XƏBƏRLƏR

09.12.2019 13:46
Vyetnamda İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilib

Hanoy şəhərində ölkəmizin Vyetnamdakı səfirliyi, Vyetnamdakı Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi, “Vyetnamın Səsi” (“Voice of Vietnam” - VOV) teleradio holdinqinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçirilib.

Səfirlikdən AzEdu.az-a verilən məlumata görə, holdinqin binasında keçirilən tədbirdə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, holdinqin prezidenti Nquyen The Ky və qurumun rəhbərliyi, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin direktoru Dao Xuan Tien və mərkəzin əməkdaşları, o cümlədən ədəbiyyat üzrə ali təhsil ocaqları və mərkəzlərin, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov zəngin və qədim tarixə malik ölkəmizin dünya mədəniyyətinin ən qədim mərkəzlərindən biri olduğunu vurğulayıb, bu xüsusda minilliklər boyu Azərbaycan xalqının zəngin mədəni irs yaradaraq dünya mədəniyyət xəzinəsinə layiqli töhfə verdiyini bildirib.

Prezident İlham Əliyevin milli-mənəvi, mədəni dəyərlərimizin qorunub-saxlanılmasına və təbliğinə böyük diqqət yetirdiyini bildirən diplomat dövlətimizin başçısının 2019-cu ili ölkəmizdə "Nəsimi ili" elan etdiyini söyləyərək görkəmli şairin həyat və yaradıcılığı haqqında dolğun məlumat verib.

İmadəddin Nəsiminin nəinki Azərbaycan, ümumilikdə dünya mədəniyyətinin inkişafına misilsiz töhfə verdiyi xüsusi vurğulanıb, şairin yaradıcılığının hələ sağlığında bütün Yaxın Şərq və Mərkəzi Asiyada yaxşı tanındığı diqqətə çatdırılıb.

A.İmanov hələ 1979-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və UNESKO-nun qərarı ilə Bakıda və Moskvada Nəsiminin anadan olmasının 600 illik yubileyinin xarici ölkələrinin nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə keçirildiyini bildirib. Səfir bu xüsusda Ulu Öndərin Azərbaycan mədəni irsinin qorunub-saxlanlması və təbliğinə xüsusi diqqət yetirdiyini, məhz onun təşəbbüsü ilə 1973-cu ildə “Nəsimi” adlı bədii filmin çəkildiyini,1979-cu ildə Bakıda böyük mütəfəkkirin heykəlinin ucaldıldığını deyib.

Səfir A.İmanov beynəlxalq aləmdə Nəsiminin yaradıcılığına böyük maraq göstərildiyini bildirərək, 2017-ci ildə onun vəfatının 600 illiyi münasibətilə UNESKO-nun “Tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin anım proqramı” çərçivəsində tədbirin keçirildiyini, habelə 2019-cu ildə Beynəlxalq Astronomiya Birliyi tərəfindən şairin şərəfinə kiçik planetlərdən birinə Nəsimi adının verildiyini bildirib.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, "Vyetnamın səsi” teleradio holdinqinin prezidenti Nquyen The Ky

İmadəddin Nəsimin yaradıcılığı ilə tanış olandan sonra Azərbaycanın zəngin mədəniyyət və ədəbiyyata malik olduğu qənaətinə gəlməyin mümkünlünü, habelə Azərbaycan ilə Vyetnam arasında çox sayda oxşarlıqların mövcudluğunun üzə çıxdığını bildirib. Onun sözlərinə görə, İmadəddin Nəsimi təkcə böyük şair deyil, həm də bütün dünyada geniş tanınan görkəmli filosofdur.

Nquyen The Ky Azərbaycan Prezidenti tərəfindən 2019-cu ilin "Nəsimi ili" elan edilməsinin Azərbaycan rəhbərliyi və xalqının İmadəddin Nəsimi irsinə verdiyi böyük dəyərin bariz təzahürü olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin direktoru Dao Xuan Tien Nəsiminin əsərlərində böyük fəlsəfə, romantizm, təbiətə və insanlara sevgi, habelə özünüdərketmə kimi məqamların əks etdirildiyini bildirib. O, Nəsiminin həyatı, yaradıcılığı və yaşadığı dövrün Vyetnamın görkəmli şairi və ictimai-siyasi xadim Nquyen Trai ilə bəzi oxşarlıqları olduğunu qeyd edib. Dao Xuan Tien UNESKO-nun dəstəyi ilə dünyanın bir sıra ölkələrində Nəsimiyə həsr olunan tədbirlərin keçirilməsini beynəlxalq aləmin Azərbaycanın zəngin mədəni irsinə göstərdiyi diqqətin əyani sübutu olduğunu deyib.

Vyetnamın tanınmış şairi Phunq Ho Nəsimi yaradıcılığından Vyetnam dilinə tərcümə etdiyi bir neçə şeiri oxuyub.

Tədbir iştirakçıları Nəsiminin Azərbaycan ədəbiyyatının inkişafındakı, habelə Mərkəzi Asiya və Yaxın Şərq ədəbi-mədəni və ictimai-siyasi həyatında rolundan danışıb, görkəmli şairin ədəbi fəaliyyətini müzakirə ediblər. Həmçinin Nəsimi ilə Vyetnamın məşhur şairləri arasında paralellər aparılıb, İmadəddin Nəsiminin həyatı və yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib.

Tədbir Vyetnam kütləvi informasiya vasitələrində geniş işiqlandırılıb.