12 iyul tarixində I və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci cəhdi keçiriləcək. Bu qruplarda imtahan verəcək abituriyentlər üçün əsas fənlərdən biri də kimyadır.
Maraqlıdır,abituriyentlər kimya fənni üzrə imtahanda ən çox hansı səhvlərə yol verirlər?
AzEdu.az-a mövzu ilə bağlı "Örnək müəllim", kimya müəllimi Zamin Allahverdiyev danışıb.

Zamin müəllim 12 iyul tarixində keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər üçün kimya fənni ilə bağlı əsas tövsiyələrini bölüşüb:
"Müşahidələr göstərir ki, abituriyentlərin ən çox yol verdiyi səhvlərdən biri diqqəti həddindən artıq çətin suallara yönəltmələridir. Onlar bəzən mürəkkəb sualları həll etməyə daha çox vaxt sərf edir, nisbətən asan görünən suallara isə kifayət qədər diqqət ayırmırlar. Nəticədə sadə diqqətsizlikdən yaranan səhvlər ümumi nəticəyə ciddi təsir göstərir. Halbuki qəbul imtahanında hər bir sual əhəmiyyətlidir. Buna görə də hər suala eyni məsuliyyətlə yanaşmaq vacibdir.
Son illərdə situasiya tipli və yazılı cavab tələb olunan suallar tətbiq olunur. Bu tip tapşırıqlarda abituriyentlər tələskənlik edib mətni tam oxumadan sualları cavablandırmağa çalışırlar. Halbuki bir situasiya mətni əsasında verilən 3 sual bir-biri ilə əlaqəli olur və mətndəki hər bir detalın düzgün başa düşülməsi düzgün cavab üçün həlledici əhəmiyyət daşıyır. Tövsiyəm odur ki, əvvəlcə mətn diqqətlə oxunmalı, məzmun tam dərk edilməli, yalnız bundan sonra sualların həllinə başlanmalıdır.
Digər diqqət çəkən məqamlardan biri qrafiklərin qurulması və təhlili ilə bağlı suallardır. Bir çox abituriyent qrafik çəkməkdə və ya qrafikdən düzgün nəticə çıxarmaqda çətinlik yaşayır. Bu bacarıq yalnız nəzəri biliklə deyil, müntəzəm praktiki məşqlə formalaşır. Ona görə də hazırlıq prosesində qrafiklərlə bağlı tapşırıqlara xüsusi yer verilməsi məqsədəuyğundur".
Birinci cəhd göstərdi ki, səhvlərin əksəriyyəti bilikdən yox, diqqətsizlikdən qaynaqlanır:
""Hansı mövzuya daha çox diqqət yetirmək lazımdır?", sualına isə konkret bir mövzu göstərməyi düzgün hesab etmirəm. Dövlət İmtahan Mərkəzinin proqramına daxil olan bütün mövzular imtahanda yoxlanıla bilər. Buna görə də uğurlu nəticə əldə etmək istəyən abituriyent proqramı bütöv şəkildə mənimsəməli, mövzular arasında əlaqələri başa düşməli və hər bölmə üzrə kifayət qədər məşq etməlidir.
Birinci cəhdin nəticələrinə əsasən demək olar ki, səhvlərin əksəriyyəti bilik çatışmazlığından daha çox diqqətsizlik, tələskənlik və sualı tam oxumamaqdan irəli gəlirdi. İkinci cəhdə hazırlaşan abituriyentlərə tövsiyəm odur ki, vaxt bölgüsünü düzgün qursunlar, hər sualı diqqətlə oxusunlar, cavab variantlarını tələsmədən analiz etsinlər və xüsusilə sadə görünən suallarda diqqəti itirməsinlər.
Ümumilikdə hesab edirəm ki, bu ilin birinci qəbul imtahanında kimya fənni üzrə suallar balanslı və keyfiyyətli hazırlanmışdı. Suallar həddindən artıq nəzəri xarakter daşımırdı, daha çox məntiqi düşünmə, tətbiqetmə və analiz bacarığını yoxlayırdı. Ümid edirəm ki, ikinci cəhd imtahanında da bu yanaşma qorunacaq və abituriyentlər biliklərini obyektiv şəkildə nümayiş etdirmək imkanı əldə edəcəklər".