Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 10:49:00
BMU tələbələrinin növbəti uğuru

Universitet komandası “ICPC 2019-2020 Azərbaycan Çempionu Serifikatı”na və “Cənubi Qafqaz Açıq Çempionatının Yüksək Nailiyyət Sertifikatı”na layiq görülüb

AzEdu.az xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Gürcüstanın Tbilisi şəhərində Biznes və Texnologiya Universitetində keçirilmiş “44-cü ICPC 2019-2020 NERC-Tələbələrin beynəlxalq proqramlaşdırma müsabiqəsi”nin yarımfinal mərhələsində və “Cənubi Qafqaz açıq çempionatı”nda iştirak edib.

Müsabiqələrdə BMU 2 komanda ilə təmsil olunub. “Cənubi Qafqaz açıq çempionatı”nın fərdi müsabiqəsində iştirakçılara 4 saat ərzində 12 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Fərdi müsabiqənin nəticələrinə görə, BMU-nun tələbəsi Ülvi Aslanlı “Yüksək nailiyyət sertifikatı”na layiq görülüb.

Sonra keçirilən ICPC NERC regionu üzrə yarımfinal komanda müsabiqəsinin nəticələrinə əsasən BMU-nun Baku EU 1 komandası (Ülvi Aslanlı, Nicad Hüseynov, Əyyub Nəcəfzadə, komanda rəhbəri: Etibar Seyidzadə) “ICPC 2019-2020 Azərbaycan Çempionu Sertifikatı”na, həmçinin “Cənubi-Qafqaz Açıq Çempionatının Yüksək nailiyyət sertifikatı”na, Baku EU 2 komandası (Nizam Novruzov, Müzəffər Məmmədli, Zəkəriyyə Zəkəriyyəli, komanda rəhbəri: Etibar Seyidzadə) isə “ICPC 2019-2020 Fərqlənmə sertifikatı”na layiq görülüblər.

Yarışmaya ümumilikdə Azərbaycanın 9 ali təhsil müəssisəsindən 16 komanda qatılıb. Komanda müsabiqəsi, eyni zamanda Sankt-Peterburq, Barnaul, Almati şəhərlərində də keçirilib. 11 ölkələnin ali təhsil müəssisələrindən 301 komanda təmsil olunub.

Qeyd edək ki, Azərbaycanın ali təhsil ocaqlarının “44-cü ICPC-Universitet tələbələrinin beynəlxalq proqramlaşdırma müsabiqəsi”nin regional mərhələsində BMU tələbələrindən ibarət Baku EU1 komandası 10 bal toplayaraq ilk yeri tutmuşdu.