Bu gün Abşeron-Xızı regionunda təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 300 mindən çox IV və VI sinif şagirdi arasında monitorinq həyata keçirilir.
AzEdu.az-a bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, Abşeron-Xızı regionu üzrə monitorinq 39 mərkəzdə təşkil olunub. Prosesə 40 imtahan rəhbəri, IV sinif üzrə 631 nəfər, VI sinif üzrə isə 649 nəfər nəzarətçi cəlb edilib.
Region üzrə IV siniflərdən 13 882, VI siniflərdən isə 13 664 şagird imtahanda kağız daşıyıcılar vasitəsilə iştirak edir. Elektron formatda isə IV sinif üzrə 1 165, VI sinif üzrə 1 545 şagird imtahana cəlb olunub.
Ümumilikdə Abşeron-Xızı regionu üzrə IV-VI siniflər üzrə monitorinqdə iştirak edən şagirdlərin sayı 30 256 nəfər təşkil edir.
Monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.