Azedu.az

"İmtahan üçün hazırlığa getməyə utanaram” - Sertifikasiya verəcək müəllim

Sertifikasiya

8 İyun 2026, 09:14
"İmtahan üçün hazırlığa getməyə utanaram” - Sertifikasiya verəcək müəllim

Müəllimlərin sertifikasiya imtahanına sayılı günlər qalıb.

Bu il tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri üçün ilk dəfə imtahan keçiriləcək.

AzEdu.az Təhsil Portalı ilk dəfə imtahan verən müəllimlərin hazırkı hazırlıq səviyyəsini, gözləntilərini və təəssüratlarını öyrənməyə çalışıb.

Onlardan biri də Sumqayıt şəhər 23 nömrəli məktəbin Musiqi müəllimi, “Örnək müəllim” Maya Yaradanquliyevadır.

O qeyd edib ki, öz fənnini yaxşı bildiyi üçün xüsusi hazırlığa ehtiyac duymur:


"Sertifikasiya imtahanı ilə bağlı xüsusi bir hazırlığım olmayıb. Hər il dərslərimi keçmişəm və dərslikləri demək olar ki, əzbər bilirəm. 40 ildir işləyirəm, 5-ci sinifdən 9-cu sinfə qədər bütün dərsliklərin hətta səhifələrinə qədər yadımda qalıb. Ümid edirəm ki, yüksək nəticə göstərəcəyəm, 50-dən yuxarı bal toplayaram.

Hazırlığa gəlincə, mənim buna vaxtım yoxdur ki, hansısa bir qrupa qatılım, hansısa bir müəllim mənə dərs keçsin. Sözün düzü, mən utanaram ki, hansısa qrupa qatılım və mənə dərs keçsinlər. Bir dəfə qrupa qoşuldum, amma gülməyim gəldi və çıxdım. Özümə gülünc gəldi ki, mən niyə bu qrupa qatılmışam? Orda çox sadə şeylərdən danışılırdı. Mən fikirləşirdim ki, nəsə daha çətin şeylərdən söhbət gedəcək. Mənə maraqsız gəldi, çünki bildiyim şeylər idi".

İllərdir dərs keçən müəllimin hansısa qrupa girib hazırlaşmağına təəccüblə baxıram:

"Mənim fikrimcə, dərsinə müntəzəm hazır olan müəllim nəyə hazırlaşmalıdır ki? Artıq o, hazır olmalıdır. Qrupa girmək nəyə lazımdır? Mən belə başa düşürəm ki, dərsinə müntəzəm hazır olan müəllim üçün bu kifayət edir. Təzə müəllim olsa, deyərsən ki, hə, ola bilər, hələ təzədir. Amma illərdir dərs keçən müəllimin hansısa qrupa girib hazırlaşmağına mən təəccüblə baxıram.

Mən illərdir dərs keçirəm, dərsimə hazır oluram, əhatəli dərs keçirəm, mövzunun içindən mövzu çıxardıram və uşaqlarla onu təhlil edirik. Dərsi də, dərsliyi də bilirəm. Uşaqlara proqramı mənimsədə bilirəmsə, hansısa qrupa girməyim mənə gülməli gəlir. Öz bildiyim mənə yetərlidir. Bilmirəm, indi necə olacaq, amma mən belə düşünürəm.

Hazırda bütün diqqətim son zəng tədbirlərinə yönəlib. Rəqslər, ssenarilər, şeirlər və digər təşkilati işlərlə məşğulam. Son zəng başa çatandan sonra bir gün istirahət edib, Allah qoysa, 15-indən etibarən kurikulumla bağlı materiallara baxacağam. Açığı, məni bir az düşündürən də elə kurikulum məsələsidir. Kurikulumla bağlı çətinlik çəkdiyim sahələrin, mövzuların üzərində bir az dayanacağam. Amma dərsliklər və öz proqramımla bağlı xüsusi hazırlığa ehtiyac görmürəm. Çünki öz fənnimi və dərslikləri yaxşı bildiyimi düşünürəm.

Kurikulumdan ona görə hazırlaşmaq istəyirəm ki, həmin üç gündə buna vaxtım olacaq. Açığı, mənim çətinlik çəkdiyim məsələ metod və üsulların özü deyil, onların adlarıdır. Mən illərdir müəllim işləyirəm və həmin üsulların hamısından dərslərimdə istifadə etmişəm. Sadəcə, adlarını bəzən qarışdırıram".

Test mərhələsində daha çox nəzəri biliklərə üstünlük verilir, lakin praktiki hissənin çəkisi daha da artırıla bilər:

​“Musiqi fənni üzrə sertifikasiya proqramı ümumilikdə musiqi təhsilinin keyfiyyətini artırmaq və onu müasir standartlara uyğunlaşdırmaq baxımından, təbii ki, çox əhəmiyyətli və zəruri bir addımdır. İmtahan proqramında Azərbaycan klassik musiqisinə, bəstəkarlara, bəstəkarlıq məktəbinə və xalq yaradıcılığına geniş yer verilməsi çox təqdirəlayiqdir.

Orada nəzəriyyə, solfecio, musiqi nəzəriyyəsi və musiqi ədəbiyyatı üzrə suallar müəllimlərin peşəkar bazasını ölçmək üçün kifayət qədər effektivdir. Sertifikasiyada kurikulum, pedaqogika və müasir təlim metodlarının yoxlanılması müəllimlərin dərsi daha şagirdyönümlü keçməsinə stimul verir.

Musiqi isə canlı və ifaçılıq sənətidir. Test mərhələsində bunu tam şəkildə göstərmək mümkün deyil və daha çox nəzəri biliklərə üstünlük verilir. Müəllimin xoru idarəetmə bacarığı, musiqi alətində ifa qabiliyyəti və ən əsası, vokal bacarığı təkcə test vasitəsilə ölçülə bilməz.

Düzdür, müsahibə mərhələsi var. Lakin praktiki hissənin çəkisi daha da artırıla bilər. Bəzən sualların çətinlik dərəcəsi ilə ümumtəhsil məktəblərində, xüsusilə 5-9-cu siniflərdə tədris olunan mövzular arasında müəyyən fərqlər yaranır. Sualların səviyyəsi ilə məktəb dərsliklərinin məzmunu tam sinxron olmalıdır.Mənim fikrimcə, musiqi fənni üzrə sertifikasiya proqramı müəllimlərin statusunu və peşəkarlığını təsdiq edən mühüm bir mexanizmdir”.

İranla İsrail arasında DƏHŞƏTLİ SAVAŞ başladı - Hər yer bombalanır!
Son xəbərlərDaha çox