Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 16:50:26
Universitetlərdə qış imtahanları keçirilir - Ən yaxşı şəfafflıq hansı ali məktəbdədir?    

Yanvar ayı  ali məktəblərdə qış imtahanların keçirilməsi ilə xarakterizə olunur. Tələbələr bir ay boyunca, əlaçılıq, zərbəçilik ya da sadəcə imtahanları kəsrsiz yola vermək uğrunda bir növ mübarizə aparırlar.

Bu il payız semestrinin qış imtahan sessiyası yanvar ayının 3-dən başladı.  ADA Universiteti istisna olmaqla bütün ali məktəblərdə bu ayın sonuna qədər imtahanlar davam edəcək.

AzEdu.az xəbər verir ki, Modern.az-ın əməkdaşı  ali məktəblərlə əlaqə saxlayıb, imtahan ayına hazırlıq, tələbələrin təklif və şikayətləri haqqında maraqlanıb.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Pərvanə İbrahimovanınsözlərinə görə, BDU-nun rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov imtahan başlamazdan əvvəl dekanlar, koordinator-müəllim və rəhbər koordinatorlarla görüşüb:

“Görüşdə Firudin Qurbanov imtahanların şəffaf keçiriləcəyinə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağına əminliyini ifadə etdi.

BDU-da 22 minə yaxın bakalavr və 1523 nəfər magistrantın iştirak etdiyi imtahanlar yanvarın 3-dən 31-dək keçiriləcək.

İmtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb. Bu məqsədlə universitetin bütün tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb.

Onu da qeyd edək ki, imtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidmətindən isə bildirilib ki, ayın 3-dən başlayan imtahanlar bu gün də normal axarda davam edib:

“Əgər tələbələrin hər hansı müraciətləri olarsa, onlar rektorumuzun şəxsi Facebook hesabına da yaza bilərlər. Həmçinin, hər həftənin şənbə günü rektor və İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “açıq qapı” günləri keçiriləcək. Kiminsə problemi olarsa, “açıq qapı” günündə müraciətini səsləndirə, yaxud “Qaynar xətt”ə zəng edə bilərlər.

İmtahanlar yekunlaşandan sonra İctimai  Nəzarət Şurasının üzvlərinin də iştirakı ilə hətta hər fakültənin monitorinqi aparılacaq. Tələbələrin apelyasiya şikayətləri 5 gün ərzində cavablandırılır. Apellyasiya şikayəti elektron şəkildə həyata keçirilir.

İmtahanların sonunda bizdə anonim sorğu keçiriləcək və tələbələrimizin nədən narazı qalması, təklif və şikayətləri öyrəniləcək”. 

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli qeyd edib ki, ali məktəbdə imtahanlar tam şəffaf şəkildə keçirilir:

“Universitetin rektoru Kamal Abdulla dəfələrlə Valideynlər Şurasının üzvlərinə müraciət edib və imtahana məsul olan şəxslərə də tapşırıb ki, valideynlər mütləq imtahan prosesini müşahidə etməlidirlər.

Yaxın günlərdə ADU-da mediatur keçirməyi də planlaşdırmışıq. Mətbuat nümayəndələri üçün şərait yaradırıq ki, imtahan prosesini müşahidə etsinlər.

Bu sessiyada bəzi yeniliklər var. Rektorumuzun qərarı ilə imtahan müddəti 2 saatdan 3 saata qədər uzadıldı. Tələbələrin təklif və şikayətləri ilə məşğul olacağıq. ADU tələbələri imtahan nəticələrindən narazı qaldığı halda apellyasiya şikayəti vermək hüququ qazanırlar. Əvvəl bir gün müddətində apellyasiyaya vermək hüquqları var idi. İndi isə növbəti imtahana qədər onlar apellyasiyaya şikayət edə bilərlər.

Tələbələr üçün yaradılan imtahan qərargahının üzvləri onların müraciətlərinə baxacaq. Həmçinin, ADU tələbələri şəxsən rektora da müraciət edə bilərlər. İndiyə qədər Kamal müəllimə müraciət edənlər çox olub. Rektorumuz səbrlə tələbələri dinləyib, onların xeyrinə addımlar atır”.  

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də imtahan sessiyası başlayıb. Universitetdən verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun  “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 11 dekabr 2018-ci il tarixli əmrinin icrası ilə bağlı müvafiq addım atılıb:

“Payız semestrinin imtahan sessiyasında tələbələrin şikayətlərinin araşdırılması və düzgün qiymətləndirilməni təmin etmək məqsədilə 9 nəfərdən ibarət Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyasının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqovdur. Apellyasiya Komissiyası ADPU-nun Üzeyir Hacıbəyli küçəsi-68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 240 nömrəli  otaqda fəaliyyət göstərir. Apellyasiya Komissiyasının telefon nömrəsi 498-17-94-dür. Eyni zamanda, payız semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə 8 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb. İmtahan Qərargahının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Asif Axundovdur. İmtahan Qərargahı və “Qaynar xətt” də universitetin Üzeyir Hacıbəyli küçəsi-68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 205 nömrəli otaqda fəaliyyət göstərir”.

Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza da universitetdəki imtahan sessiyası haqqında danışıb. O diqqətə çatdırıb ki, Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq, Bakı Mühəndislik Universitetində (BMU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası yanvar ayının 3-də başlayıb və fevral ayının 2-dək davam edəcək:

“İmtahan prosesində tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Bütün imtahanların nəticələri günün sonunda BMU-nun Tələbə Məlumat Sisteminə (TMS) yerləşdirilir. Qeyd edək ki, BMU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah və onun nəzdində “Qaynar xətt” də yaradılıb”.

Dövlət Gömrük Komitəsinin Akademiyasında isə rəis Qulu Novruzovun sərəncamı ilə qış sessiyasında imtahanların təşkili və onların gedişinə ciddi nəzarətin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb. Akademiyadan verilən məlumata görə, Qulu Novruzov işçi qrupun üzvləri ilə görüşüb, imtahanların təşkilinin və nəzarətin yüksək səviyyədə həyata keçirilməsinin, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunmasının vacibliyini bildirib:

“Sessiyanın gedişində tələbələrə imtahanlarla bağlı şikayət, rəy və təkliflərini müvafiq elektron ünvana göndərmək imkanı yaradılıb. Bununla yanaşı, imtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq məqsədilə apellyasiya komissiyası da fəaliyyət göstərir. Akademiyada imtahanlar yanvarın 3-dən fevralın 1-dək keçiriləcək”. 

Azərbaycan Universitetində rektor Səadət Əliyevanın əmri ilə “İmtahan qərargahı” yaradılıb. Universitetin məlumatına görə, qərargahın məqsədi payız semestrinin imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunması, sessiya dövründə  tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin edilməsi, imtahanların təşkilinə və gedişinə nəzarət, yarana biləcək neqativ halların aradan qaldırılmasıdır:

“Qərargaha daxil olan hər bir müraciət və şikayətlərin operativ şəkildə araşdırılması üçün tədbirlər görülüb. Həmçinin, sessiya dövründə şəffaflığın təmin edilməsi üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılır. İmtahanlarda iştirak etmək istəyənlər (+99412) 431 41 12 (daxili 118) nömrəli telefon vasitəsi ilə Tədris şöbəsinə müraciət etməlidirlər.

Qış imtahan sessiyası dövründə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş münaqişələrin aradan qaldırılması üçün Apellyasiya Komissiyası da fəaliyyət göstərir.