https://www.zirve.edu.az/
30.03.2018 07:10
Sınaq imtahanında iştirak etmək üçün 24 minədək abituriyent qeydiyyatdan keçib - RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün aprelin 1-də respublikamızın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

DİM-dən AzEDU-ya bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı və Xaçmazda, ümumilikdə 49 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 23 min 579 abituriyent qeydiyyatdan keçib.

Bir növbə üzrə keçiriləcək sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1408 nəzarətçi-müəllim ayrılıb.

İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və “imtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.