Azedu.az

Tələbəlik yalnız auditoriyadan ibarət deyil - Gənclər universitetdə nələr qazanmalıdır?

AzEdu Təhsil Platforması

26 Avqust 2026, 14:15
Tələbəlik yalnız auditoriyadan ibarət deyil - Gənclər universitetdə nələr qazanmalıdır?

Qəbul nəticələrinin açıqlanması ilə minlərlə gənc üçün universitet həyatının yeni mərhələsi başlayır.

Tələbəlik illərində yalnız dərslərlə kifayətlənməyərək könüllülük proqramlarına, tələbə təşkilatlarına, sosial layihələrə və universitetdaxili fəaliyyətlərə qoşulmaq gənclərə həm təcrübə qazanmaq, həm də yeni çevrə formalaşdırmaq imkanı yaradır.

Bəs universitetə yeni başlayan tələbələr hansı proqram və fəaliyyətlərə üstünlük verməlidirlər? Aktiv tələbə həyatı və sosiallaşma onların gələcək inkişafına nə qazandırır?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən fəlsəfə doktoru, Azərbaycanın Gənc Alimi, Doktorant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, akademik təhsil gənclərə fundamental bilik və bacarıqlar qazandırsa da, müasir əmək bazarının tələb etdiyi bir sıra yumşaq bacarıqlar məhz aktiv tələbə həyatı, könüllülük və sosial layihələr vasitəsilə formalaşır.

188386

Universitetə yeni başlayan tələbələr ilk növbədə tələbə təşkilatlarının fəaliyyətində iştirak etməli, könüllülük proqramlarına və müxtəlif gənclər layihələrinə qoşulmalıdırlar:

“Universitetə yeni başlayan tələbələr həm şəxsi, həm də peşəkar inkişaf baxımından ilk növbədə universitetdaxili tələbə təşkilatlarına - Tələbə Gənclər Təşkilatına, Tələbə Həmkarlar Təşkilatına, Tələbə Elmi Cəmiyyətinə qoşula bilərlər. Eyni zamanda milli və beynəlxalq könüllülük hərəkatlarına, Erasmus+ mübadilə proqramlarına, müxtəlif gənclər təşkilatlarının fəaliyyətinə və sosial sahibkarlıq layihələrinə, startaplara üstünlük vermələrini tövsiyə edirəm.

Bütövlükdə bu fəaliyyətlər tələbələrə idarəetmə mexanizmlərini, mikro-menecmenti və elmi tədqiqat metodologiyasını erkən yaşlardan öyrənmək imkanı verir. Eyni zamanda onların sosiallaşması və şəbəkələşməsi üçün geniş imkanlar yaradır, gəncləri aktiv ictimai həyata hazırlayır.

Bir daha qeyd etmək istəyirəm ki, bu fəaliyyətlər tələbələrə yumşaq və praktiki bacarıqlar qazandırır, onları gələcəkdə cəmiyyət üçün aktiv və faydalı fərdlərə çevirir.

Sosiallaşma prosesi tələbənin fərdi kapitalını sosial kapitala çevirən ən mühüm katalizatorlardan biridir. Aktiv tələbə həyatı şəbəkələşməni təmin edir ki, bu da gələcəkdə iş imkanları və peşəkar referanslar üçün zəmin yaradır. Eyni zamanda layihələrdə iştirak, zamanın düzgün idarə olunması və müxtəlif çətinliklərlə qarşılaşmaq tələbələrdə emosional intellekt və psixoloji dayanıqlılığın formalaşmasına kömək edir.

İş təcrübəsi olmayan məzunun CV-sində könüllülük fəaliyyətinin yer alması işəgötürənlər üçün onun motivasiyasını və sosial aktivliyini göstərən mühüm indikatorlardan birinə çevrilir. Uzun illərdir gənclər sektorunda çalışan bir şəxs olaraq, tələbələrin bilik və bacarıqlarına uyğun fəaliyyətlərdə iştirakının onların gələcək həyatında nə qədər mühüm rol oynadığını birbaşa görmüşəm. Həmin gənclərin gələcək həyata hazırlanmasında iştirak etdiyim üçün bu mövzu mənə kifayət qədər yaxındır.

Düşünürəm ki, tələbələr akademik uğurla sosial aktivlik arasında qızıl balansı qorumalıdırlar. Çünki akademik bilik insanı mütəxəssis etdiyi halda, sosial mühit və sosial ekosistem həmin mütəxəssisin gələcəyin liderinə çevrilməsinə imkan yaradır.

Bu baxımdan gənclərin aktiv ictimai və könüllülük fəaliyyətində iştirakı onların həm şəxsi, həm də peşəkar inkişafı, eyni zamanda liderlik xüsusiyyətlərinin formalaşması baxımından olduqca faydalıdır”.

Fidan Şahkərəmova

Putin Köçəryana görə Paşinyana zəng etməsin! - İrəvandan ULTİMATUM
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox