Azedu.az

Yüksək balın sirri nədir? - abituriyentlər təcrübələrini BÖLÜŞDÜ

İmtahanlar və qəbul məsələləri

2 İyun 2026, 16:24
Yüksək balın sirri nədir? - abituriyentlər təcrübələrini BÖLÜŞDÜ

Həftə sonu - 7 iyunda I və IV ixtisas qrupları üzrə qəbul imtahanının I cəhdi keçiriləcək.

Bu günlərdə hər kəs abituriyentlərin imtahan zamanı yol verdiyi səhvlərdən danışır.

AzEdu.az bu sualın cavabını məhz abituriyentlərin özlərindən əldə edib.

Söhbətimiz zamanı abituriyentlər imtahan zamanı buraxdıqları səhvlərdən və qazandıqları təcrübələrdən danışıblar.

Hər birinin hekayəsi, yaşadıqları fərqli olsa da, hədəfləri eynidir: yüksək bal toplamaq və xəyallarındakı ixtisasa qəbul olmaq. 

İnformasiya təhlükəsizliyi ixtisasına hazırlaşan Röya Tağızadənin fikrincə, məktəb dərsləri ilə qəbul suallarını müqayisə edəndə görür ki, məktəb dərsliklərində toplu tipində heç bir sual yoxdur:

184361

"İsmayıllı şəhər  5 nömrəli tam orta məktəbdə təhsil alıram. 11-ci sinif buraxlış imtahanından 271,9 bal toplamışam. Əslində nəticəm gözlədiyimdən bir az aşağı oldu, bu da sırf həyəcanın ucbatından baş verdi. Buraxılış imtahanına bir ay qalmış da bu qorxunu, gərginliyi çox yaşayırdım, amma indi qəbul imtahanına qarşı o qədər də böyük bir həyəcanım yoxdur. 

Qəbul imtahanına hazırlıq prosesimə gəldikdə isə, repetitor yanına gedirəm və vaxtımın çoxunu elə orada hazırlaşmağa sərf edirəm. Evə gələndə isə əlavə olaraq hansısa testləri işləyirdim. Amma açığı, buraxılış imtahanına hazırlaşdığım qədər qəbul imtahanına hazırlaşmamışam. 

Hazırlaşarkən əsasən keçən illərin qəbul imtahanlarını analiz edirdim. Fənlər arasında mənə fizika daha asan gəlirdi, amma nədənsə ən çox səhvim də elə fizikadan çıxırdı. Yəni ən zəif olduğum fənn elə fizika oldu. Riyaziyyat fənnindən isə vəziyyətim daha yaxşı idi, çünki müəllimimiz bizə daha çox tapşırıq yazdırırdı. Riyaziyyatın da qəbul suallarına mütəmadi baxırdım. İnformatika fənni isə son iki ildə imtahan proqramına daxil edildiyi üçün mənə maraqlı və asan gəlirdi. Digər tərəfdən, hazırlıq mərhələsində müəllimlərin işlətdiyi testlərdən başqa, evdə özüm də fərqli testlər üzərində işləyirdim. Gün ərzində bir neçə saatımı mütləq buna ayırırdım. Sonra isə səhvlərimi analiz edirdim. Mənim xüsusi bir dəftərim var - topludan və ya başqa vəsaitlərdən fərqi yoxdur, harada səhvim çıxırdısa, mən o sualları o dəftərə qeyd edib, təkrar-təkrar baxırdım.

Mənim yadda saxlama metodum sırf testlər üzərində işləməklə bağlıdır. Hansısa bir sualı görəndə dərhal xatırlayırdım ki, bu sual filan ilin qəbulunda və ya topluda var idi. Çox sual işlədikcə artıq gözüm öyrəşirdi və mənə aydın olurdu ki, imtahanlarda tez-tez hansı tip suallar istifadə olunur. Müşahidələrimə görə, qəbul imtahanında, xüsusən də fizika fənnindən, təkrar-təkrar eyni tipli suallara üstünlük verirlər və suallar daha çox topludan düşür.

