XƏBƏRLƏR

30.01.2020 15:32
Çində oxuyan soydaşımız: “Azərbaycanlı tələbələr koronavirusa yoluxmayıb, amma...” -MÜSAHİBƏ

“Təhsil aldığım universitetdə hələ ki, heç bir tələbə koronavirusa yoluxmayıb. Koronavirusa görə, Çində marketlərin çoxusu işləmir. Çində işləyən marketlərdə isə maska tapmaq çətindir. Elə buna görə də maskaların qiyməti yüksəkdir”.

Bu sözləri AzEdu.az-a Çində təhsil alan tələbə Lala Ağayeva deyir.

Lala kimdir? Müsahibimizi təqdim etmədən öncə qeyd edək ki, AzEdu.az təhsil portal yeni rubrikaya start verir. “Xaricdə oxu” adlanan rubrika əsasında Hökumətlərarası Təqaüd Proqramları (HTP-dövlət xətti) çərçivəsində xaricdə təhsil alan və məzun olan tələbələrlə silsilə müsahibələr təqdim ediləcək.

 Rubrikanın məqsədi isə dünya elmi və təhsili üçün mayak rolunu oynayan universitetləri orada oxuyan həmyerlilərimizin dili ilə təqdim etməkdir.

İndi isə Lala Ağayevanın öz dilindən TƏQDİMATI:

Mən Lala Ağayeva 19 dekabr 2002-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşam. 2014-cü ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olmuşam. Həmin liseyi isə 2019-cu ildə bitirmişəm.

Hökumətlərarası Təqaüd Proqramları (HTP-dövlət xətti) çərçivəsində  Çinin Beynəlxalq Biznes və Ekonomiya Universitetində çin dili üzrə 1 illik “foundation” (Hazırlıq kursu) oxuyuram. Gələn il isə Pekin Normal Universitetində Biznesin idarəedilməsi üzrə ixtisası üzrə bakalavr təhsilimə başlayacağam. 

"Elm Çində də olsa, onun dalınca gedin"

-Məndən tez-tez  təhsil almaq üçün nəyə görə Çini seçdiyimi soruşurlar. Uşaqlıqdan bəri həmişə dünyanın ən nüfuzlu universitetlərində təhsil almağı  arzulamışam.

Çin universitetlərinin bir çox sahə, xüsusilə biznes üzrə təcrübələri kifayət qədər çoxdur. Elə buna görə də xəyallarımı gerçəkləşdirmək üçün Çin universitetində təhsil almağı seçdim.  Yüksək keyfiyyətli təhsil, mükəmməl tədris metodları və şagirdlər üçün yaradılmış digər şanslar Çini seçməyimin digər səbəblərindəndir. Çində təhsil almaq dünyanın ən zəngin və qədim mədəniyyətlərindən birini öyrənmək imkanını verir.

Çin dili üzrə təhsil almağımın səbəbi bu dilin minlərlə illik tarixə malik olmasıdır. Bu dil dünyanın zəngin və ən çox danışılan dilidir.   Çinin günü-gündən inkişaf edən iqtisadiyyatına nəzər salsaq, çox yaxın zamanda çin dilinə tələbatın daha da artacağını görəcəyik.

Çin dilini bilən biznes insanları Çin bazarına daha asanlıqla daxil ola bilirlər. Bu fakt da çin dilini seçməyimin digər səbəbidir.

 Lalə Çində təhsil aldığı ilk vaxtlarda yaşadığı çətinliklərdən də söz açır:

- Çinə getməzdən öncə bir çox çətinliklərlə qarşılaşacağımı və ölkənin mədəniyyətinə alışmağın uzun zaman alacağını düşünmüşdüm.  Lakin gözlədiyim kimi olmadı və çox tez bir zamanda Çin mədəniyyətinə öyrəşdim. 

Çində ingilis dili bilənlərin sayının kifayət qədər çox olmadığı üçün ilk vaxtlar ünsiyyət qurmaqda çətinlik çəkirdim.  Lakin müəllimlərin köməyi ilə hər bir problemi asanlıqla həll edə bilirik.

 -Valideynlərin əksəriyyəti qız övladlarının xaricdə təhsil istəyinə qarşı olur sizin bu istəyinizi valideynləriniz necə qarşıladılar?

 -IX sinifdən etibarən xaricdə oxumaq qərarına gəldiyim vaxtdan  ailəm məni həmişə dəstəkləyib.  Elə buna  görə də xaricdə təhsil istəyimi dedikdə valideynlərim mənim üçün əllərindən gələni etdilər.

“Qərib ölkənin doğma mətbəxi”

Təbii ki, Çində oxuyan bir tələbəyə yerli Çin mətbəxi haqqında sual verməyə bilməzdik.  Elə cavabını da çox gözləmirik:

 -İnsanların əksəriyyəti Çin mətbəxi dedikdə sadəcə qurbağa, böcək haqqında düşünür. Amma Çin mətbəxi yalnız qurbağa və böcəkdən ibarət deyil, çox zəngindir. Düşünürəm ki, Çində hər bir insanın ağız dadına uyğun yeməklər tapmaq olar.

 -Hökumətlərarası Təqaüd Proqramları (HTP-dövlət xətti) çərçivəsində Çində təhsil şansı əldə etməyin  sirləri…

-Hökumətlərarası Təqaüd Proqramları (HTP-dövlət xətti) çərçivəsində xaricdə təhsil haqqında məlumatı ilk dəfə müəllimim mənə demişdi. Daha sonra özüm də araşdırdım və bunun çox gözəl imkan olduğunu gördüm. İlkin mərhələdə onlayn şəkildə qeydiyyatdan keçdim, daha sonra isə məni müsahibəyə çağırdılar. Müsahibə mərhələsini də keçdikdən sonra son mərhələ olaraq Çin universitetlərinə müraciət etdim və yekun cavabı gözlədik.

