Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 12:22:00
Diaqnostik qiymətləndirmə, magistratura və qəbul imtahanında ediləcək yeniliklər,  həbs olunan direktor- Təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Ötən həftədə attestat satan direktor işdən qovuldu

Valideynlərin və müəllim kollektivinin şikayəti əsasında Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yerində araşdırma aparılıb.

Araşdırma nəticəsində direktor Günay Rüstəmova tərəfindən məktəbdə təlim-tərbiyə prosesinin təşkil edilməsi və həyata keçirilməsinin keyfiyyətsiz olması, şagirdlərin yekun nəticələrində düzəlişlər edilməsi, təlim nailiyyətləri kifayət etməyən bəzi şagirdlərə qanunsuz olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi, həmçinin “Xüsusi hallar barədə” əmrin və “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” Təlimatın tələblərinin pozulması müəyyən edilib.

Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə məktəbin direktoru Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Azərbaycanda magistraturaya qəbul prosesi sadələşdirilə bilər

"Perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələsinin keçirilməsi ilə əlaqədar ali təhsil müəssisələri ilə müzakirələr yekunlaşıb".

Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, magistratura səviyyəsində qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması üçün müzakirələr də artıq yekunlaşıb: "Hazırlanmış təkliflər aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir".

Geridə buraxdığımız həftədə həm də Cənab Prezident universitetə yeni rektor təyin etdi

Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib

Ötən həftədə həm də məlum oldu ki, magistraturaya qəbul olunacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək

Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Bu qərarla edilən dəyişikliyin tətbiqi ilə əlaqədar dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

Ötən həftə həm də diaqnostik qiymətləndirmədə edilən yeniliklərlə yadda qaldı

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqəsində müsahibə mərhələsi olmayacaq.

Bu barədə Təhsil TV-nin “Həftənin sualı” verilişinin bugünkü buraxılışında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, məktəb psixoloqlarının diaqnostik qiymətləndirilməsi zamanı yalnız test imtahanının keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak edəcək məktəb psixoloqlarına 90 dəqiqə ərzində 60 sual təqdim ediləcək. İmtahana hazırlaşmaq üçün psixoloqlar proqram və ədəbiyyat siyahısı ilə İnsan resursları şöbəsinin rəsmi feysbuk səhifəsində tanış ola bilərlər.

Ceyhun Bayramov əmr verdi

2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. Bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Ədəbiyyat biliciləri” müsabiqəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı nəzərdə tutulur.

Doktorantura imtahanlarında dəyişiklik də oldu

Yüksəkixtisaslı elmi və elmi-peda­qoji kadrların hazırlan­ma­sı məqsədilə ali təhsilin ən yüksək səviyyəsi olan dok­to­ranturaya qəbulda bir sıra dəyişiklər edilib. 

Ötən illər fəlsəfə, xarici dil və ixtisas imtahanları müvafiq ali təhsil müəssisələri  tərəfindən aparılırdı.

Nazirlər Kabinetinin 2019 –cu il 13 noyabr tarixli  443 nömrəli Qərarına əsasən xarici dil imtahanını artıq Dövlət İmtahan Mərkəzi keçirəcək.

Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək.

Həftənin təhsil informasiyaları

AMEA-da ixtisarlar olacaq

“Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademiyanın prezidenti Ramiz Mehdiyevin rəhbərliyi ilə ixtisarların aparılması nəzərdə tutulur”

Bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O, ixtisarların kütləvi xarakter daşımadığını bildirib: “İxtisarlar yalnız artıq qurumların, şişirdilmiş ştatların olduğu yerlərdə, bu lüzumsuz ştatların qabağını almaq üçün nəzərdə tutulur”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi

Dekabrın 3-də Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

İctimai Şuranın rəhbərliyi və üzvlərinin, təhsil ekspertlərinin, KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə şuranın sədri, professor Şahlar Əsgərov, məsul katibi İlqar Orucov çıxış ediblər.

Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

Dekabrın 2-də Təhsil naziri Ceyhun Bayramov “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə “Cisco” şirkətinin vitse-prezidenti Qay Didrix, şirkətin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, şirkətin regional və Azərbaycan üzrə menecerləri iştirak ediblər.

Təhsil naziri Kolumbiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Dekabrın 3-də Təhsil naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Luis Antonio Dimate Kardenas ilə görüşüb.

Görüş zamanı Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonağa məlumat verib.

Nazir müavini Məhəbbət Vəliyeva Beyləqan rayonuna səfər edib

Dekabrın 5-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Beyləqan rayonuna səfər edib.

Məhəbbət Vəliyeva səfər çərçivəsində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbdə olub. Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağında yaradılmış şəraitlə tanış olub və dərs prosesini izləyib. Bildirilib ki, müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları