“İmtahan müəllimlərin özünü inkişaf etdirməsi üçün yaxşı stimul yaradır"
Bakı şəhəri 49 nömrəli İntellekt məktəb-liseyinin musiqi müəllimi Səbinə Məmmədova sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşüb.
O bildirib ki, imtahanda 56 bal toplayıb və nəticəsindən ümumilikdə razıdır:
“Düzdür, həyəcan var idi, amma həyəcanımıza müəyyən qədər qalib gələ bildik. Düşünürəm ki, nəticəm bundan da yüksək ola bilərdi. Bununla belə, əlimdən gələni etdim”.
Müəllimin sözlərinə görə, imtahan prosesi şəffaf şəkildə təşkil olunub və hər hansı texniki və ya təşkilati problem yaşanmayıb.
“İmtahanda müxtəlif səviyyələrdə suallar var idi. Suallara bir neçə dəfə baxdım, cavablarımı yoxladım və əlavə dəyişiklik etməyə ehtiyac görmədikdən sonra imtahanı təsdiqlədim”, - deyə o qeyd edib.
İlk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunan musiqi müəllimlərinin peşəkar inkişafı baxımından bu qiymətləndirmənin əhəmiyyətindən danışan S.Məmmədova bildirib ki, imtahan müəllimləri daim öz üzərində işləməyə təşviq edir:
“Düşünürəm ki, müəllimlərin özünü daha da inkişaf etdirməsi üçün bu imtahanın müsbət rolu var. Bizim müəllimlərimiz savadlı müəllimlərdir və inanıram ki, onların hər biri bu prosesdən uğurla keçəcək”.
Müəllim sertifikatlaşdırmanın əməkhaqqına təsirini də müsbət qiymətləndirib:
“Müəllimlərin maaşlarının artırılması onların rifahı üçün çox vacibdir. Bu baxımdan sertifikatlaşdırma həm də müəllimlər üçün əlavə stimul yaradır”.
O qeyd edib ki, hazırlıq müddətində mövzuları təkrarladıqca bəzi boşluqlar üzə çıxıb və həmin çatışmazlıqları aradan qaldırmaq mümkün olub.