Azedu.az

Şişirdilən qiymətlərə görə müəllimlərə cəza tətbiq olunsun - TƏKLİF

İmtahanlar və qəbul məsələləri

29 İyun 2026, 13:15
Şişirdilən qiymətlərə görə müəllimlərə cəza tətbiq olunsun - TƏKLİF

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev qiymətləndirmə sistemində əsaslı dəyişikliklərə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, bu günlərdə “Abituriyent” jurnalının 12-ci sayı da işıq üzü görüb. Jurnalda dərc olunan elmi-statistik məlumatlara əsasən, ötən il məktəbi əla qiymətlərlə bitirən 513 şagird qəbul imtahanında 0-200 bal aralığında nəticə göstərib. Bu fakt cəmiyyətdə məktəblərdə aparılan qiymətləndirmənin obyektivliyi ilə bağlı geniş müzakirələrə səbəb olub.

Bəs, elm və təhsil nazirinin də vurğuladığı kimi, mövcud qiymətləndirmə sistemində hansı dəyişikliklər edilməlidir? Hazırda ən böyük problem hansı qiymətləndirmə yanaşmasıdır?

AEdu.az-a mövzu ilə bağlı açıqlama verən "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, Azərbaycan dili və ədəbiyyatı müəllimi Əlihüseyn Yaqubov bildirib ki, bəzən təhsilli insanları belə şişirdilmiş qiymətlərin şagirdin gələcəyinə heç bir fayda vermədiyinə inandırmaq mümkün olmur.

“Bu məsələ daim aktuallığını qoruyan mövzulardandır. Əvvəllər bəzi hallarda müəllimlər yaxınlarının, yaxud vəzifəli şəxslərin övladlarına yüksək qiymətlər verirdilər. Artıq həmin dövr geridə qalıb və müəllimlər daha obyektiv qiymətləndirməyə çalışırlar.

Bununla belə, qiymətləndirmə ilə bağlı müəyyən problemlər hələ də qalmaqdadır. Dövlət İmtahan Mərkəzinin açıqladığı statistika da bunu təsdiqləyir.

Bu halların qarşısını almaq üçün müəllimlər ilk növbədə hesabatlı olmalıdırlar. Hazırda Elm və Təhsil Nazirliyi və regional təhsil idarələri tərəfindən buraxılış imtahanlarının nəticələri məktəblər və müəllimlər üzrə ayrıca təhlil edilir, müəllimlərlə profilaktik söhbətlər aparılır ki, gələcəkdə belə halların qarşısı alınsın.

Buna baxmayaraq, zaman-zaman yenə də bu cür hallarla rastlaşırıq. Hətta bəzi nadir hallarda təhsilli insanları belə inandıra bilmirik ki, şişirdilmiş qiymətlərin şagirdin həyatında heç bir rolu yoxdur".

Şişirdilmiş qiymətlər verən müəllimlərə cəza tədbirləri tətbiq olunmalıdır:

“Yanlış qiymətləndirmə bəzən insanların həyatına mənfi təsir göstərir. Xüsusilə təhsil səviyyəsi aşağı olan ailələrdə valideyn övladına verilən yüksək qiymətə arxayın olur, şagird də komfort zonasından çıxmaq istəmir və həmin qiymətin onun real biliyini əks etdirdiyini düşünür. Vaxt keçdikcə isə məlum olur ki, müəllim obyektiv qiymətləndirməyib və şagird gözlənilən nəticəni əldə edə bilmir.

Buna görə də hesab edirəm ki, mövcud hesabatlılıq mexanizmi daha da gücləndirilməlidir. Əgər müəllim sistemli şəkildə şişirdilmiş qiymətlər veribsə, bununla bağlı müvafiq cəza tədbirləri tətbiq olunmalıdır.

Ümumilikdə isə məqsədimiz qiymətləndirmə prosesinin daha şəffaf olmasına nail olmaqdır. Məsələn, bu il məktəbimizdə 12 şagird yay tapşırığına saxlanılıb. Artıq həm müəllimlər, həm də valideynlər anlayırlar ki, yüksək qiymət yalnız ciddi zəhmətin nəticəsində əldə olunmalıdır.

Bundan əlavə, dərs ilinin əvvəlində müəllimlərə məlumat veririk ki, buraxılış və qəbul imtahanlarının nəticələri onların gündəlik, kiçik summativ, böyük summativ və illik qiymətləndirmələri ilə müqayisə ediləcək. Bu da müəllimləri daha obyektiv qiymətləndirməyə sövq edir".

Qoşunlar hazır vəziyyətə gətirildi - Türk dövlətləri savaşa girir?
Son xəbərlərDaha çox