Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən BilBacar müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə birinci, yəni onlayn mərhələsi başa çatıb.
AzEdu.az xəbər verir ki, 2025-ci ilin noyabr ayında start verilən müsabiqədə respublikanın 1300-dən çox ümumi təhsil müəssisəsinin III və IV siniflərindən 160 000-ə yaxın şagird iştirak edib. Müsabiqənin onlayn mərhələsi olan I hissədə şagirdlər məktəb koordinatorunun nəzarəti ilə yarışlara cəlb olunublar. Şagirdlər yarışa hazırlaşmaq məqsədilə hər ay hazırlıq suallarını cavablandıraraq məşq ediblər.
Müsabiqə ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaq məqsədilə həyata keçirilir.
Hər sinif üzrə 150 nəfər olmaqla ümumilikdə 300 şagird finalda iştirak hüququ qazanacaq. Yaxın həftələrdə final mərhələsinə keçən şagirdlərə məlumat veriləcək və onlar müsabiqənin əyani mərhələsinə dəvət olunacaqlar. Finalçılara mərhələ ilə bağlı daha ətraflı məlumat təqdim ediləcək.