Bu il ilk dəfə olaraq fiziki tərbiyə, təsviri incəsənət, tarix, musiqi və texnologiya fənləri üzrə sertifikasiya imtahanı keçiriləcək.
İmtahana sayılı günlər qaldığından müəllimlərin hazırlıq prosesini araşdırdıq.
AzEdu.az-a açıqlama verən Ağdaş şəhəri Müşfiq İsayev adına tam orta məktəbin təsviri incəsənət müəllimi Məlahət İsmayıl bildirib ki, hazırlıq məqsədilə dərs demədiyi siniflərin dərsliklərini də təkrar edib:
“Dərsini keçmədiyim siniflərin dərsliklərini də müəyyən qədər təkrar etmişəm. Hədəfim 50 baldan yuxarı nəticə göstərməkdir. İnşallah, ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyəm.
Sualların necə olacağına gəlincə, düşünürəm ki, onlar proqramdan kənar olmayacaq.
Napoleon haqqında məşhur bir fikir var: Onu oyadıb deyirlər ki, müharibə başlayıb. O isə cavab verir ki, “qorxdum, elə bildim imtahandır”. Təbii ki, hamımızda müəyyən həyəcan var. Amma inanıram ki, bu şəffaf imtahanın həm nəticələri, həm də qiymətləndirilməsi də eyni dərəcədə şəffaf olacaq”.