XƏBƏRLƏR

21.11.2018 10:10
“Ən titullu alimlərimiz  xaricilərdən köçürür, AMEA-nın heç bir beynəlxalq uğuru yoxdur” – Sərdar Cəlaloğlu

AzEdu.az-ın “Amma və lakin…” rubrikasında qonaqlarımız onlara təqdim olunan cümlələri tamamlayırlar.

Çünki həyatda hər şeyin bir əmması var... Təhsildə də bu gün bir çox uğurlu işlərin şahidi oluruq... Amma və lakin...

Bu “Amma”-nı  rubrikanın budəfəki həmsöhbəti Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlundan eşidək:

-Sərdar müəllim, dövlət ali təhsil müəssisələri təhsilhaqqı baxımından tələbələr üçün daha sərfəlidir, amma və lakin...

...Dövlət universitetlərində təhsilin səviyyəsi aşağıdır. Üstəlik burada korrupsiya geniş inkişaf etdiyinə görə təhsilhaqqının aşağı olmasının heç bir əhəmiyyəti yoxdur.

-2019-cu ildə tətbiq olunacaq yeniliyə əsasən, kollec məzunları universitetlərə imtahansız qəbul oluna biləcəklər. Bu, ali təhsil müəssisələrinə qəbulu kütləviləşdirəcək, amma və lakin...

Çox güman ki, savadlı uşaqlar bu proqramdan kənarda qalacaqlar.

-700 bal toplayan tələbələr orta məktəb proqramını daha dərindən bilirlər, amma və lakin...

Məncə, test sistemi onlarda hərtətəfli deyil, yalnız ixtisaslaşmış biliyin inkişafına səbəb olur.

-Qəbul edək ki, imtahanlarının test üsulu ilə keçirilməsi şəffaflığa şərait yaradır, amma və lakin...

Hansı üsulun tətbiqindən asılı olmayaraq, əsas məsələ ədalətin gözlənilməsidir. O yerdə ki, ədalət yoxdur, üsulun da heç bir əhəmiyyəti qalmır.

-Deyilənə görə, dünya universitetlərinin reytinq cədvəlində Bakı Dövlət Universiteti də təmsil olunur, amma və lakin...

Bu, həqiqətə uyğun deyil.

-Azərbaycan Milli Elmlər Akademiyasında son illər müəyyən canlanma hiss olunur, amma və lakin...

Bu, elmə xeyirli canlanma deyil. Çünki AMEA hələ dünyamiqyaslı heç bir elmi nəticəni ortaya qoya bilməyib.

-Deyilənə görə, alimlərimizin beynəlxalq elmi bazalardakı məqalələrinin sayı artmaqdadır, amma və lakin...

Azərbaycanda plagiatlıq geniş inkişaf etdiyinə görə, çox hallarda hətta ən yüksək titullu alimlərin məqalələri belə yalnız xarici müəlliflərdən köçürülmədən ibarət olur. Hətta xarici jurnallarda çap olunmanın əsasında da müəyyən maddi həvəsləndirmə durur. Yəni, hər hansı məqalə  yüksək elmi tutumuna görə çap olunmur. Pul verib hansısa elmi jurnalda çap etdirirlər. Ona görə də çap sayı artsa da, Azərbaycan elmi dünyada tanınmır...

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu