"Dünən keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının fizika suallarına ümumi baxdıqda qeyd etmək olar ki, suallar tam şəkildə qəbul proqramına və orta məktəb fizika səviyyəsinə uyğun hazırlanmışdı".
AzEdu.az-a bu sözləri "Örnək müəllim", fizika müəllimi, Təhminə Hüseynova söyləyib.
O, qeyd edib ki, yaxşı hazırlaşmış, mövzuları sistemli şəkildə mənimsəmiş abituriyentlərin bu sualları cavablandırmaq imkanları kifayət qədər idi:
"İmtahandan sonra bəzi abituriyentlərin sualların çətin olması ilə bağlı fikirlər səsləndirməsi təbiidir. Çünki qəbul imtahanı yalnız biliklərin yoxlanılması deyil, həm də abituriyentlər arasında fərqləndirmə aparılması məqsədi daşıyır.
Fizika fənni üzrə təqdim olunan tapşırıqların əksəriyyəti məktəbdə tədris olunan mövzuları əhatə edirdi. Elektrik sahəsi, maqnit sahəsi, elektromaqnit induksiyası, dəyişən cərəyan, fotoeffekt, molekulyar fizika və mexanika bölmələrindən olan suallar proqram çərçivəsində hazırlanmışdı. Suallar arasında birbaşa düstur tətbiqi tələb edən tapşırıqlarla yanaşı, fiziki hadisələrin mahiyyətini anlamağı və məntiqi təhlil aparmağı tələb edən nümunələr də var idi.
Mənim fikrimcə, fizika bölməsini ümumilikdə orta çətinlik səviyyəsində qiymətləndirmək olar. Ayrı-ayrı suallar müəyyən qədər düşündürücü olsa da, proqramdan kənar və ya qeyri-standart məzmunlu tapşırıqlara rast gəlinmirdi. Yaxşı hazırlaşmış, mövzuları sistemli şəkildə mənimsəmiş abituriyentlərin bu sualları cavablandırmaq imkanları kifayət qədər idi".
Keçən ilin qəbul imtahanı ilə müqayisədə bu il diqqət çəkən əsas məqam sualların daha çox anlayış və tətbiq yönümlü olmasıdır:
"Əvvəlki illərdə bəzi tapşırıqlarda hesablama komponenti üstünlük təşkil edirdisə, bu il fiziki qanunların mahiyyətini dərk etmək, müxtəlif mövzular arasında əlaqə qurmaq və verilən məlumatları düzgün təhlil etmək daha çox ön plana çıxmışdı. Bu yanaşma isə əzbərçiliyə deyil, real bilik və bacarıqların qiymətləndirilməsinə xidmət edir.
Ümumilikdə hesab edirəm ki, fizika sualları həm I, həm də IV ixtisas qrupları üçün qəbul proqramına uyğun, balanslı və seçicilik xüsusiyyətinə malik olmuşdur. İmtahanın əsas məqsədi yüksək hazırlıq səviyyəsinə malik abituriyentləri müəyyənləşdirməkdir və təqdim olunan tapşırıqlar da bu məqsədə xidmət edirdi".