Növbəti imtahan üçün dəqiq bir bal gözləntim yoxdur, amma təxmini bir rəqəm desəm, bəlkə 340-350 civarında bir nəticə ola bilər. Əgər həyəcanlanmasam, bəlkə daha çox olar, amma tam əmin deyiləm. Hər şey həyəcanımı idarə edə bilməyimdən asılıdır. Çünki buraxılış imtahanında da daha çox yaza bilərdim. Məncə 280, bəlkə 290-a yaxın nəticə göstərmək potensialım var idi, amma həyəcanıma görə 271,9 bal topladım. Ona görə də növbəti imtahanda həyəcanlanmasam, daha yaxşı olar. Bəlkə onda balım bir az da qalxıb 360 ola bilər.

Mən birinci qrup üzrə hazırlaşıram və əsasən Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) istəyirəm. Orada İnformasiya təhlükəsizliyi ixtisası üzrə oxumaq və gələcəkdə bir şirkətdə çalışmaq istəyirəm, yaxud da proqramist olmağı düşünürəm. Əgər balım çatsa, bu ixtisasın ingilis bölməsini, çatmasa isə Azərbaycan bölməsini seçəcəyəm. Bundan başqa, “İnformasiya texnologiyaları” ixtisası da mənim üçün uyğundur, yəni bu ixtisası da siyahıma yazaram.

Artıq iki ildir ki, imtahanlara hazırlaşıram. Doqquzuncu sinifdə sadəcə buraxılış imtahanına fokuslanmışdım, amma 10-11-ci siniflərdə həm də blok imtahanına hazırlaşdım. Düzdür, 10-cu sinifdə də çox çalışırdım, amma 11-ci sinifdə dərslərin üstünə daha çox düşdüm, daha ciddi yanaşdım. Gün ərzində dərsə ayırdığım vaxt isə dəyişir. Bu, bir az yorğunluq dərəcəsindən asılıdır. Yorğun olanda evə gəlirəm və dərsə o qədər də vaxt ayıra bilmirəm. Amma normalda, əgər beynim təmizdirsə, həvəsim və əhvalım yerindədirsə, dərslərimə rahatlıqla 3-4 saat vaxt ayırıram.

Fikrimcə, II və III ixtisas qruplarında imtahan asan olubsa, bizdə imtahanın çətin olması haqsızlıq olar. Məncə birinci qrupun da sualları keçən illərə nisbətən orta səviyyədə olacaq. Çətin sualların olacağını düşünmürəm, olsa da maksimum bir-iki dənə olar. Mənə elə gəlir ki, fizika sualları fənlər arasında ən asanı olacaq, riyaziyyat orta səviyyədə, informatika isə bir az çətin gələ bilər. Çünki digər qruplarda da 100 ballıq suallar bir az çətin, amma 150 ballıq suallar daha asan idi. Ona görə də gözləntim odur ki, imtahan bütün abituriyentlərə uyğun, normal bir səviyyədə olacaq.

İllər keçdikcə imtahan suallarının da strukturunun dəyişdiyini görmək olur. İndi suallar daha məntiqli, daha çox düşündürücü xarakter daşıyır. Əvvəlki illərin testlərində elə suallar var idi ki, cavabın özü elə variantda aşkar görünür, sadəcə işarələmək qalırdı. Xüsusən bəzi köhnə fizika suallarında bunu görmüşdüm. Keçmişdə sualların sayı 25 olan vaxtlarda testlər indikindən qat-qat asan idi. Amma sual sayı 30-a qaldırılandan sonra testlər getdikcə daha düşündürücü və məntiqi olmağa başladı.

Məktəb dərsləri ilə qəbul suallarını müqayisə edəndə görürük ki, bizim məktəb dərsliklərində toplu tipində heç bir sual yoxdur. Dərslikdəki proqramla Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi toplu sualları tam fərqlidir; dərslikdəki suallar daha qəribə, başqa tipdədir. Ona görə də mən repetitor köməyinə ehtiyac duydum və repetitorsuz hazırlaşmağın çətin olacağını düşündüm. Öz xarakterimə bələdəm, mən bir az məsuliyyətsiz biriyəm, yəni evdə tək qalsam, heç kim mənə nəzarət etməsə, oturub özüm hazırlaşan deyiləm. Repetitorsuz hazırlaşsaydım, indikindən aşağı nəticə göstərərdim. Hazırlığa getməyin xeyri o oldu ki, müəllimlər mənə çox şey öyrətdilər, həm Azərbaycan dilindən, həm riyaziyyatdan, həm də ingilis dilindən əlavə materiallar işlətdilər və bu da məndə maraq yaratdı. Məndə isə həvəs olmayanda işləyə bilmirəm. Repetitor yanına getmək mənim üçün ən doğru seçim idi və bu sayədə daha yaxşı nəticə əldə edə bildim.

İmtahan vaxtı yaranan bu həyəcanı bir az da olsa azaltmaq, özümü sınamaq üçün mən repetitor hazırlıqlarından əlavə OTK-nın (Onlayn sınaq imtahanları) keçirdiyi sınaq imtahanlarında iştirak edirdim. Amma o sınaqlar bəzən asan olur deyə, özümə arxayınlaşmaq da istəmirəm. Məsələn, buraxılış imtahanı ərəfəsində bu sınaqlara ona görə gedirdim ki, həm həyəcanımı yoxlayım, həm də vaxtımı düzgün bölməyi öyrənim.

Düzünü desəm, OTK sınaqlarında indiki nəticəmdən qat-qat yüksək ballar göstərirdim, amma imtahanda elə olmadı. Ona görə artıq o sınaqların nəticəsinə tam güvənmirəm, sadəcə vaxtı düzgün idarə etmək vərdişi qazanmaq üçün gedirəm. Bir də mənə qarşı ətrafdakıların gözləntisi çox olanda bir az da çox həyəcanlanıram. Özümdən asılı olmayaraq, insanların məndən gözləntilərinin yüksək olduğunu biləndə və sonradan istədiyim nəticəni ala bilməyəndə çox pis oluram, “niyə alınmadı?” deyə özümü qınayıram. Bizim evdə 11-ci sinif olaraq imtahan verəcək ilk uşaq mənəm, yəqin bunun da gətirdiyi bir məsuliyyət və həyəcan var.

Abituriyentlərin imtahanlarda ən çox etdiyi səhvlərə gəldikdə isə, öz yoldaşlarımda da gördüyüm qədərilə bu əsasən diqqətsizliklə bağlıdır. Çox vaxt uşaqlar sualın cavabını bildikləri halda, sırf diqqətsizlikdən səhvə yol verirlər. Mən özüm imtahanda maksimum dərəcədə diqqətli olmağa çalışıram. Məsələn, sualları tələsmədən oxuyuram, imtahanı tez bitirmişəmsə, suallara mütləq ikinci, hətta üçüncü dəfə yenidən baxıram ki, gözümdən qaçan səhv varsa, düzəldim. Bu vərdişimin əsl imtahanda da mənə çox xeyri dəydi. Riyaziyyatdan bir hesablama səhvi etmişdim, suallara yenidən qayıdıb baxanda həmin səhvimi tapıb düzəltdim və sualım doğru çıxdı. Ona görə də vaxt qalarsa, cavabları mütləq yenidən yoxlamaq lazımdır.

Məncə, diqqətsizlik səhvi etməmək üçün sualı çox tez ötürmək olmaz, şərti axıra qədər tam oxumaq lazımdır. Çox vaxt abituriyentlər şərtin yarısını oxuyurlar və əvvəllər işlədikləri oxşar bir sual tipinə bənzədib dərhal variantı işarələyirlər. Amma şərtin sonunda tam başqa bir şey tələb oluna bilər. Mən özüm də test işləyəndə bunun şahidi olmuşam. Məsələn, informatika fənnindən qəbul suallarını işləyəndə elə bildim sualları tanıyıram, şərtə tam baxmadan tez-tez yazdım, amma sonda xeyli səhvim çıxdı. Buradan anladım ki, tələsmək qətiyyən olmaz. İmtahanda uğurun formulu tələsməmək, diqqətli olmaq və həyəcanı cilovlamaqdır.

Sosial şəbəkələrdən istifadəyə gəldikdə isə, mən demək olar ki, heç birindən istifadə etmirəm. 11-ci sinfə başlayanda, hələ avqust ayında özümə söz vermişdim ki, dərslərimə tam fokuslana bilmək üçün sosial şəbəkələrdən uzaq duracağam. İmtahan dövründə məndə sadəcə “WhatsApp” və “YouTube” aktiv olub. "YouTube"dan da əsasən dərslərə, başa düşmədiyim mövzuların izahlarına baxmaq üçün istifadə edirdim. Bəzən bir az vaxt keçirmək üçün də daxil olurdum, amma buna çox az vaxt ayırırdım. Hətta dərslərimdən yayınmamaq üçün telefonuma xüsusi limit proqramı da yükləmişdim. Proqram vasitəsilə "YouTube"a limit qoyurdum ki, vaxtımın çoxunu dərslərimə yönəldə bilim".

Buraxlış imatahnından 285 bal toplayan Uğur Abbasov qeyd edib ki, regionda buraxlış imtahanınından yaxşı nəticə toplayanların əksəriyyəri 4-cü qrupa hazırlaşanlardır:

184362

"İsmayıllı rayon 5 saylı tam orta məktəbinin 11-ci sinif şagirdiyəm. 

Buraxılış imtahanına hazırlıqlara 9-cu sinifdən başlamışam. Həmin vaxt əsasən Azərbaycan dili və ingilis dili fənlərindən hazırlaşırdım, yanvar ayından sonra isə riyaziyyatı da bura əlavə etdim. 10-cu sinifdə həm blok, həm də buraxılış fənlərinin hər ikisinə getdim. 11-ci sinifdə isə hazırlıq prosesinə 10-cu sinfə nisbətən daha ciddi yanaşmağa başladım, dərslərimə daha çox vaxt sərf etdim. 10-cu sinifdə mənim üçün əsas baza yığıldı, 11-ci sinifdə isə bu öyrəndiklərimi bir növ təkrar edərək üzərində işlədim.

Azərbaycan dili məşğələləri və müəllimimizin öyrətdiyi metodlar sayəsində mənim mətn tapşırıqlarında cəmi bir dənə səhvim çıxdı. O bizə mətnlərlə işləməyi, demək olar ki, hər tip sualın cavabını tapmağı çox yaxşı öyrətmişdi. Riyaziyyat və ingilis dili fənlərindən də istər məktəbdə, istərsə də hazırlıqlarda müəllimlərimiz bizə çoxlu sual tipləri, mətn dinləmələri və sınaqlar işlətdiyi üçün artıq hər bir sual formasına bələd idik. Mən özüm də çoxlu sınaqlara gedirdim, orada səhvlərimin üstündə işləyərək harada zəifliyim olduğunu tapıb düzəldirdim.

Mən 4-cü ixtisas qrupu üzrə hazırlaşıram. Əgər istədiyim nəticəni əldə edə bilsəm, Azərbaycan Tibb Universitetinin "müalicə işi" fakültəsinə qəbul olmaq istəyirəm. Özümə hədəf olaraq 650 balı keçməyi qoymuşam və bunun üçün çalışıram. Amma düzünü desəm, blok imtahanı mənə bir az çətin gəlir. Xüsusilə biologiya fənni mənim üçün çətindir. Çünki həm materialı çoxdur, həm də hər şeyi əzbərləməyi sevən biri deyiləm. Biologiyanın materialı geniş olduğundan bir müddət sonra məcburən əzbərləməli olursan, bu da tez yaddan çıxır. Mənim üçün ən rahat fənn kimyadır. Kimyaya 9-cu sinifdə buraxılışdan əvvəl də getmişdim. Normalda kimyanı çox sevmirdim, amma müəllimim mənə bu fənni sevdirdi, mənim üstümdə çox işlədi. Sevdiyim fənlə işləmək isə mənə daha rahat gəlir və ondan sonra kimya mənim üçün çox asanlaşdı. Dərsləri yadda saxlamağa gəldikdə isə, biologiyada müəllimimizin öz metodu var; material çox olduğu üçün biz o mövzuları xüsusi kodlar quraraq, kodlaşdıraraq öyrənirik.

Buraxılış ərəfəsində dərslərə həddindən artıq çox  məşğələlərlə birlikdə bəzən günə 5-6, hətta 7-8 saat vaxt ayırırdım. Günümün böyük hissəsi hazırlıqlarda keçirdi. Amma indi həm buraxılışdan sonrakı yorğunluq, həm də bir az psixoloji yorğunluq var deyə çox oxuya bilmirəm, günə ən çox 2-3 saat vaxt ayırıram.

Mənim builki qəbul imtahanının çətin olacağını düşünməyimin səbəbi rəqiblərimlə bağlıdır. 4-cü qrup üzrə rəqiblərimə baxanda görürəm ki, hamısı çox yaxşı nəticələr toplayıblar. İkinci və üçüncü qruplarda həm yer çoxdur, həm də variantlar genişdir, mənim istədiyim ixtisas üzrə  yerlər saylıdır. Tibbdən başqa yazacağım xüsusi bir yer olmadığı üçün mənə qəbul olmaq özümə görə daha çətin gəlir. Regionda buraxlış imtahanınından yaxşı nəticə toplayanların əksəriyyəri 4-cü qrupa hazırlaşanlardır. Onların çoxunu tanıyıram və blok fənlərindən məndən daha yaxşı olduqlarını hiss etdiyim üçün imtahanın çətin keçəcəyini düşünürəm.

Əvvəlki illərin imtahan suallarına da nəzər yetirmişəm. Məsələn, 2019-cu ildən sonrakı sistemlə əvvəlkiləri müqayisə edəndə görürəm ki, biologiyada həm material, həm də əlavələr çox fərqli olub. Əvvəllər suallar nisbətən daha asan idi, indiki sistemdə isə suallar daha çox düşünmə, fərqli cəhətdən yanaşma tələb edir; bu xüsusilə fizika fənkində özünü göstərir.

Hazırlıq məsələsinə gəldikdə, repetitorsuz hazırlaşa bilməzdim. Bunu 9-cu sinifdə oxuyanda riyaziyyat fənnində gördüm. Düşünürdüm ki, Azərbaycan dili və ingilis dilindən hazırlığa gedim, riyaziyyata isə evdə özüm hazırlaşım. Amma imtahana iki ay qalmış gördüm ki, çox şeyi yaza bilmirəm. Ondan sonra anladım ki, müəllim yanına getmək insana həm çox kömək edir, həm də üzərinə bir məsuliyyət qoyur. Bu məsuliyyət hissi mənim hazırlıq prosesimdə böyük rol oynadı.

Təbii ki, biologiya və kimya kimi çətin fənləri repetitorsuz öyrənmək mənim üçün çox çətin olardı. Biologiyanı daha asan, nisbətən rahat yolla mənimsəməyi mənə məhz müəllimim öyrətdi. Kimyanı isə şəxsən mən əvvəllər çox sevmirdim, heç yaza da bilmirdim. Amma müəllimim mənə bu fənni sevdirdi, üstümdə çox işlədi. Fizikada da eyni şəkildə oldu; repetitorum həm də öz məktəb müəllimim olduğu üçün onun yanında özümü daha rahat hiss edirdim və dərsləri daha asan öyrənirdim.

İmtahan zamanı abituriyentlərin ən çox etdiyi səhvlərdən danışsaq, birinci yerə mütləq stresi qoyardım. Mənim özümün də ən böyük səhvim stresdən əlavə, bir sualın üstündə həddindən artıq çox qalmağım oldu. İmtahana çox yüksək hədəflə - 290 balı keçmək ümidi ilə girmişdim. Amma ingilis dilindən dinləmə mərhələsinin pis keçdiyini düşünəndə, artıq hər şey alt-üst oldu. Gözümdə sanki imtahan bitmiş kimi bir hiss yaşandı. Bu mənfi duyğuların təsirindən ancaq imtahanın başlamasından yarım saat keçəndən sonra özümə gələ bildim. Həmin an müəllimlərimin sınaqlarda dediyi bir söz yadıma düşdü: "Bir suala görə bütün imtahanı buraxmayın". Gördüm ki, artıq olan olub, eləyə biləcəyim başqa bir şey yoxdur, ona görə də toparlanıb digər suallara baxdım. 

İmtahan verəcək abituriyent yoldaşlarıma demək istərdim ki,  hamıda bəzən tənbəllik olur bu, məndə də olub. Amma gələcəkdə daha rahat bir həyat istəyirlərsə, öz gələcəklərini parlaq etmək fikirləri varsa, indiki dövrdə ən yaxşı seçim təhsil almaqdır. Nəyəsə görə həvəsdən düşəndə, yorulanda bunu yaddan çıxarmasınlar, motivasiyalarını buradan alsınlar. Bir də, mümkünsə, telefondan çox istifadə etməsinlər. Çünki mənim özümün də ən böyük maneələrimdən biri elə telefondan çox istifadə etmək idi. Ən əsası isə odur ki, heç vaxt ümidlərini itirməsinlər. Buraxılış imtahanının pis keçməsi və ya blokun uğursuz olması hər şeyin sonu deyil. Buraxılış pis keçibsə, blok imtahanında bunu düzəltmək olar. Blok imtahanı pis keçsə belə, qarşıda yenə ikinci şans olur, vəziyyəti dəyişmək mümkündür".

I ixtisas qrupuna hazırlaşan Gülnarə Osmanova isə bildirlib ki, məktəb proqramı və dərs saatları təkbaşına bu imtahanlara hazırlaşmaq üçün yetərli deyil:

184363

"İsmayıllı rayonu, 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm. I qrup üzrə, informatika alt qrupu istiqamətində imtahanlara hazırlaşıram. Hədəfim Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) informasiya texnologiyaları ixtisasına qəbul olmaqdır. Buraxılış imtahanından 267 bal toplamışam və indi qarşıdakı blok imtahanında 550-dən çox bal toplamağı qarşıma məqsəd qoymuşam.

Mənim imtahan marafonum əslində bir neçə il əvvəl, 9-cu sinifdən başlayıb. Hər fənnin öz çətinliyi və gözəlliyi var. Məsələn, fizika və riyaziyyatla bağlı fundamental biliklərim yaxşı olduğu üçün bu fənlərə adaptasiya olmaq mənə nisbətən rahat gəldi. Amma informatika tamamilə fərqli idi. Bu fənlə 10-cu sinifdə sıfırdan hazırlaşmağa başladım. Azərbaycan dilində isə qrammatika sualları çox vaxt aparırdı. Sağ olsun müəllimim, onun mənə öyrətdiyi kiçik taktikalar sayəsində imtahanda bu fəndən xeyli vaxt qazandım və həmin vaxtı riyaziyyata ayıra bildim. Düzdür, buraxılış imtahanında riyaziyyat fənnində bəzi çətin sualları sonraya saxladığım üçün vaxt baxımından öz real potensialımı tam göstərə bilmədim. Amma bu da mənə böyük bir təcrübə oldu. İindi səhvlərimi, çətinlik çəkdiyim qaydaları sınaq vərəqinin altında mütləq qeyd edirəm və vaxtaşırı həmin qeydləri vərəqləyib səhvlərimin üzərində işləyirəm.

Dərs oxumaq üçün özüməxas, mənə çox kömək edən metodlar kəşf etmişəm. Məsələn, fizika kimi nəzəriyyəsi çox olan fənlərdə vacib qaydaları öz səsimlə diktofona yazırdım. Yolda gedəndə, boş vaxtlarımda qulaqlığı taxıb öz səs yazılarıma qulaq asırdım. Bu həm vaxta qənaət edir, həm də materialın beyində avtomatikləşməsinə kömək edir. Bir də kiçik yaddaş vərəqlərim var; qaydaları yazıb dərs masamda gözümün sataşacağı yerlərə yapışdırıram və fasilələrdə onlara baxıb təkrar edirəm.

