeyd edib ki, çox tələb görən Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarında artım təxminən 30-70 bal diapazonunda formalaşıb:
"İlkin mənzərə göstərir ki, əvvəlcədən gözlənilən rəqabət xüsusilə III qrupun TC altqrupunda özünü doğruldub. DİM-in məlumatına görə, 2026-cı ildə ali məktəblərə yerləşdirmədə 87 146 nəfər iştirak edib, 58 947 nəfər qəbul olunub.
III qrup -TC altqrupu üzrə mənzərəni belədir ki,burada artım bütün ixtisaslarda eyni deyil. Daha çox tələb görən Beynəlxalq münasibətlər və prestijli regionşünaslıq ixtisaslarında artım təxminən 30-70 bal diapazonunda formalaşıb. Xüsusilə yüksək rəqabətli ixtisaslarda artımın 50 bal və daha yuxarı olması təəccüblü deyil. Əslində, nəticələrdən əvvəlki proqnozlarda da TC altqrupunda bəzi ixtisaslar üzrə 70-90 bala qədər artım gözlənilirdi.
Burada əsas məqam odur ki, TC altqrupunda abituriyentlərin sayı ilə yanaşı, yüksək nəticə göstərənlərin sayı və seçimlər keçid ballarını ciddi şəkildə balların yuxarı olmasına gətirib çıxardı. DT altqrupunda yüksək ballı ixtisaslarda enmələr olsa da, 250-300 ballıq intervalda artımlar var".
I qrupda yüksək bal toplayan abituriyentlərin mühəndislik və İT istiqamətlərinə yönəlməsi davam edir:
"I qrupda isə mənzərə bir qədər fərqlidir. Burada xüsusilə İnformasiya təhlükəsizliyi, Kompüter elmləri və Kompüter mühəndisliyi kimi texnologiya yönümlü ixtisaslar yenə yüksək rəqabət zonasındadır. Məsələn, 2026-cı ildə BANM-də dövlət sifarişi üzrə "İnformasiya təhlükəsizliyi" - 675,9, "Kompüter elmləri" - 674,1, "Kompüter mühəndisliyi" - 658,7 bal olub.
Bu rəqəmlər göstərir ki, I qrupda yüksək bal toplayan abituriyentlərin mühəndislik və İT istiqamətlərinə yönəlməsi davam edir. Yəni burada artıq məsələ sadəcə “keçid balı qalxdı” deyil, 600+ bal toplayan abituriyentlərin hansı ixtisasları seçməsi əsas müəyyənedici faktora çevrilir. Digər tərəfdən isə Rİ altqrupu üzrə aşağı ballı ixtisaslarda balların yüksəlməsi müşahidə olunur. Bu da Rİ altqrupunda blok imtahanında 100 bal limitinin 2 ixtisas üzrə ləğv edilməsi ilə də bağlıdır.
RK altqrupunda yer alan ixtisaslarda isə demək olar ki,ballarda enmələr ciddi şəkildə olub. Hətta 200+ bal toplayan abituriyentlər asanlıqla bəzi ixtisaslar üzrə dövlət sifarişli qəbul olub.
Ümumi olaraq bildirmək olar ki,2026-cı il qəbulunda keçid ballarının artımının əsas səbəbi sadəcə plan yerləri deyil, abituriyentlərin seçim davranışıdır. TC-də beynəlxalq münasibətlər və seçilmiş regionşünaslıq proqramları, I qrupda isə İT və mühəndislik ixtisasları “yüksək bal zonası”nı qoruyub. Bu tendensiya onu göstərir ki, artıq abituriyentlər ixtisas seçərkən yalnız diplomu deyil, əmək bazarında perspektivi və gələcək gəlir imkanlarını da nəzərə alırlar".