Azedu.az

Şəhid yadigarı 38 yaşında yenidən tələbə oldu: “Mən ona söz vermişdim...”

AzEdu Təhsil Platforması

25 Avqust 2026, 14:03
Şəhid yadigarı 38 yaşında yenidən tələbə oldu: “Mən ona söz vermişdim...”

Vətən müharibəsi şəhidi Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova yarımçıq qalan ali təhsil arzusunu yenidən gerçəkləşdirib.

Belə ki, 38 yaşlı Fatimə İsmayılova bu il Odlar Yurdu Universitetinin Turizm işinin təşkili ixtisasına qəbul olub.

AzEdu.az Fatimə İsmayılova ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

“2007-ci ildə 448 balla universitetə qəbul olmuşdum. O dövr üçün bu, kifayət qədər yüksək nəticə idi. Amma həyat yoldaşımın işi ilə əlaqədar təhsilimi davam etdirə bilmədim. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi, mütəmadi olaraq təlimlərə gedirdi, Türkiyədə olurdu. Ailə vəziyyətimizə görə təhsilimi yarımçıq qoymalı oldum.

2011-ci ildə iki il ard-arda yenidən imtahan verdim.

Həmin vaxt hazırlıqsız getdiyim üçün qəbul ola bilmədim. Amma insanın daxilində oxumaq sevgisi olmalıdır. Bu sevgi varsa, insan mübarizə aparır və yenidən cəhd edir. Həyat yoldaşım da mənim təhsilimin yarımçıq qalmasına çox üzülürdü. Övladlarımız üçün həmişə ən yaxşı məktəbləri, ən yaxşı universitetləri planlaşdırırdıq. O, mənim təhsili nə qədər sevdiyimi, oxumağa necə böyük həvəs göstərdiyimi çox yaxşı bilirdi. Universitetdə təhsilimin yarımçıq qalması onu həmişə narahat edirdi.

Sonradan yenidən imtahan verdim və Odlar Yurdu Universitetinin sosial iş ixtisasına qəbul oldum. Dörd il əvvəl həmin universiteti bitirdim. Bu il isə yenidən sənədlərimi verdim və Odlar Yurdu Universitetinin Turizm işinin təşkili ixtisasına qəbul oldum. Bu dəfə yenidən tələbə olmaq mənim üçün çox fərqli və gözəl hissdir.

Övladlarımla birlikdə oxumağım, çalışmağım, onların təhsili ilə birgə hazırlaşmağımız mənə böyük stimul verir.

Qızlarımla birlikdə hazırlaşırdım. III qrup üzrə imtahan vermişdim. Ədəbiyyat və tarixdən qızlarımla oxuduğumuz mövzuların bir neçəsi imtahanda qarşıma çıxdı. Evə gələndə qızlarıma deyirdim ki, “Bir həftə bundan əvvəl səninlə oxuduğum mövzu bu gün imtahanda qarşıma çıxdı”. Mən bunları sadəcə təsadüf kimi qəbul etmirəm".

Elə bilirəm ki, Allah həmişə göstərir ki, “Mən yanınızdayam”.

"Mən Camala da söz vermişdim. Onun həmişə narahat olduğu məsələlərdən biri mənim təhsilimin yarımçıq qalması idi. Mən bunu həm onun, həm özüm, həm də övladlarım üçün etdim. Ən böyük istəyim övladlarıma mesaj verməkdir ki, dayanmaq olmaz, oxumaq, çalışmaq və özünü inkişaf etdirmək lazımdır. Necə ki, onların atası bizim üçün nümunədir, biz də nümunə olmalıyıq. Biz də dövlətimizə, xalqımıza yararlı insanlar olmalıyıq.

Son 5-6 il ərzində yalnız universitet təhsili ilə kifayətlənməmişəm. Müxtəlif kurslarda və təlimlərdə iştirak etmişəm. Universitetlə kifayətlənməmişəm, əlavə olaraq öz şəxsiyyətimi də inkişaf etdirməyə çalışmışam. Bunları yalnız işləmək üçün etməmişəm. Bu, mənim oxumaq eşqimdir. Kiminsə başqa hobbisi ola bilər, mənim hobbim isə öyrənməkdir.

Turizm ixtisasını seçməyimdə Camalın mənə öyrətdiklərinin də böyük rolu var. Düşünürəm ki, təkcə nəzəri biliklərə deyil, Camalın mənə öyrətdiklərinə də əsaslanaraq bu sahədə uğurlu ola bilərəm. O vaxt mənə öyrətdiyi bəzi şeylərin gələcəkdə mənə bu qədər kömək edəcəyini bilmirdim. İndi isə başa düşürəm ki, ondan öyrəndiklərim mənim üçün böyük bir təcrübədir.

Biz Camalla səyahət etməyi çox sevirdik. Məsələn, meşəyə gedəndə çadır qurardıq, orada yemək bişirərdik, təbiətin qoynunda vaxt keçirərdik. Bəlkə də bu seçimimdə mənəvi və duyğusal bir bağ var. Çünki o, səyahət etməyi çox sevirdi. İndi mən də övladlarım üçün hər şeyi araşdırmaq, onları ən gözəl yerlərə aparmaq və birlikdə yeni yerlər kəşf etmək istəyirəm".

Qızım bu il 11-ci sinifdədir, digər qızım isə 9-cu sinifdə oxuyur:

188365

“Hər ikisi buraxılış imtahanlarına hazırlaşır. Böyük qızım III qrup üzrə hazırlaşır və hüquq ixtisasına qəbul olmaq istəyir. Digər qızım isə I qrup üzrə hazırlaşır. Alp Arslan hələ balacadır, amma artıq öz arzusu var - pilot olmaq istəyir. Camal övladlarımıza çox gözəl nümunə olub. O, çox çətin şəraitdə çalışırdı, amma buna baxmayaraq, oxumağı çox sevirdi.

