“Buraxılış imtahanları kütləvi imtahanlardır. Yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir. Bizdə müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var. Müəllimlər bu prosesə qoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləri də sürətlənər” – bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri söyləyib.
Maraqlıdır ki, marker müəllim çatışmazlığı probleminin mövcud olduğu bir şəraitdə müəllimlərin bu prosesə qoşulmağa maraq göstərməməsinin səbəbi nədir?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb.
O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin təklifləri marker müəllimlər üçün cəlbedici deyil:
“Marker müəllimlərin Dövlət İmtahan Mərkəzi tərəfindən cəlb olunması müəyyən standartlar çərçivəsində olmalıdır. Onlara belə təkliflər olunmalıdır ki, diqqətlərini çəkə bilsin. Marker müəllimlər, əsasən, Dövlət İmtahan Mərkəzinin açıq suallarını yoxlamaq üçün cəlb olunan şəxslərdir və bu proses vaxt aparan bir işdir.
Markerlər, sözsüz ki, repetitor kimi fəaliyyət göstərən müəllimlərdir və əlavə vaxt sərf etməmək üçün bu işə müəyyən qədər laqeyd yanaşırlar. Əgər Dövlət İmtahan Mərkəzi markerlər üçün həvəsləndirici addımlar atsa və onların diqqətini cəlb edə bilsə, əlbəttə ki, əlavə qazanc fürsətindən kim qaçar? Amma indiki halda Dövlət İmtahan Mərkəzinin təklifləri işi bacaran müəllimlər üçün cəlbedici deyil”.