24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticə olan 400 balı 3 nəfər toplayıb.
Onlardan biri də İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızıdır.
AzEdu.az bu münasibətlə Fidanla həmsöhbət olub.
O bildirib ki, imtahan onun üçün yaxşı keçsə də, blok imtahanından 400 tam bal gözləməyib:
“Buraxılış imtahanında 285,2 bal toplamışdım. 24 mayda baş tutan blok imtahanının birinci cəhdində isə 400 tam bal toplamağa nail oldum.
Açığı, imtahan mənim üçün yaxşı keçsə də, blok imtahanından 400 tam bal gözləmirdim. Haradasa 390-dan yuxarı nəticə gözləyirdim. Çünki situasiya və açıq tipli suallarda bal itirə biləcəyimi düşünürdüm. Buna görə də bir qədər narahat idim. Amma bütün suallarıma tam bal veriblər.
Nəticələr açıqlananda tam bal topladığımı görəndə çox həyəcanlandım, şok oldum. Bu sevinci ilk olaraq bacımla bölüşdüm və birlikdə sevindik.
Gələcəkdə hüquq ixtisası üzrə təhsil almaq və Dövlət İdarəçilik Akademiyasına qəbul olmaq istəyirəm.
Blok imtahanının ikinci cəhdinə qeydiyyatdan keçməmişəm. Çünki bu nəticənin mənim üçün tamamilə qaneedici olduğunu əvvəldən bilirdim.
Hazırlıq dövründə dərslərdən qayıtdıqdan sonra hər gün əlavə olaraq 5-6 saat dərslərimlə məşğul olurdum. Mənim fikrimcə, uğurun sirri kəmiyyətcə çox deyil, keyfiyyətli çalışmaqdır. Əsas olan dərsə çox vaxt ayırmaq yox, həmin vaxtı səmərəli və keyfiyyətli dəyərləndirməkdir”.