İlkin qəbul nəticələrinə əsasən, 2026/2027-ci tədris ili üzrə Bakı Mühəndislik Universitetinə (BMU) ayrılmış qəbul planının 98,3 faizi dolub. Son illərdə qeydə alınan yüksək qəbul göstəriciləri və yüksək balla qəbul olunan tələbələrin sayındakı artım dinamikası BMU-ya olan marağın davamlı xarakter daşıdığını, universitetdə həyata keçirilən yeniliklərin, təqdim edilən ixtisas və təhsil imkanlarının abituriyentlər tərəfindən fəal şəkildə seçildiyini göstərir.
BMU-dan AzEdu.az-a bildirlib ki, cari tədris ili üzrə qəbul planında ixtisasların sayı 39-dan 41-ə çatdırılıb və yeni ixtisaslar qəbul planına daxil edilib. Tədris olunacaq ixtisaslar üzrə ümumilikdə 2929 plan yeri ayrılıb ki, bu da ötən illə müqayisədə 344 yer artımı deməkdir. Bununla yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Çin və Cənubi Koreyanın aparıcı universitetləri ilə həyata keçirilən ikili diplom proqramları üzrə qəbul imkanları da genişləndirilib.
Qəbul nəticələri BMU-nun müasir təhsil infrastrukturu, zəngin laboratoriya imkanları, geniş və əmək bazarının tələblərinə uyğun ixtisas portfeli, beynəlxalq tərəfdaşlıqları, eləcə də müasir iqtisadiyyatın və texnologiyaların inkişaf dinamikasına uyğun kadr hazırlığı potensialının abituriyentlər üçün cəlbediciliyini nümayiş etdirir. Eyni zamanda, əldə olunan nəticələr BMU-nun mühəndislik və digər prioritet istiqamətlər üzrə yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən, müasir təhsil yanaşmalarını və beynəlxalq təcrübəni tədris prosesinə inteqrasiya edən aparıcı gənc ali təhsil müəssisələrindən biri kimi mövqeyini daha da möhkəmləndirdiyini təsdiqləyir.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatı my.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Qeydiyyat avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək davam edəcək.
Qeydiyyat prosesi ilə bağlı əlavə sualları yaranan şəxslər BMU-nun Qeydiyyat Komissiyası ilə həftənin I-V günləri, saat 10:00-dan 17:00-dək əlaqə saxlaya bilərlər:
Tel.: 050-657-94-55
Tel.: 012-349-99-66 (daxili 1113)