Həmişə kitab əlindən düşmürdü. Çox bilikli insan idi və həm mənim, həm də övladlarımızın ən gözəl nümunəsi idi. Qızım hazırda atasının peşəsinə çox maraq göstərir. Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətinə böyük marağı var. Amma hazırda hüquqşünas olmaq istəyir. Camal özü də əvvəl gizir olub, daha sonra Türkiyədə Xüsusi Qüvvələr üzrə təhsil almışdı.

Mən düşünürəm ki, bütün qadınlar təhsil almalıdır. Atam çox çətinliklə çalışaraq mənim təhsil almağım üçün şərait yaradıb. Mənim ona verdiyim söz var idi. Digər tərəfdən, Camalın təhsilim yarımçıq qaldığı üçün məyus olması və ona verdiyim söz də mənim üçün çox önəmli idi. Ən əsası isə içimdəki oxumaq eşqi heç vaxt bitmədi.

Qızlarım dərs oxuyanda onların yanında oluram. Özüm necə dərs çalışmışamsa, onlara da öyrətməyə çalışıram. Bəzən deyirəm ki, “Bax, bu sual imtahanda düşəcək”. Qızım da deyir ki, “Ana, heç ola bilməz”. Sonra həmin sual həqiqətən də imtahanda düşür. Düşünürəm ki, insanın daxilində oxumaq sevgisi varsa, o sevgi heç vaxt ölmür.

Mənim üçün ən vacibi övladlarıma nümunə olmaqdır. Mən həm ana, həm də ata rolundayam. Nə qədər çətinlik olsa da, geri çəkilməməliyəm. Alp Arslan dünyaya gəldikdən iki il sonra yenidən qəbul oldum və indi ikinci ali təhsilimi alıram".

Mənim üçün təhsil almağa heç vaxt gec deyil:

"İnsan hansı yaşda olursa-olsun, daxilində təhsil almaq, öyrənmək arzusu varsa, bundan imtina etməməlidir. Mən öz həyatımla bunun mümkün olduğunu göstərmək istəyirəm. Mənim anam da hazırda 60 yaşında üçüncü təhsilini alır. Mən elə gözümü açandan anamı oxuyan, öyrənən insan kimi görmüşəm. 55 yaşında ərəb və fars dillərini çox yaxşı öyrənib, bu sahədə dərs də deyir. Gənclik illərində də iki təhsil alıb. Hazırda onlayn dərslərə qoşulur, insanlara dərslər keçir. Bu da mənim üçün çox gözəl nümunə olub.

Camal şəhid olduqdan sonra anam mənimlə yaşamağa başladı. Həyat yoldaşı şəhid olduqdan sonra övlad dünyaya gətirən bir qadın kimi çox ağır bir dövr keçirdim. Amma gözümün qarşısında anamın mübarizəsi, onun mənə verdiyi dəstək və ümumilikdə ailəmin yanımda olması məni ayağa qaldırdı. Düşündüm ki, bütün bunları övladlarım üçün etməliyəm.

Ailəmizdə kitaba, elmə çox meyilli insanlar olublar. Camalla da oxumağı çox sevirdik. O, fars və ərəb dillərinə maraq göstərirdi, bunları anamdan öyrənirdi. Evdə birlikdə ingilis dili və digər dilləri də oxuyurduq. Camal elmə çox meyilli insan idi. İnsan belə bir mühitdə böyüyəndə həmin dəyərlərin hədər getməsini istəmir. İstəyir ki, onları davam etdirsin. Mən də çalışıram ki, həm anamdan, həm də Camaldan gördüyüm bu sevgini övladlarıma ötürüm. İnsan çalışanda, məncə, mütləq qazanır. Allah da insanın əməyini itirmir".

Gələcəkdə magistratura təhsili almaq istəyirəm:

188366

"Bundan sonra da dayanmayacağam. Özümü tanıyıram və bilirəm ki, mən dayanan insan deyiləm. Bütün qadınlara demək istəyirəm ki, heç vaxt arzularından vaz keçməsinlər. İnsan öz üzərində çalışdıqca, inkişaf etdikcə bunun qarşılığını mütləq görür. İşləmək, inkişaf etmək və heç vaxt imtina etməmək lazımdır.Mən düşünürəm ki, qadın istəsə, hər şeyi bacara bilər. Heç vaxt heç nəyə gec deyil. Oxumağın yaşı yoxdur. Vəziyyət necə olur-olsun, heç bir qadın öz arzusundan əl çəkməməlidir.

Mənim üçün təhsil sadəcə diplom deyil. Bu, özünü inkişaf etdirmək, övladlarına nümunə olmaq və həyata daha güclü davam etməkdir. Mən istəyirəm ki, övladlarım da daim oxusunlar, çalışsınlar və özlərinə, ailələrinə, dövlətlərinə və xalqımıza faydalı insanlar olsunlar.İnanıram ki, insanın qarşısına məqsəd qoyub onun üçün çalışması heç vaxt nəticəsiz qalmır. Ona görə də hər kəsə, xüsusilə qadınlara deyirəm: heç vaxt arzularınızdan əl çəkməyin. Oxumağın yaşı yoxdur".

Rus agentlərinə qarşı əməliyyat - Köçəryan tutuldu! ANBAAN VİDEO
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox