Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-10 11:10:00
Zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar verildi - FOTOLAR

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatların təqdim edilməsi mərasimi keçirilib. İlkin leytenant hərbi rütbəsi verilən məzunlardan bir qrupu ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, əvvəlcə buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edilib. Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə ordu, birləşmə və hissələr böyük təşkilatlanma yolu keçərək hər keçən gün daha da güclənir. Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2018-ci tədris ilini uğurla başa vuran Naxçıvan Qarnizonu qoşunlarında ixtisas hazırlığı kurslarında iştirak edərək peşəkar hərbçi kimi yetişmək istəyən gənclərin sayı daha da artmaqdadır. Tarixə qızıl hərflərlə yazılan Günnüt əməliyyatının uğurla nəticələnməsi kurslarda peşəkar döyüşçü kimi yetişən hərbçilərimizin sayəsində mümkün olub. İnanırıq ki, hər bir məzun kursda qazandığı biliklər nəticəsində peşəkar, vətənpərvər əsgərlərin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Əlahiddə Ümumqoşun Orduda təşkil edilmiş zabit hazırlığı kursunu bitirən məzunlardan bir qrupu ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edəcək. Bu gün məzun olan hərbi rəhbərlər şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar. Belə ki, hərbi rəhbərlərin “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini rahat şəkildə, peşəkar səviyyədə tədris etmələri üçün Naxçıvan Muxtar Respublikasında hərtərəfli şərait yaradılıb. Həm də “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması məqsədilə Əlahiddə Ümumqoşun Orduda ildə iki dəfə olmaqla təlim toplantıları keçirilir.

Məzun Hüseyn Bağırov peşəkarlıqlarının artırılmasına xidmət edən zabit hazırlığı kursunun muxtar respublikamızda təşkil olunmasının hərb işinə verilən yüksək dəyər olduğunu vurğulayaraq dövlətimizə minnətdarlığını bildirib.

Sonra general-mayor Fazil Ağalarov məzunların ilkin leytenant hərbi rütbəsi verilməklə ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları haqqında müdafiə nazirinin əmrini çatdırıb. Əmr oxunduqdan sonra kursu daha yüksək qiymətlərlə 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və qiymətli hədiyyələr, bütün məzunlara isə sertifikatlar təqdim edilərək xidmətlərində uğurlar arzulanıb.

Kurs birincisi Abbas Səfərov xatirə lövhəsinə buraxılış emblemini vurub. Məzunlar döyüş bayrağı qarşısında and içdikdən sonra tribuna önündən təntənəli keçid olub. Sonda məzunlarla xatirə şəkili çəkdirilib.