Gündəlik rejimimə gəlincə, son iki ayda temp xeyli artdı. Gün ərzində 3 fərqli məşğələm olurdu və evə axşam saat 10-11-də qayıdırdım. Bir az dincələndən sonra, gecə saat 12-dən başlayıb sabaha qədər 3-4-ə kimi fərdi dərslərimi oxuyurdum. Bu gecə rejiminə hələ 8-ci sinifdən öyrəşdiyim üçün mənə heç bir çətinlik yaratmır, əksinə, gecənin sakitliyində daha yaxşı konsentrasiya ola bilirəm. Onu da qeyd edim ki, məktəb proqramı və dərs saatları təkbaşına bu imtahanlara hazırlaşmaq üçün yetərli deyil. Xüsusilə informatika kimi fənlərdə yüksək bal toplamaq, proqram qurmağı öyrənmək və ya fizikadan dərslikdən kənar əlavə materialları mənimsəmək üçün mütəxəssis, yəni repetitor köməyinə mütləq ehtiyac duyulur.

Mənimlə eyni yolu keçən, bu həyəcanı yaşayan bütün abituriyent dostlarıma demək istəyirəm ki, buraxılış imtahanı əslində qorxulu və çox çətin bir şey deyil. Sadəcə düzgün plan qurmaq və bəzi taktikaları bilmək lazımdır. Ən əsası isə şagird özünə güvənməli və imtahanı gözündə çox böyütməməlidir. İmtahan günü o otağa daxil olarkən özünə deməlidir: "Mən bu gün bura gəlmişəm, bu stolda əyləşəcəyəm və əlimdən gələnin ən yaxşısını edəcəyəm". Çünki biz bu vaxta qədər onsuz da əlimizdən gələni etmişik. Keçmişə qayıdıb peşman olmaqdansa, həmişə inamla önümüzə baxmalıyıq.

İmtahanda abituriyentlərin ən çox etdiyi səhv vaxtı düzgün bölməyi bacarmamaqdır. Çoxumuzda belə bir arxayınlıq olur. Məsələn, bir şagird bütün il boyu sınaqlara gedir və fikirləşir ki, "Hə, əla, məndə hər şey qaydasındadır, imtahanda da yaxşı nəticə göstərəcəm, vaxtımı tam bölə biləcəm". Amma biz bir şeyi nəzərə almırıq ki, o sınaqlarda olan həyəcan səviyyəmizlə real imtahandakı həyəcanımız heç vaxt bir olmur. Bu fərq də avtomatik olaraq imtahanın gedişatına həddindən artıq çox təsir göstərir. İnsan gərək o həyəcanını stabil tutmağı bacarsın".

Fidan Əliyevanın fikrincə, imtahan zamanı abituriyentlərin ən çox etdiyi səhv həyəcanlanmaqdır:

184364

“İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Buraxılış imtahanından 227 bal toplamışam. IV ixtisas qrupu üzrə hazırlaşıram.

Mənim çox kiçik yaşlarımdan bir hədəfim var idi və o hədəf üçün çalışırdım. İmtahana hazırlıq, abituriyentlik dövrü bir az gərgin bir prosesdir, mən də bir az gərgin idim. Amma ailəmin, ətrafımın dəstəyi ilə bunun öhdəsindən gələ bildim.

İxtisas seçimlərim blok imtahanından sonra daha aydın olacaq, amma özüm insan psixologiyasına çox maraqlı olduğum üçün psixologiya sahəsində işləmək istəyirəm. Bakı Dövlət Universiteti, Xəzər Universitetində psixologiya ixtisası seçimlərim sırasındadır. Amma daha çox Tibb Universitetində “müalicə işi”ni istəyirəm, oradan da psixiatriya uzmanlığı olaraq psixiatr olmağı arzulayıram. Blok imtahanından minimum 300 bal hədəfləmişəm.

Hazırlıq vaxtı günə görə dəyişsə də, gündə təxminən 6-7 saat arasında, bəzən daha çox dərslərimə vaxt ayırıram. Mənim üçün öyrənməkdə ən rahat fənn biologiyadır. Çünki biologiyanı həddindən artıq çox sevirəm. Ən çox çətinlik çəkdiyim fənn isə kimyadır. Mən əzbərləməkdə bir az problem yaşayıram, reaksiyaları əzbərləmək mənim üçün çətin olur, yadda qalmır. Ona görə də əzbərləmək yerinə yazaraq öyrənmək mənə daha uyğun gəlir, kimyaya da daha çox vaxt ayırıram ki, reaksiyalar yaddaşımda yaxşı qalsın. Bir şeyi kor-koranə əzbərləməkdənsə, onun niyəsini, səbəbini araşdırıb öyrənmək mənə daha rahatdır.

Sosial şəbəkələrə gəldikdə, əvvəl sadəcə “YouTube” istifadə edirdim. Amma buraxılış imtahanına yaxın YouTube-u deaktiv etdim. İndi də lazım olmadıqca çox nadir hallarda daxil oluram.

Məncə, repetitorla hazırlaşmaq vacibdir. Bəzi uşaqlar repetitorsuz da hazırlaşa bilər, ya maddi baxımdan, ya da çox savadlı olduqları üçün buna ehtiyac duymaya bilərlər. Amma mən repetitora ehtiyac duyuram, çünki burada həm də proqramı sistemləşdirmək söhbəti var. Sistemi qurmaq lazımdır ki, bu gün hansı mövzunu, sabah hansı mövzunu öyrənəcəyəm. Əlbəttə, məktəbdə də test üsulundakı sualları yaxşı izah edən müəllimlər var, repetitor getmədən də onlardan dəstək almaq olar. Lakin repetitorun əməyi danılmazdır. Qarşındakı müəllim sənin səviyyəni, harada büdrədiyini səndən daha yaxşı görür və sənə düzgün yol göstərir.

Məncə, imtahan zamanı abituriyentlərin ən çox etdiyi səhv həyəcanlanmaqdır. Həyəcan elə mənim də buraxılış imtahanında ən böyük düşmənim oldu. İmtahanın son 15 dəqiqəsinin qaldığını bilmək məni çox böyük stresə saldı. Düşündüm ki, artıq hər şey bitir, illərlə hazırlaşdığım bu mərhələ yekunlaşır. “Görəsən necə olacaq, sualları düz yazdım?” fikirləri beynimdə fırlandığı üçün o son dəqiqələrdə fokuslana bilmədim və çox çətinlik çəkdim. Buna görə də buraxılışda hədəflədiyimdən bir az aşağı bal topladım, əslində daha yüksək gözləyirdim. Bir də imtahanda digər böyük problem cavabları kodlaşdırarkən sürüşdürmə etməkdir. Bu məndə də müəyyən gərginlik yaratdı.

Əvvəlki illərin qəbul sualları ilə indiki dövrü müqayisə etsək, xeyli fərqlər var. Bir vaxtlar buraxılış və blok ayrılmırdı, bütün fənlərdən birdəfəlik imtahan verilirdi. Bunun yaxşı tərəfi o idi ki, açıq suallar yox idi, suallar səviyyəcə daha asan idi və hamısı qapalı testlər olduğu üçün eyni balı verirdi. Mənfi tərəfi isə 3 saata 5 fənni sığışdırmaq məcburiyyəti idi, fəndən fənnə keçid etmək çox stresli və başqarışdırıcı idi. İndiki dövrdə isə imtahanın iki mərhələyə ayrılması yaxşıdır, çünki 3 saata 3 fənn düşür. Amma eyni zamanda suallar çətinləşib və açıq suallar əlavə olunub. Məsələn, buraxılışda Azərbaycan dilindən olan açıq suallar həm çox vaxt aparır, həm də ciddi diqqət tələb edir. Blok imtahanında isə uyğunlaşdırma tipli testlərdə bircə rəqəmi və ya hərfi səhv uyğunlaşdıranda bütün cavab səhv gedir, bu da abituriyent üçün çətinlik yaradır. Amma ümumilikdə yanaşsaq, hər dövrün öz çətinliyi və özünəməxsus tələbləri olub.

Həftəsonu olacaq imtahanın isə orta səviyyədə olacağını düşünürəm. Nə çox qəliz, nə də çox asan olar. Əslində çətinlik və asanlıq nisbi anlayışdır. Hər bir şagirdin yaxşı bildiyi, daha yaxşı mənimsədiyi bir fənn və ya mövzu var. Birinə asan gələn mövzu digərinə çətin görünə bilər, ona görə də bu tamamilə fərdi bir məsələdir".

Putin ŞƏRT QOYDU - Paşinyan bunu rədd etdi
Son xəbərlərDaha çox