https://www.zirve.edu.az/
23.01.2019 09:48
Müəllimlərin summativlərlə bağlı ən çox yaşadıqları çətinliklər- “Obyektivliyimiz şübhə altına düşür”  

Məktəbdaxili qiymətləndirmə qaydalarına edilən dəyişiklər son vaxtların  müzakirə mövzusudur. Bəzi müəllimlər ümumiyyətlə, yeni qaydaları anlamaqda çətinlik çəkdiyini desələr də, digərləri onun aydın şəkildə izahını verir və uğurlu qiymətləndirmə metodu hesab edirlər.

Bəs müəllimlərlə ən çox ünsiyyətdə olan məktəb direktorları yeni qaydalarla bağlı hansı fikirdədirlər. Onlar müəllimlərin ən çox hansı məqamla bağlı anlaşılmazlıqlarını hiss edirlər?

Mövzu ilə bağlı AzEDu.az-a danışan 220 saylı orta məktəbin direktoru Lətifə Əzimova bildirib ki, summativlər keçirilməzdən öncə böyük təqdimat hazırlanıb və  müəllimlər yeni qaydalar barədə məlumatlandırılıb. Yeni il tətilindən dərhal sonra 3 gün ərzində kiçik seminarlar keçirilib. Buna görə də yeni qaydalarla bağlı elə bir çaşqınlıq olmayıb:

“KSQ müəyyən bölmələr üzrə aparılan yerli qiymətləndirmədir. KSQ-lər BSQ-lərin tərkib hissəsi olub, uşağın təlim prosesində inkişafı, qazandığı bilik və bacarıqları müşayiət etmək üçündür. BSQ-də isə artıq yarımil üzrə yerinə yetirilən standartları  yoxlayırıq. Summativlər üçün müəyyən meyarlar əsasında suallar qurulur. Həmin sualları isə xüsusi komisiya hazırlayır”.

“İlklər həmişə belə olur, çaşqınlıq yaranır”

Direktor bildirib ki, müəllimlərdən ən çox eşitdiyi suallar balların hesablanması qaydası ilə bağlıdır:

“Məsələn, KSQ-lərin qiyməti və balı qeyd olunur. Bunlar yanvarın 3-dən sonra keçirilən summativlər üçün idi. Əvvəlki summativləri də bal halına salmaq lazımdır.  Əsasa çaşqınlıq da burada yaranır. Xüsusilə də yanvarın 3-nə qədər olan qiymətləndirmələrdə balı 40%-ə qədər olan şagirdlər “2” alırdılar. Yanvarın 3-dən sonra keçirilən KSQ-də isə 30 bal “2” hesab olunur. Bunların düzgün hesablanması müəllimlərdə sual yaradır. Yəni, əsas çaşqınlıq yanvarın 3-ə qədər və yanvarın 3-dən sonra hesablanan KSQ-lərlə bağlıdır.

Biri var ki, uşaq “2”-ni 30, biri də var ki, 25 və ya 10 balla almaq. Burada bal uşağın xeyrinə göstərilir. Çünki son qiymətləndirmədə BSQ-nin qiyməti çıxarılanda o ballar nəzərə alınır”.

Yeni qaydalara müəllimlərin nə dərəcədə uyğunlaşması məsələsinə gəldikdə isə direktor bildirib ki, qaydalar sırf yeni olduğu üçün müəllimlərə qaranlıq qalıb:

“İlklər həmişə belə olur, çaşqınlıq yaranır. Amma mən əminəm ki, bu, uşağın real bacarıqlarının qiymətləndirilməsinə çox yardımçı olacaq. II yarımildə müəllimlər qaydalara tam uyğunlaşdıqdan sonra heç bir problem qalmayacaq”.

“Bal sisteminin tətbiqi  qiymətləndirmədə ən uğurlu məqamdır”

175 saylı məktəbin direktoru Tural Elmioğlu da məktəbdə yeni təlimata uyğun qiymətləndirmə keçirildiyini bildirib:

“Yeni qiymətləndirmədə bal sisteminin tətbiqi və qiymət çıxarılması məsələsi var. Məktəbdə hələ yoxlanma prosesi gedir və o, qiymətə çevrilməyib. Buna görə də hansısa çaşqınlığın şahidi olmamışam.

Təbii ki, qiymətləndirmə vacibdir. Qiymətləndirmənin hansı formada keçirilməsi  məsələsi var. Bu, həmişə mübahisəli olub. Müxtəlif ölkələr qiymətləndirməyə fərqli yanaşıblar. Bizdə də buvaxta qədər olan istənilən qiymətləndirmədə tənqidə açıq məqamlar da ola bilər. Amma fikrimcə, bal sisteminin tətbiqi ən uğurlu məqamdır”.

O, bir direktor kimi ən çox çətinlik çəkdiyi məsələni də qeyd edib:

“Qapalı tipli testlərin yoxlanması mənim üçün daha asan və obyektivdir. Çünki uşaq ya səhv yazıb, ya da düz. Amma uşağın bilik və bacarığını ölçmək baxımından əlbəttə ki, açıq tipli testlər daha əlverişlidir. Amma burada bal və qiymətin çıxarılmasında bizim obyektivliyimiz şübhə altına düşə bilir. Söhbət subyektiv səbəblərdən getmir. Çünki açıq tipli tapşırığın yoxlanması hər şeydən əvvəl uzun prosesdir. Amma əgər tam dəqiqlik və ədalətlə yoxlana bilərsə, uşağın bacarığının ortaya çıxması baxımından ən əlverişlisi açıq tiplilərdir”.

“Bir çox məktəbin tətbiq etdiyi üsul budur”

Qiymətləndirmə tapşırıqlarının orijinal hazırlanması məsələsinə gəlincə isə direktor özünün tətbiq etdiyi məsələni diqqətə çatdırıb:

“Bu işi hər məktəb öz müəllimi ilə həll edir. Mən Pedaqoji Şurada müəllimlərdən xahiş etdim ki, hər ay öz mövzularına uyğun test tapşırıqları hazırlasınlar. Yarımilin sonunda onlar bir yerə yığılsın. Məsələn, Azərbaycan dili fənnindən rəhbərliyin əlində V siniflərə aid  I yarımilin tapşırığı səviyyəsində 1000 sual var. Onun içindən yaxşıları seçirik. Bir çox məktəbin tətbiq etdiyi üsul budur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları