Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-03 17:00:00
MEK-in bu sahələrdə problemləri var - İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 2018-ci ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq kitabxanada oxuculara göstərilən müasir xidmətlər sistemi, fondlara daxil edilən yeni qiymətli sənədlər, kolleksiyalar, Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri münasibətilə reallaşdırılan müxtəlif formatlı layihələr, Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi, UNESCO-nun işçi qrupunun üzvü qismində görülən işlər, ictimaiyyətlə əlaqələr, beynəlxalq akademik qurumlarla əməkdaşlıq, yeni layihələr və tədbirlər də daxil olmaqla kitabxananın 2018-ci ildəki fəaliyyətinin ən yüksək qiymətə layiq olduğunu bildirib.

Kitabxanadan AzEdu.az-a bildiriblər ki, akademik İ.Həbibbəyli MEK-in “Vikipediya” Metodik Mərkəzinin yüksək rəqabətqabiliyyətli quruma çevrildiyini söyləyib, onun informasiya təhlükəsizliyinin təmin olunması, bir neçə dildə yayımlanması istiqamətlərində fəaliyyətini yüksək qiymətləndirib. Nadir Fondda mühafizə olunan sənədlərin vahid kataloqunun hazırlanıb istifadəyə verilməsini tövsiyə edib.

Sonra MEK-in direktoru Leyla İmanova təqdimatla çıxış edərək hesabat ilində görülən işlər barədə məlumat verib. Bildirib ki, MEK-in fəaliyyəti ölkə rəhbərinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, dövlət proqramlarının, AMEA-nın qərar və sərəncamlarının, eləcə də MEK-in strateji hədəflərinin, yeni layihə və təşəbbüslərinin üzərində qurulub.

L.İmanova qeyd edib ki, 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” adlı elektron resurs hazırlanıb və oxucuların istifadəsinə verilib. Resursa kitabxananın MRY bazasında mühafizə olunan və Ulu Öndərə aid 1000-dən çox sənədin elektron reyestri, məlumat bazası, MEK-in hazırladığı videofilm daxil edilib. MEK-in sərgi salonu və akademiklər zalında ümummilli lider Heydər Əliyevin görkəmli siyasi xadim kimi həyat və yaradıcılığını əks etdirən, eləcə də müəllifi olduğu sənədlər kolleksiyası yeni daxil olan əsərlərlə zənginləşdirilib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamlarının icrası ilə bağlı MEK-də “AXC–100”, “Milli yaddaşımıza qaytarılan AXC irsi (Türkiyə arxivləri əsasında)”, “Azərbaycan Silahlı Qüvvələri-100” və “Milli mətbuat informasiya bloku” adlı kolleksiyalar yaradılıb, bir sıra tədbir və sərgilər keçirilib, kitabxana e-kataloq və rəqəmsal baza ilə təmin edilib və ictimaiyyətə təqdim olunub. Qeyd edilib ki, “Vikipediya”da “Azərbaycan Xalq Cümhuriyyəti ayı” çərçivəsində müxtəlif dillərdə 500-dən çox məqalə yaradılıb, redaktə edilib, Bakı şəhərindəki 100 məktəb arasında “Vətənim Azərbaycan” adlı şeir qiraəti müsabiqəsi keçirilib, Şamaxı, Qusar rayonu kəndlərinin orta məktəblərinin kitabxanalarına “Açıq kitabxana” layihəsi çərçivəsində müxtəlif ədəbiyyat nümunələri təqdim edilib, Qobustandakı naməlum türk əsgərinin məzarı ətrafında rəmzi olaraq 100 ağac əkilib, bir sıra dövlət əhəmiyyətli tədbirlərə MEK tərəfindən təşkilatı və informasiya dəstəyi verilib.

Hesabatda MRY bazasının qeydiyyat, rəqəmsallaşdırma, qorunub saxlanılma proseslərinin işlək səviyyəyə gətirilməsi haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə davam edən MRY layihəsinin bazasında mövcud xarici layihələrdən fərqli olaraq, əsasən akademik strukturlar tərəfindən Milli yaddaşa daxil edilməsi məqsədəuyğun sayılan və tövsiyə olunan elmi əsərlər toplanılıb. Qeyd edilib ki, səfirliklər tərəfindən verilən 221 sənəd, eləcə də Azərbaycanın elm və mədəniyyət xadimləri, AMEA-nın həqiqi üzvlərinə aid bio-biblioqrafik göstəricilər hazırlanaraq MRY bazasına əlavə edilib. Kitabxananın oxucu sayı 5 mini keçib və 40-dan çox ölkənin 250-ə yaxın təşkilatı ilə əməkdaşlıq əlaqələri qurulub.

İclasda peşəkar kadr axını, təhlükəsizlik, sənədlərin bərpa və konservasiyası, informasiyanın əlaqələndirilməsi və digər problemlər müzakirə edilib.