Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-05 14:58:00
Xaricdə təhsil alan soydaşımız – “Bizim universitetdə tələbə kreditlərindən yararlana bilərlər"

Son illər gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb. 

Gənclər hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən müəyyən edirlər.  Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından onlar qərarlarından əmin ola bilmirlər. Gənclərin bu kimi suallarını cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur.

Bu yazıda Macarıstanın Korvinus Universitetində təhsil alan Abdulla Məmmədli bu barədə zəruri bilgilərini bizimlə bölüşüb.

Abdulla Məmmədli hazırda Macarıstanda İnternational Economy and Business ixtisası üzrə magirst təhsili alır.

Öncə, universitet haqqında ümumi məlumat:

Korvinus Universiteti Macarıstanın öndə gedən ali təhsil müəssisələrindən biridir. Burada xüsusilə maliyyə, iqtisadiyyat və idarəetmə sahəsində yüksək səviyyəli təhsil verilir.

Ölkənin bir çox keçmiş maliyyə nazirləri, Macarıstanın Milli Bankının rəhbəri və baş nazirləri məhz Korvinus Universitetində təhsil alıb.

Universitetin əsas binası Budapeştin Gömrük Binası adlandırılıb və neo-rennesans stilində inşa edilib. Bina, məşhur macar memarlarından olan Mikloş Ybl tərəfindən tikilib və UNESCO-nun Mirasları siyahısına daxil edilib.

Abdulla bildirib ki, universitetin 15 minə yaxın yerli və əcnəbi tələbəsi var:

“Kornivus Universitetin əsası hazırki adı ilə 1920-ci ildə qoyulub. Ali təhsil müəssisəsi əsasən biznes, iqtisadiyyat və sosial elmlər istiqamətlidir.  Burda 4 dildə (macar, ingilis, fransız və alman) 6 ixtisas tədris olunur. Universitetin böyük və eyni zamanda müasir kitabxanası var. Kitabxana hər zaman tələbələrlə dolub daşır. Hətta universitetə gəlmədən onun virtual kitabxanasından da istifadə etmək olar”.

Onun sözlərinə görə, universitetdə təhsil alan tələbələr aşağı faizli tələbə kreditlərindən də yararlana bilirlər:

“Kornivus Universitetində təhsil və yaşayış xərclərinin tam və ya bir qismini qarşılayan müxtəlif təqaüd proqramları var.  Bunlara "Stipendium Hungaricum", "Campus Mundi", "Intra-Visegrad Scholarships" və s. kimi təqaüd proqramlarını aid edə bilərəm.

Onu da bildirim ki, oxuduğum "İnternational Economy and Business" ixtisasında təhsil haqqı illik 5000 avro civarındadır.

Korvinus Universitetində öz hesabına maliyyələşən tələbələr təhsil haqını hissə-hissə ödəyə bilərlər. Eyni zamanda onlar aşağı faizli tələbə kreditlərindən də yararlana bilərlər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları