Azedu.az

AzMİU-da olimpiada qalibləri mükafatlandırıldı

Ali təhsil

17 İyun 2026, 17:44
AzMİU-da olimpiada qalibləri mükafatlandırıldı

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

AzEdu.az xəbər verir ki, tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti, tələbələr və olimpiada iştirakçıları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan AzMİU-nun Mexanika kafedrasının müdiri, dosent Ceyhun Musayev olimpiada barədə ətraflı məlumat verib. O bildirib ki, yarışın yüksək səviyyədə təşkili məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin professor-müəllim heyətindən ibarət Təşkilat Komitəsi yaradılıb. Komitə tərəfindən olimpiada sualları hazırlanıb, iştirakçıların cavabları qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

Ceyhun Musayev qeyd edib ki, materiallar müqaviməti mühəndislik elmlərinin əsas istiqamətlərindən biridir və bu sahədə keçirilən belə yarışlar gələcək mühəndis kadrların hazırlanmasına, elmi potensialın inkişafına və ölkədə mexanika elminin daha da güclənməsinə mühüm töhfə verir.

Daha sonra çıxış edən AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova olimpiadanın əhəmiyyətindən danışaraq bütün iştirakçıları və qalibləri təbrik edib. Rektor bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində materiallar müqaviməti fənni üzrə zəngin elmi məktəb və uzunillik ənənələr formalaşıb. Professor Gülçöhrə Məmmədova xüsusilə AzMİU-nun görkəmli alimi, professor İbrahim Bəxtiyarovun xidmətlərini vurğulayaraq qeyd edib ki, Azərbaycanda materiallar müqaviməti sahəsində güclü elmi ənənələrin yaranmasında onun müstəsna rolu olub. Rektor bildirib ki, uzun fasilədən sonra Respublika Olimpiadasının yenidən bərpa edilməsi mühəndis təhsilinin inkişafı, elmi-tədqiqat fəaliyyətinin genişlənməsi və yüksək ixtisaslı kadrların hazırlanması baxımından mühüm hadisədir.

O, olimpiadada iştirak edən tələbələrin gələcəkdə ölkənin elmi və sənaye potensialının inkişafına əhəmiyyətli töhfələr verəcəklərinə əminliyini ifadə edib. Rektor, həmçinin son illərdə AzMİU-da tələbələrin elmi fəaliyyətə cəlb olunmasının daha da genişləndiyini, onların müxtəlif olimpiadalarda, elmi konfranslarda və tədqiqat layihələrində iştirak səviyyəsinin artdığını diqqətə çatdırıb.

Professor Gülçöhrə Məmmədova qeyd edib ki, bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbə və magistrantların elmi konfransına 800-ə yaxın elmi məqalə təqdim olunub. Bu göstəricinin universitetdə formalaşan elmi mühitin və tələbələrin tədqiqata artan marağının bariz nümunəsi olduğunu vurğulayan rektor, gələcəkdə də tələbələrin elmə təşviq olunması istiqamətində ardıcıl tədbirlərin davam etdiriləcəyini bildirib. O, Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının ənənəvi xarakter almasının vacibliyini xüsusi qeyd edib.

Tədbirdə çıxış edən AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanova da universitetdə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib. O bildirib ki, son illər tələbələrin elmi fəaliyyətə marağı əhəmiyyətli dərəcədə artıb, onların olimpiadalarda və müxtəlif akademik platformalarda iştirakı genişlənib. Professor Nigar Aslanova bu istiqamətdə əldə olunan nəticələrin ildən-ilə daha da yaxşılaşdığını vurğulayıb.

Daha sonra Azərbaycan Dövlət Dəniz Akademiyasının Tətbiqi mexanika kafedrasının müdiri, professor Yusif Həsənov, Bakı Mühəndislik Universitetinin İnşaat mühəndisliyi kafedrasının müdiri, dosent Afər Əlifov və Azərbaycan Texniki Universitetinin Mexanika kafedrasının müdiri professor Valeh Baxşəliyev çıxış edərək olimpiadanın keçirilməsinin əhəmiyyətindən danışıblar. Natiqlər belə təşəbbüslərin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsinə, istedadlı tələbələrin üzə çıxarılmasına və mühəndislik təhsilinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini bildiriblər.

Çıxışlardan sonra olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunub. Birinci yerin qalibi 1000 manat, ikinci yerin qalibləri 1000 manat, üçüncü yerin qalibləri isə 900 manat məbləğində mükafatla təltif ediliblər. Olimpiadada yüksək nəticə göstərən, lakin mükafatçılar sırasına daxil olmayan bir sıra iştirakçılara isə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Materiallar Müqaviməti üzrə Respublika Olimpiadası mühəndislik təhsili alan tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi, onların elmi fəaliyyətə marağının artırılması, eləcə də ölkənin gələcək mühəndis kadr potensialının gücləndirilməsi məqsədilə təşkil olunub. Olimpiada ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi və mühəndislik elmlərinin inkişafı baxımından mühüm platforma kimi qiymətləndirilir.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox