Azedu.az

İmtahan əzbərləyənləri ifşa etdi: qəbulda üstünlük kimlərdə oldu?

İmtahanlar və qəbul məsələləri

10 İyun 2026, 09:28
İmtahan əzbərləyənləri ifşa etdi: qəbulda üstünlük kimlərdə oldu?

Dünən keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanından sonra kimya fənni ilə bağlı səsləndirilən fərqli fikirlər əslində imtahanın mahiyyətini göstərən mühüm məqamlardan biridir. Bir qrup abituriyent sualları asan hesab etdiyi halda, digər qrup onların kifayət qədər düşündürücü və qəliz olduğunu bildirir. Bu isə onu göstərir ki, imtahan yalnız biliklərin yoxlanılmasına deyil, həm də həmin biliklərin tətbiqi və analiz edilməsinə yönəlib.

Bu fikirləri AzEdu.az-a açıqlamasında "Örnək müəllim", kimya müəllimi Zamin Allahverdiyev  söyləyib. 

Müsahibimiz qeyd edib ki, əvvəlki illərlə müqayisədə builki imtahanda praktik düşünmə və analitik yanaşmanın payının daha çox hiss olunduğunu demək mümkündür:

"Mənim fikrimcə, builki kimya sualları ümumilikdə tədris proqramına uyğun hazırlanmışdı. Lakin bəzi tapşırıqlar abituriyentdən yalnız qaydanı xatırlamağı deyil, mövzular arasında əlaqə qurmağı, səbəb-nəticə münasibətlərini müəyyənləşdirməyi və kimyəvi prosesləri dərindən təhlil etməyi tələb edirdi. Məhz buna görə də mövzuları məntiqi şəkildə mənimsəyən şagirdlər üçün suallar əlçatan görünürdüsə, daha çox əzbərə əsaslanan hazırlıq keçənlər üçün müəyyən çətinlik yarada bilirdi.

Əvvəlki illərlə müqayisədə builki imtahanda praktik düşünmə və analitik yanaşmanın payının daha çox hiss olunduğunu demək mümkündür. Bu isə müasir təhsil və qiymətləndirmə prinsiplərinin əsas tələblərindən biridir. Artıq məqsəd yalnız hansısa formulu və ya qaydanı yadda saxlamağı yoxlamaq deyil, həmin biliklərdən müxtəlif situasiyalarda necə istifadə olunduğunu müəyyən etməkdir. Düşünürəm ki, bu yanaşma ali məktəblərə daha hazırlıqlı və potensiallı gənclərin qəbuluna xidmət edir.

Bu gün imtahandan çıxan bəzi abituriyentlərin narahat olması, cavablarını müqayisə etməsi və ya buraxdıqları səhvlər barədə düşünməsi tamamilə normaldır. Lakin onlara xüsusilə bir məqamı xatırlatmaq istəyirəm: imtahan zalından çıxdığınız andan etibarən artıq cavab kitabçanız üzərində dəyişiklik etmək imkanınız yoxdur. Buna görə də enerjinizi və vaxtınızı səhvləri təkrar-təkrar düşünməyə deyil, qarşıdakı mərhələlərə hazırlığa yönəltməyiniz daha doğru olar".

Abituriyentlər bilməlidirlər ki, bir neçə çətin sual heç də ümumi nəticənin uğursuz olacağı anlamına gəlmir:

"Bəzən minlərlə abituriyentin çətin hesab etdiyi suallar məhz seçicilik məqsədi daşıyır və həmin suallar üzrə aşağı nəticə göstərmək normal qəbul edilir. Əsas olan ümumi performansdır. Bu səbəbdən nəticələr açıqlanana qədər özünüzü müxtəlif ehtimallarla yormayın və sosial şəbəkələrdə yayılan qeyri-rəsmi cavablarla motivasiyanızı aşağı salmayın.

Valideynlərə də müraciət etmək istərdim. Bu dövrdə övladların ən çox ehtiyac duyduğu şey təzyiq deyil, dəstəkdir. Hər bir balın arxasında aylarla, bəzən illərlə davam edən zəhmət dayanır. Nəticə necə olursa-olsun, gənclərimizin göstərdiyi əzm və fədakarlıq təqdirəlayiqdir.

Sonda bütün abituriyentlərə demək istəyirəm ki, qəbul imtahanı həyat yolunda vacib mərhələ olsa da, həyatın son hədəfi deyil. Uğur təkcə yüksək bal toplamaqla ölçülmür. Əsl uğur qarşıya məqsəd qoymaq, ona doğru əzmlə irəliləmək, çətinliklərdən nəticə çıxarmaq və daim inkişaf etməyə çalışmaqdır. İnanıram ki, hər bir gənc öz zəhmətinin bəhrəsini görəcək və gələcək həyatında ölkəmiz üçün faydalı mütəxəssis kimi formalaşacaq".

Ukrayna raketləri işə saldı - Rusiya vurulur, əsgərlər təslim oldu
Son xəbərlərDaha çox