Azedu.az

TC altqrupuna maraq artıb - “Keçid ballarına təsir edəcək”

İmtahanlar və qəbul məsələləri

10 İyun 2026, 12:35
TC altqrupuna maraq artıb - “Keçid ballarına təsir edəcək”

İyunun 7-də III ixtisas qrupunun TC altqrupu üzrə coğrafiya fənnindən qəbul imtahanı keçirilib. Son illərdə bu altqrupu seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur və bu, keçid ballarının da yüksəlməsinə təsir göstərir.

Maraqlıdır, bu il TC altqrupunda abituriyent sayının artması keçid ballarının yenidən yüksəlməsinə səbəb ola bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Murad açıqlama verib.

O qeyd edib ki, coğrafiyadan imtahan verən abituriyentlərin böyük bir hissəsinin bu fənn üzrə anlayışı yoxdur:

“TC altqrupu üzrə coğrafiya fənnindən imtahan verən abituriyentlərin sayındakı çoxluğun ən böyük səbəblərindən biri üçüncü qrupda bal aralığının yüksək olmasıdır. Üçüncü qrupda birinci şans imtahanında əsasən ədəbiyyat fənnindən imtahan verənlər, ikinci seçim kimi coğrafiyaya üstünlük verirlər. Bu seçim daha çox regionşünaslıq və beynəlxalq münasibətlər ixtisaslarına qəbul olmaq ümidi ilə əlaqədardır.

Amma belə demək olar ki, həmin ixtisaslara müraciət edənlərin sayı nə qədər çox olsa da, ümumilikdə coğrafiyadan imtahan verən abituriyentlərin böyük bir hissəsinin coğrafiya üzrə anlayışı yoxdur, hazırlığa getməyiblər, ümumiyyətlə oxumayıblar, sadəcə bir şans kimi ondan istifadə etməyə çalışırlar. Bu da həmin ixtisaslarda balın qalxmasına o qədər də səbəb ola bilmir”.

Müraciət sayının artması istər-istəməz regionşünaslıq və beynəlxalq münasibətlər ixtisaslarının keçid ballarına təsir göstərir:

“Düzdür, müraciət sayı çox olur və bu, istər-istəməz keçid balına təsir edir. Hətta abituriyent coğrafiyadan yüksək nəticə göstərə bilməsə belə, Azərbaycan dili və tarix fənlərindən topladığı bal ümumi nəticəyə təsir edərək regionşünaslıq və beynəlxalq münasibətlər ixtisaslarının keçid ballarının artmasına səbəb olur. Amma bunun əsas səbəbi coğrafiya fənni ilə bağlı deyil, Azərbaycan dili və tarixdən toplanılan nəticələrin coğrafiya üzərinə gəlməsi ilə bağlıdır. Ona görə də müraciət sayı artdıqca, bu, istər-istəməz keçid ballarına da təsir göstərir.

Təbii ki, bu il sözügedən imtahanlara müraciət edən abituriyentlərin sayı ötən illə müqayisədə bir qədər çoxdur. Bu da həmin ixtisaslar - istər regionşünaslıq, istərsə də beynəlxalq münasibətlər üzrə keçid ballarının müəyyən qədər dəyişməsinə səbəb olacaq.

Düzdür, regionşünaslıq fakültəsi artıq yavaş-yavaş bir çox universitetlərdə öz aktuallığını itirməyə başlayır və bəzi ali təhsil müəssisələrində həmin ixtisaslar bağlanır. Amma beynəlxalq münasibətlər ixtisası həm iş imkanları baxımından, həm də ümumilikdə ixtisas olaraq abituriyentləri daha çox cəlb edir. Ona görə də gələcəkdə bu istiqamətə müraciət edənlərin sayının daha çox artacağı gözlənilir. Çünki regionşünaslıq ixtisasını bitirənlərin gələcəkdə iş tapmaq məsələsi bir qədər müşkülə çevrilir”.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox