Məlum olduğu kimi, ixtisas seçiminə olduqca az bir vaxt qalıb. Bu günlərdə valideynlər və abituriyentlər həm universitetlər, həm də ixtisaslarla bağlı axtarışda olurlar. Ancaq bir çox hallarda şahid oluruq ki, valideynlər əmək bazarından tam xəbərdar olmadan ixtisas seçimi barədə qərar verirlər.
Kimisi övladı üçün illərdir xəyalını qurduğu ixtisası seçmək istəyir, halbuki övladının o ixtisasda oxuya biləcəyini və ya bunun onun ürəyincə olub-olmadığını nəzərə almır. Yaxud da özlərinin doğru bildiyi bir çox yanlışlara əsaslanıb addım atırlar.
AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb.

O qeyd edib ki, universitetlərdə bəzi tələbələr dərslərini ümumiyyətlə oxumurlar:
“Artıq imtahanlar yekunlaşır və qarşıda ixtisas seçimi mərhələsi bizi gözləyir. Bu dövr həm abituriyentlər, həm də valideynlər üçün ən həssas mərhələlərdən biridir. Burada balın az və ya çox toplanmasından asılı olmayaraq, hər kəs həyəcan keçirir. Çünki hər kəs istədiyi ixtisasa ödənişsiz qəbul olunmağı və ya yaxşı bir universitetdə təhsil almağı arzulayır.
Eyni zamanda, onları düşündürən məsələlərdən biri də budur ki, seçəcəkləri ixtisas üzrə gələcəkdə iş tapa biləcəklərmi, həmin universitetdə təhsil almaq onlar üçün rahat olacaqmı, yoxsa çətinlik yaradacaqmı. Bununla bağlı bizə də çoxlu suallar ünvanlanır.
Bu mərhələdə xüsusilə diqqətli olmaq lazımdır. Bəzən elə reklamlar və aldadıcı məlumatlarla rastlaşırıq ki, “biz 100 faiz zəmanət veririk, bu ixtisasa qəbul olacaqsınız”, “filan universitetə düşəcəksiniz” və sair. İlk növbədə, belə vədlərə aldanmaq olmaz. Mütləq şəkildə araşdırma aparmaq lazımdır. Eyni zamanda, xüsusilə bu sahədə təcrübəsi olan ekspertlərlə məsləhətləşmək tövsiyə olunur.
Mən bir mütəxəssis kimi mütəmadi olaraq müşahidə edirəm ki, bəzi universitetlərdə tələbələr ümumiyyətlə dərslərinə maraq göstərmirlər. Səbəbini soruşduqda isə deyirlər: “Biz bu ixtisası oxumaq istəmirik. Bu ixtisas haqqında əvvəlcədən ümumiyyətlə məlumatımız yox idi, belə olduğunu bilmirdik”. Məhz buna görə də maraqsız olurlar, bəzən isə təhsillərini yarımçıq qoyaraq ya xaricə gedirlər, ya da yenidən qəbul imtahanlarına hazırlaşırlar.
Buna görə də birmənalı şəkildə diqqət etmək lazımdır ki, valideynlər övladlarına həm məsləhət versinlər, həm də tövsiyələrini birtərəfli şəkildə deyil, onlarla məsləhətləşərək bildirsinlər. Mən özüm ixtisas seçimi apararkən mütləq şəkildə şagirdlərin, abituriyentlərin fikirlərini öyrənir, onların xarakterini və psixoloji durumunu nəzərə alıram ki, hansı universitetdə oxumaqlarının onlar üçün daha rahat olacağını, eyni zamanda gələcəkdə əmək bazarına qoşulmalarının və iş tapmalarının daha əlverişli olacağını müəyyənləşdirə bilim".