Müəllimlərin sertifikasiya imtahanına sayılı günlər qalıb. Bu il tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri üçün ilk dəfə imtahan keçiriləcək.
AzEdu.az Təhsil Portalı ilk dəfə imtahan verən müəllimlərin hazırkı hazırlıq səviyyəsini, gözləntilərini və təəssüratlarını öyrənməyə çalışıb.
Onlardan biri də Qəbələ rayonu, Məmmədağalı kənd tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi, “Örnək müəllim” Elşad Abdurəhmanovdur.
O, qeyd edib ki, imtahan öncəsi ciddi həyəcan hiss etmir:
“Təbii ki, imtahan ərəfəsində həyəcanın olması normal haldır, amma hazırda məndə ciddi təşviş yoxdur. Sertifikasiya proqramı ilə tanış olmuşam. Proqramda məktəb dərsliklərində yer alan mövzular öz əksini tapıb. Bu baxımdan hər hansı ciddi çatışmazlıq görmürəm.
Açığını desəm, bu istiqamətdə müəyyən təkmilləşdirmələr aparmaq olar. Mövzuların təqdimatında və qiymətləndirmə formatında bəzi dəyişikliklər etmək mümkündür. Lakin nəzərə almaq lazımdır ki, sertifikasiya bütün müəllimlər üçün ilk dəfə keçirilir. Buna görə də mövcud yanaşmanı qənaətbəxş hesab edirəm.
Yaxın günlərdə hazırlığa başlamağı düşünürəm. Hesab edirəm ki, müəllimlər gündəlik fəaliyyətlərində metodika və pedaqogika ilə işləsələr də, məhz bu istiqamətlərdə müəyyən boşluqlar yarana bilər. Buna görə həmin mövzulara xüsusi diqqət ayırmaq istəyirəm. Bundan başqa, mədəniyyət mövzularına da diqqət yetirməyi planlaşdırıram. Bu bölmədən sualların sayı çox olmasa da, hazırlıq prosesində bəzən kifayət qədər yer ayrılmır və müəllimlərin diqqətindən kənarda qala bilir.
Sertifikasiyanı çox müsbət qiymətləndirirəm. İlk növbədə, bu proses müəllimlərin stimullaşdırılmasında mühüm rol oynayır. Yüksək nəticə göstərən müəllimlər üçün daha çox dərs saatı, yeni imkanlar və peşəkar inkişaf perspektivləri yaranır. Lakin fikrimcə, ən vacib məqam müəllim məsuliyyətinin artırılmasıdır. Uzun illər sertifikasiya haqqında danışılırdı, amma tətbiq olunmurdu. Bu da bəzi müəllimlərin öz üzərində işləməsinə mane olurdu. Halbuki müasir dövrdə müəllim daim yenilənməli və inkişaf etməlidir”.
Öz üzərində işləməyən müəllim nə şagirdlərinə lazımi töhfə verə, nə də peşəkar inkişafını təmin edə bilər:
“Əlbəttə, müəllimlər yalnız məcbur olduqları üçün deyil, öz məsuliyyətlərini dərk etdikləri üçün inkişaf etməlidirlər. Təbii ki, bunu bütün müəllimlərə şamil etmək də düzgün olmaz. Bir neçə gün əvvəl Şəkidə keçirilən müəllimlərlə görüşdə də bu məsələlər müzakirə olundu.
Orada daha çox stimullaşdırma məsələsi ön plana çəkildi. Mən isə məsuliyyət amilinin daha vacib olduğunu düşünürəm. Müşahidələrimə görə, müəllimlərin böyük əksəriyyətində müəyyən dərəcədə narahatlıq və həyəcan var. Amma düşünürəm ki, bu hisslər nə qədər az olsa, bir o qədər yaxşı olar.
Hazırlığa təmkin və səbir ilə yanaşmaq lazımdır. Qarşımıza çıxacaq mövzular müəllimlərin gündəlik tədris etdiyi mövzulardır. Sadəcə bir qədər diqqətli olmaq kifayətdir. Digər vacib məqam isə nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirməkdir. Əgər bunu bacarsaq, maksimum nəticə əldə etmək mümkündür.
Açığı, yaşımı və sağlamlıq vəziyyətimi nəzərə alsaq, qarşıma çox böyük karyera hədəfləri qoymuram. Bu gün daha çox gənc müəllimlərin irəli çəkilməsi və yeni imkanlar qazanması gündəmdədir. Buna baxmayaraq, öz üzərində çalışan bir müəllim kimi fəaliyyətimi davam etdirmək, yaxşı nəticələr göstərmək və şagirdlərə nümunə olmaq istəyirəm. Ən azı indiyədək qoruduğum peşəkar səviyyəni və tədris keyfiyyətini saxlamağı qarşıma məqsəd qoymuşam. Sertifikasiya ilə bağlı ilk müzakirələr aparılan vaxtlardan düşünürdüm ki, nəticəm ən azı 80-85 faiz səviyyəsində olmalıdır. Bu baxımdan hesab edirəm ki, 60 mümkün baldan 50 və ya daha artıq nəticə göstərə bilərəm.
Təbii ki, hər kəs maksimum nəticə əldə etmək istəyir. Amma mən şagirdlərimə də həmişə deyirəm ki, əsas məsələ insanın öz potensialını maksimum dərəcədə ortaya qoymasıdır. Əgər bir insan öz imkanlarının son həddinə qədər çalışıbsa, nəticə necə olursa-olsun, o, öz vəzifəsini yerinə yetirmiş sayılır.
Məsələn, əgər mənim potensialım 40-45 bal toplamağa imkan verirsə və mən bu nəticəni əldə edirəmsə, buna görə ciddi təəssüflənmərəm. Çünki bu, həmin an üçün mənim real göstəricimdir. Bununla belə, hər kəs kimi mən də maksimum nəticə qazanmağı arzulayıram.
Hazırlıq kurslarına getmirəm və belə bir planım da yoxdur. Müasir dövrdə informasiya resursları hər kəs üçün əlçatandır. İstənilən mövzu ilə bağlı materialları internet vasitəsilə rahatlıqla tapmaq mümkündür.
Hazırlıq kurslarının əleyhinə deyiləm, lakin hesab edirəm ki, müəllimlər müstəqil şəkildə də kifayət qədər effektiv hazırlaşa bilərlər. Bu gün bunun üçün geniş imkanlar mövcuddur. Ona görə də sertifikasiya imtahanına hazırlığı özüm sərbəst şəkildə davam etdirməyi planlaşdırıram”.
Son illər tarix fənninin tədrisində müəyyən dəyişikliklərin olduğunu söyləyib:
“Düzdür, hələ də dərsliklərdə nöqsanlar qalır, amma müsbət yeniliklər də az deyil. Məsələn, artıq yalnız faktların əzbərlədilməsinə deyil, hadisələrin mahiyyətinin anlaşılmasına daha çox diqqət yetirilir. Səbəb-nəticə əlaqələrinin izahı, müqayisələrin aparılması, ictimai quruluşların mahiyyətinin açıqlanması və şagirdlərin məntiqi təfəkkürünün inkişafına yönəlmiş tapşırıqların sayı artıb".