Azedu.az

27 illik təcrübə, 57 bal nəticə: “Sertifikasiyaya ciddi hazırlaşmışdım”

Sertifikasiya

18 İyun 2026, 11:55
27 illik təcrübə, 57 bal nəticə: “Sertifikasiyaya ciddi hazırlaşmışdım”

“Bu imtahan müəllimləri yenidən oxumağa sövq edir"

Bakı şəhəri 8 nömrəli tam orta məktəbin musiqi müəllimi Yeganə Əhmədova sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşüb.

27 illik pedaqoji fəaliyyətə malik olduğunu bildirən müəllim imtahanda 57 bal topladığını deyib. O qeyd edib ki, sertifikasiyaya ciddi şəkildə hazırlaşıb və hazırlıq prosesinə ötən ildən başlayıb.

“Keçən yaydan bu günə qədər hazırlaşmışam. Hətta bu səhərə qədər oxumuşam. Evdə bütün konspektlərimi yenidən gözdən keçirmişəm, bəzi materialları yenidən öz əlimlə yazmışam. Səhər də oxudum, yolda da təkrarladım”,-  deyə Y.Əhmədova bildirib.

Müəllimin sözlərinə görə, suallar tam asan olmasa da, ixtisasını yaxşı bilən müəllimlər üçün cavablandırılması mümkün idi.

“Suallar asan deyildi, amma bilən üçün asan idi. Mənim üçün də düşündürücü olan suallar oldu. Üç suala tam əmin deyildim. Bununla belə, hiss olunurdu ki, suallar müəllimin bilik səviyyəsini qiymətləndirmək üçün hazırlanıb”,-  deyə o qeyd edib.

Y.Əhmədova sertifikatlaşdırma prosesinin müəllimlərin peşəkar inkişafı baxımından vacib olduğunu vurğulayıb.

“Məncə, bu imtahan müəllimləri hərəkətə gətirən bir vasitədir. İnsan oxuduqca bilmədiyi və ya unutduğu məqamları yenidən xatırlayır. Bu baxımdan sertifikasiya çox faydalıdır”, - deyə müəllim bildirib.

O, əlavə edib ki, sertifikatlaşdırma yalnız əməkhaqqının artırılması baxımından deyil, müəllimlərin biliklərini yeniləməsi və öz üzərində işləməsi üçün də mühüm əhəmiyyət daşıyır.

“Bu proses hər bir müəllimin özünü inkişaf etdirməsinə kömək edir. Oxumağı unutmuş insanlar yenidən kitaba qayıdır, biliklərini təzələyirlər. Mən bunu sertifikasiyanın ən böyük üstünlüklərindən biri hesab edirəm”, - deyə Yeganə Əhmədova vurğulayıb.

Moskvaya dəhşətli hücum - Azərbaycanlıların ticarət mərkəzi YANIR!
Son xəbərlərDaha çox