 -Lala, Azərbaycanla müqayisədə Çinin yaşam tərzində, cəmiyyətin fikrindəki  fərqlərdən danışardın...

 - Azərbaycanla müqayisədə Çinin yaşam tərzində fərqlər çoxdur. Amma əsas fərqlərdən biri hər şeyin texnoloji cəhətdən inkişaf etmiş və sadə formada həll edilməsidir. Məsələn, ödəniş sisteminin telefonla sadəcə skan kodla həll edilməsi buna nümunədir.  Bir çox problemi  telefona yüklənilmiş proqramlarla həll etmək mümkündür.

 Lala çinli tələbələrin və insanların əsas məşğuliyyətindən də söz açır:

 -Çində tələbələrə verilən şanslar həddən artıq çoxdur. Elə buna görə də tələbələrin dərslərdən əlavə çoxlu əyləncəli və maraqlı zamanları olur. Universitet tərəfindən təşkil olunan yarışlar  tələbə həyatını daha da maraqlı edir. Çində universitet daxilində hər kəs öz hobbisinə uyğun olan klub seçərək boş vaxtlarını dəyərləndirə bilərlər. Bundan başqa Çinin zəngin mədəniyyətini kəşf etmək üçün boş vaxtlarımızda səyahət edirik.

Maraqlıdır, Lalanın oxuduğu universitetdə ondan savayı azərbaycanlı təhsil alır?

-Təhsil aldığım universitetdə məndən başqa 5 azərbaycanlı təhsil alır. Təəssüf ki, bu rəqəm digər ölkələrlə müqayisədə olduqca azdır.

Müsahibimizə hazırda “Çinin bəlası” hesab edilən koronavirusla bağlı suallarımızı da ünvanlayırıq:

-2019-cu ilin dekabrında Çində aşkarlanan koronavirus sürətlə dünyaya yayılır.  Təhsil aldığın universitetdə virusa yoluxan tələbə olubmu?

-Təhsil aldığım universitetdə hələ ki, heç bir tələbə koronavirusa yoluxmayıb.

-Bəs koronavirusa görə Çindəki hazırki vəziyyəti necə qiymətləndirirsən?

-Hazırda Çində 1 aylıq Yeni il tətilidir.  Tətil isə fevral ayının 17-si bitir. Lakin universitetin dünən verdiyi məlumata görə dərslərimiz təxirə salınıb. Vəziyyət çətin olsa da Çin hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görür. Ümid edirəm ki, yaxın bir zamanda koronavirusa qarşı dərman tapılar.

-Sosial şəbəkələrdə yayılan məlumata görə, koronavirus səbəbindən Çində maskaların sayı məhduddur.  Həmçinin, maskaların qiyməti olduqca yüksək məbləğdədir. Bu həqiqəti əks etdirirmi?

 -Son günlərdə koronavirusa görə Çində marketlərin çoxusu işləmir. Çində işləyən marketlərdə isə maska tapmaq çətindir. Elə buna görə də maskaların qiyməti yüksəkdir.

Müsahibin Çin təhsili haqqında düşüncələri 

 -Hazırda bakalavr təhsilimə başlamasam da 4 ay kimi qısa zamanda çin dili səviyyəmin inkişafına nəzər salsam, deyə bilərəm ki, Çində təhsil səviyyəsi mükəmməldir. Çünki 4 ay kimi qısa bir zamanda müəllimlər insanlarla hər bir mövzuda ünsiyyət qurmağı və problemləri asanlıqla deyə bilməyi öyrətdilər.

Azərbaycan və Çin təhsil sistemini müqayisəsi…

-Çinə getmədən öncə də Çin və Azərbaycan təhsilini müqayisə etmişdim. Bu ölkəyə gəlmədən öncə Çin təhsil standartlarının çox yüksək olduğunu bilirdim. Lakin Çində təhsil aldığım müddətdə bunun daha da yaxından şahidi oldum. Çində müəllimlər hər bir dərsi şagirdlərə prezentasiya yolu ilə keçirlər. Kitablar isə daha yeni, təkmilləşmiş vəsaitlərdir.

 -Çinlilər necə, onlar  Azərbaycanda təhsil almaqda nə dərəcədə maraqlıdırlar?

-Təəssüf ki, bir çox çinlinin Azərbaycan haqqında məlumatı belə yoxdur. Amma mən onlarla danışarkən Azərbaycan mədəniyyətini, tarixini öyrənməyə maraq göstərirdilər. Buna baxmayaraq Azərbaycanla müqayisədə Çində təhsil almağı daha üstün hesab edirlər.

 Lala Hökumətlərarası Təqaüd Proqramları (HTP-dövlət xətti) çərçivəsində Çində təhsil almaq istəyənlərə tövsiyələrini də bildirir:

-Çinlilər uğur əldə etmək üçün çox çalışırlar. Elə buna görə də onların “uğur sürətinə” çatmaq üçün çox çalışmaq lazımdır. Çinə gəlmədən öncə tələbələrə çox çalışıb, yorulmamağın yollarını axtarmağı tövsiyə edərdim. Həmçinin, Çində təhsil almaq istəyənlərə gəlmədən öncə hər bir situasiyaya hazırlıqlı və möhkəm olmalarını tövsiyə edirəm. Onu da bildirim ki, indiyə qədər hər bir problemdə dövlət mənə dəstək olub. 

 

Günel Yaşarqızı Müəllifin digər yazıları