"Müəllim, həqiqətən də, məktəbdə elə dərs keçməlidir ki, şagird sonradan onun yanına repetitor kimi getməyə ehtiyac duymasın. Bu, artıq yanaşma məsələsidir. Əgər müəllim dərs deyir, amma valideyn həmin dərsdən razı qalmır və övladını başqa müəllimin yanına göndərmək istəyirsə, bu, artıq başqa mövzudur.
Həmçinin nazir qeyd edib ki, repetitorluğu qadağan etmək olarmı? Nəzəri olaraq mümkündür. Amma praktikada bunu necə həyata keçirəcəksiniz? Məncə, bu, icrası mümkün olmayan qərardır. Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından müsbət nəticə verəcəyinə inanmıram".
Bu fikirləri ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı səsləndirib.
Maraqlıdır, şagirdin əlavə hazırlığa ehtiyac duymaması üçün məktəbdə hansı dəyişikliklərə ehtiyac var? Müəllimin dərs zamanı bütün şagirdlərin mənimsəmə səviyyəsinə çatması nə dərəcədə real hədəfdir?Repetitorluq qadağan olunmasa da, ona olan tələbatın azalması üçün hansı addımlar atılmalıdır?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bugünkü resursların heç biri repetitorluğu aradan qaldırmaq üçün yetərli deyil.
Bugünkü resursların heç biri repetitorluğu aradan qaldırmaq üçün kifayət etmir:
"Ümumiyyətlə, repetitorluq bu gün dünyanın hər yerində mövcuddur. Sadəcə, Azərbaycanda bu, artıq bir növ dəbə çevrilib. Təsəvvür edin ki, artıq ibtidai sinif şagirdləri belə repetitor yanına göndərilir. Mən hesab edirəm ki, bu məsələnin həllini yalnız Dövlət İmtahan Mərkəzinin qəbul modelini sadələşdirməsindən sonra görə biləcəyik. Çünki bugünkü resursların heç biri repetitorluğu aradan qaldırmaq üçün kifayət etmir.
Hərçənd Elm və Təhsil Nazirliyinin artıq bir neçə ildir pilot layihə kimi həyata keçirdiyi bir təşəbbüs var. Müsbət nəticələr əldə olunduğuna görə bu ildən həmin layihə daha çox məktəbdə tətbiq ediləcək. Böyük şəhərlərdə, o cümlədən Bakıda təmayüllü siniflərin sayının artırılması repetitorluğun qarşısının qismən alınmasına müəyyən töhfə verə bilər".
Repetitorluq hələ uzun müddət abituriyentlər arasında öz aktuallığını qoruyacaq:
"Bu, problemi tam həll edəcəkmi? Məncə, yox. Çünki repetitorluq artıq Azərbaycanda bir növ vərdişə çevrilib. Demək olar ki, hər bir valideyn övladı üçün mütləq repetitor axtarır və ixtisaslar üzrə müəllim seçməyə çalışır ki, bu problemi həll etsin.
Amma bugünkü mənzərə nəyi göstərir? Bu ilin qəbul nəticələri fonunda repetitorlar və hazırlıq kursları daha çox tənqid hədəfinə çevrilib. Çünki artıq orada da müəyyən kombinasiyalar qurulmağa başlanılıb. Məsələn, bəzi kurs rəhbərləri və repetitorlar sadə suallar vasitəsilə hazırladıqları şagirdlərin yüksək nəticə göstərdiyini nümayiş etdirməyə çalışırlar. Bununla da valideynlərdə belə bir fikir formalaşdırırlar ki, guya uğurun əsas səbəbi onların hazırlığıdır. Halbuki Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələr göstərdi ki, vəziyyət heç də belə deyil. Məhz buna görə də bu gün repetitorlar daha çox tənqid olunur.
Elm və təhsil nazirinin də dediyi kimi, müəllim dərsdə öz işini görmür, sonra isə şagirdi repetitor kimi yanına çağırırsa, bu, vicdansız yanaşmadır. Mən də bu fikirlə razıyam. Hesab edirəm ki, repetitorluğun qarşısının alınması istiqamətində müəyyən mexanizmlər üzərində iş aparılır. Lakin bunlar hələlik kifayət etməyəcək. Repetitorluq hələ bir müddət də Azərbaycanda, xüsusilə abituriyentlər arasında, bu asılılığı qoruyub saxlayacaq".