2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar ənənəvi olaraq test üsulu ilə keçiriləcək.
AzEdu.az xəbər verir ki, abituriyentlər, həmçinin subbakalavrlar ixtisas imtahanlarında iştirak edib müsbət qiymət aldıqdan sonra nəzəriyyə fənləri üzrə imtahanlarda iştirak hüququ qazanırlar.
İştirakçıların imtahana daha da yaxşı hazırlaşmalarını təmin etmək üçün musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio, musiqi ədəbiyyatı fənləri üzrə onlayn sınaq imtahanları otk.az saytında yerləşdirilib. Abituriyentlər müvafiq keçidlərə (Azərbaycan bölməsi və rus bölməsi) daxil olaraq onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.
Sayta yerləşdirilmiş onlayn sınaqda (Musiqi sənəti (№ 3)) dörd imtahan istifadəçilərə təqdim edilib:
Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasına, 10 sual isə musiqi nümunələrinin təyin edilməsinə aiddir. Nəzəriyyə fənləri üzrə imtahanda verilmiş 60 sualdan 20-si Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə (5 dinləmə, 15 nəzəri sual), 20-si Harmoniya fənni üzrə (5 dinləmə, 15 nəzəri sual), 20-si Musiqi ədəbiyyatı fənni üzrədir (8 dinləmə, 12 nəzəri sual).
Qeyd edək ki, 20-ci komissiyadan başqa bütün komissiyalar üzrə imtahan fənləri hər biri ayrılıqda təqdim edilib. Yalnız 20-ci komissiya üçün nəzəriyyə fənləri üzrə imtahan 60 sualdan ibarət olaraq birgə təqdim edilib.
Musiqi sənəti istiqaməti üzrə ixtisasların komissiyalar üzrə bölgüsü, qeydiyyat zamanı nəzərə alınan şərtlər və imtahanların siyahısı ilə buradan tanış ola bilərsiniz.
Musiqi sənəti istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul şərtləri və qaydaları, eləcə də qiymətləndirmə meyarları, imtahan proqramları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Musiqi sənəti ” adlı vəsaitdə dərc ediləcək.