Azedu.az

“Hər şeydən uzaqlaşıb, dərs oxumaq düzgün deyil” - Respublika üzrə ən yüksək bal

İmtahanlar və qəbul məsələləri

17 İyun 2026, 21:56
“Hər şeydən uzaqlaşıb, dərs oxumaq düzgün deyil” - Respublika üzrə ən yüksək bal

24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub.

Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızıdır. 

AzEdu.az bu münasibətlə Fidanla əlaqə saxlayaraq təsuratlarını öyrənib. 

Fidan hüquqşünaslıq ixtisası üzrə təhsil almağı düşünür:

"Hər kəs kimi imtahan öncəsi mənim də həyəcanım var idi. Amma ümumi hesablamalarıma görə yüksək bal gözləyirdim. İstədiyim nəticəni əldə edəndə təbii ki, çox sevindim və bu sevincli xəbəri ilk olaraq anamla paylaşdım.

Mən doqquzuncu sinfə qədər heç bir hazırlığa getməmişəm. Doqquzuncu sinifdən sonra isə lazım olan fənlər üzrə hazırlıqlara başladım. Buraxılış imtahanı mənim üçün blok imtahanına nisbətən daha həyəcanlı keçdi. Çünki buraxılışda vaxt azlığı insanı istər-istəməz stressə salır və vaxt həqiqətən yetmir. Blok imtahanında isə vaxtımız daha çox olduğu üçün daha yaxşı hazırlaşmışdım və demək olar ki, mənim üçün rahat keçdi. Hazırlıq müddətində gün ərzində demək olar ki, bütün vaxtımı dərslərimə ayırırdım, çünki ancaq çatdırırdım".

Uğurun açarı hər şeyi lazımı qədər, dozasında işlətməkdir:

"Gələcəkdə hüquqşünaslıq ixtisası üzrə təhsil almağı düşünürəm. İmtahandan əvvəl də hədəfim bu idi, balım çıxandan sonra isə qərarım daha da dəqiqləşdi. Universitet seçiminə gəldikdə isə hələ tam qərar verməmişəm, yəqin ki, kodlaşdırma zamanı məsləhətləşib bir qərara gələcəyik.

Bir çoxlarının fikrincə, yüksək nəticənin sirri sosial şəbəkələrdən və telefondan tamamilə uzaq durmaqdır. Mən belə deməzdim. Məncə, uğurun açarı hər şeyi lazımı qədər, dozasında işlətməkdir.

Son olaraq abituriyentlərə demək istəyirəm ki, xüsusilə buraxılış imtahanından sonra çox adam ruhdan düşür. Bəlkə də az bal topladıqları üçün belə edirlər, amma ruhdan düşməyə heç bir ehtiyac yoxdur. Mənim buraxılış imtahanında nisbətən az nəticə göstərib, blok imtahanında çox yaxşı nəticə əldə edən tanışlarım var. Ona görə də əsla və əsla ruhdan düşmək olmaz".

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox