Azedu.az

Abituriyentlər üçün təhlükə SİQNALI: “Kəsilmə ehtimalları çoxdur”

İmtahanlar və qəbul məsələləri

25 İyun 2026, 14:12
Abituriyentlər üçün təhlükə SİQNALI: “Kəsilmə ehtimalları çoxdur”

“Müsabiqə şərtlərini ödəməyən abituriyentlər arasında kənarda qalanların sayı kifayət qədər çox olacaq”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

181204
 

“Nəticələrə əsasən, maksimal bal toplayanlar arasında I ixtisas qrupu üzrə 700 bal toplayan bir nəfər oldu. IV ixtisas qrupunda isə 700 bal qeydə alınmadı. Ümumilikdə demək olar ki, I və IV ixtisas qruplarında, xüsusilə kimya fənni üzrə sualların nisbətən daha rahat olması abituriyentlərin yüksək nəticə göstərməsinə, eləcə də I qrup üzrə 700 balın qeydə alınmasına müəyyən təsir göstərdi.

Hesab edirəm ki, xüsusilə IV ixtisas qrupunda tibb ixtisasları üzrə vəziyyət bir qədər gərgin ola bilər. Eyni zamanda, I ixtisas qrupunda blok imtahanında 100 bal həddini keçə bilməyən abituriyentlər üçün də müsabiqənin kifayət qədər çətin keçəcəyi gözlənilir. Yəni müsabiqə şərtlərini tam ödəyə bilməyən abituriyentlər arasında kənarda qalanların sayının çox olması ehtimal edilir”.

Plan yerləri azalarsa, keçid balları artacaq:

“Ümumilikdə kompüter yönümlü ixtisaslarda plan yerlərinin artırılması ehtimal olunur. Eyni zamanda, cənab nazirin də qeyd etdiyi kimi, Bakı şəhərində bəzi ixtisaslar üzrə plan yerlərində məhdudlaşdırma tətbiq edilərsə, bu, paytaxtdakı ali təhsil müəssisələrinin keçid ballarına birbaşa təsir göstərəcək. Çünki plan yerləri azaldıqda, keçid ballarının artması qaçılmazdır.

Burada dövlət sifarişi ilə ayrılan yerlərin də mühüm rolu var. Hazırda dövlət sifarişi əsasında nə qədər plan yerinin ayrılacağı hələ məlum deyil. Ötən il ümumi olaraq təxminən 60 min plan yeri ayrılmışdı.

Məleykə Abbaszadənin də qeyd etdiyi kimi, plan yerlərinin sayında ötən illə müqayisədə ciddi fərq müşahidə olunmur. Bu isə onu göstərir ki, əgər ümumi plan yerləri eyni qalarsa və regionlarda yerlərin artırılması həyata keçirilərsə, Bakıda keçid ballarının yüksəlməsi, regionlarda isə nisbətən azalması ehtimal oluna bilər. Nazirin də bildirdiyi kimi, məqsəd mərhələli şəkildə regionlarda plan yerlərini artırmaq, Bakıda isə bəzi ixtisaslar üzrə sayları azaltmaqdır”.

Tələbat yüksək olan ixtisaslarda ciddi rəqabət gözlənilir:

“Bütün bunlar hazırda ehtimal xarakteri daşıyır. Çünki ikinci cəhd blok imtahanı hələ keçirilməyib və sualların səviyyəsi məlum deyil. Eyni zamanda, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi statistika da açıqlanmayıb.

Statistik məlumatlar və plan yerləri dəqiqləşdikdən sonra vəziyyəti daha obyektiv qiymətləndirmək mümkün olacaq. Hazırda isə yalnız ilkin ehtimallardan danışa bilərik.

IV ixtisas qrupunda, xüsusilə tibb sahəsində rəqabətin çox ciddi keçəcəyi gözlənilir. I ixtisas qrupunda isə kompüter yönümlü ixtisaslarda yüksək tələbat səbəbindən ciddi müsabiqə formalaşa bilər”.

Rusiyaya yenə dağıdıcı hücumlar başladı! - Zelenski xəbərdarlıq etdi
Son xəbərlərDaha çox