İngiltərə hökuməti məktəblərdə smartfon istifadəsinə dair qanuni qadağa tətbiq etməyə hazırlaşır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni təşəbbüs “Uşaqların Rifahı və Məktəblər Haqqında Qanun”a əlavə olunacaq maddə ilə rəsmiləşdiriləcək və məktəblər üçün məcburi hüquqi çərçivə yaradacaq.
Təhsil Nazirliyinin (DfE) açıqlamasına görə, bu addım artıq bir çox məktəbdə tətbiq olunan telefon məhdudiyyətlərini qanuni əsasla gücləndirəcək. Daha əvvəl tövsiyə xarakteri daşıyan qaydalar bundan sonra məktəblər üçün icbari olacaq.
Eyni zamanda, təlimatda yer alan və telefonların söndürülərək çantada saxlanmasını nəzərdə tutan “görünməyəcək və eşidilməyəcək” prinsipi ləğv edilib.
Təhsil keyfiyyətinə nəzarət edən qurum apreldən etibarən məktəblərdə mobil telefon siyasətlərinin icrasını yoxlamağa başlayacaq.
Qərar müxalifət tərəfindən müsbət qarşılansa da, məktəb rəhbərləri və təhsil birlikləri keçid dövründə əlavə maliyyə dəstəyinə ehtiyac olduğunu bildirirlər. Xüsusilə telefonların saxlanması üçün infrastrukturun yaradılması məsələsi gündəmə gətirilir.
Qeyd edək ki, Birləşmiş Krallığın digər hissələrində bu sahədə fərqli yanaşmalar mövcuddur. Şotlandiyada direktorların qadağa tətbiq etməsinə imkan verən qaydalar qüvvədədir, Uelsdə milli səviyyədə qadağa yoxdur, lakin məktəblər müstəqil qərar verə bilir. Şimali İrlandiyada isə “telefonsuz məktəb” pilot layihəsinin nəticələrinin yaxın aylarda açıqlanması gözlənilir.