Azedu.az

Musiqi müəllimindən sertifikasiyada yüksək NƏTİCƏ - "Gözlədiyimdən asan idi"

Sertifikasiya

18 İyun 2026, 11:12
Musiqi müəllimindən sertifikasiyada yüksək NƏTİCƏ - "Gözlədiyimdən asan idi"

2026-cı ildə ilk dəfə sertifikasiya prosesinə cəlb olunan musiqi müəllimləri arasında Bakı şəhəri Nərimanov rayonu 177 nömrəli tam orta məktəbin musiqi müəllimi Ayşən Əhmədli də yer alıb.

O, imtahandan sonra AzEdu.az-a təəssüratlarını bölüşərək bildirib ki, suallar müxtəlif çətinlik səviyyələrini əhatə etsə də, hazırlıqlı müəllimlər üçün ciddi çətinlik yaratmayıb.

“Suallar arasında çətin olanlar da var idi, lakin ümumilikdə oxuyan, məlumatlı olan şəxslər üçün elə də çətin deyildi. Mən hətta daha çətin imtahana hazırlaşmışdım. Gözlədiyimdən daha asan oldu”, - deyə müəllim qeyd edib.

Dörd ildir pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirən A.Əhmədli imtahanda 55 bal topladığını və nəticəsindən razı qaldığını vurğulayıb.

Müəllim sertifikatlaşdırma prosesinin peşəkar inkişaf baxımından əhəmiyyətini də vurğulayıb:

“Əlbəttə, bunun çox mühüm rolu var. Düşünürəm ki, belə qiymətləndirmə lazımdır. Fənnini bilən müəllim üçün imtahan qorxuducu olmamalıdır”.

A.Əhmədli daha əvvəl, 2022-ci ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında da uğurla iştirak etdiyini bildirib. O, həmin imtahanda 100 ballıq sistem üzrə 89,25 bal topladığını xatırladaraq, sertifikasiya imtahanının da onun üçün uğurlu nəticələndiyini qeyd edib.

Moskvaya dəhşətli hücum - Azərbaycanlıların ticarət mərkəzi YANIR!
Son xəbərlərDaha çox