Bu gün təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günüdür.
İmtahandan maksimum nəticə əldə edən müəllimlərdən biri də Şəmkir rayon Səməd Vurğun adına Düzqışlaq kənd tam orta ümumtəhsil məktəb Musiqi fənn müəllimi Təhminə Verdiyevadır.
AzEdu.az bu münasibətlə Təhminə müəllimin təəssuratlarını öyrənib.
O qeyd edib ki, 60 balı tam toplamaq xəyal kimi görünürdü:
"Artıq 6 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Musiqi fənnindən sertifikasiya imtahanında 60 bal toplamağıma hələ də tam inana bilmirəm. Monitorda bu rəqəmi görəndə keçirdiyim hissləri izah etmək çətindir.
Açığını desəm, imtahandan yüksək bal toplayacağımı gözləyirdim, çünki sentyabr ayından bəri sistemli və planlı şəkildə hazırlaşırdım. Mən öz ixtisasıma qarşı hər zaman məsuliyyətlə yanaşan, öz üzərində işləyən biriyəm. Düzdür, 60 balı tam toplamaq bəlkə də bir qədər xəyal kimi görünə bilərdi. Səhv edə biləcəyimi düşünüb ən azından 50-55 bal arası bir nəticə gözləyirdim. Amma suallarla qarşılaşanda gördüm ki, onlar tam meyarlara uyğun, proqram çərçivəsində hazırlanıb. İxtisasını yaxşı bilən hər bir müəllimin rahatlıqla yaza biləcəyi suallar idi. Elə mən də çox çətinlik çəkmədən, rahatlıqla cavablandırdım".
İmtahana hazırlıq dövründə fərdi olaraq dərslikləri əsas götürdüm:
"Bununla yanaşı, fərqli müəlliflərin test vəsaitlərindən də aktiv şəkildə istifadə etdim. Gün ərzində dərslərimə 3-4 saat vaxt ayırırdım, lakin bu, mütləq hər gün və davamlı şəkildə olurdu. Yalnız metodika (kurikulum) hissəsində məktəbdə çox tətbiq edə bilmədiyimiz və özümü bir qədər zəif hiss etdiyim üçün əlavə müəllim dəstəyinə ehtiyac duydum.
Amma ixtisas fənninə gəlincə, mən hər zaman demişəm və yenə də qeyd edirəm: orta məktəb proqramı çərçivəsində musiqi fənni üçün hər hansı bir repetitor dəstəyinə qətiyyən ehtiyac yoxdur. Əgər savadlı bir müəllimsənsə, oxuduğunu anlayıb dərk edirsənsə, dərslikdə olan materiallar imtahanda yüksək nəticə göstərmək üçün tamamilə yetərlidir. Oturub evdə dərsliklərdən sistemli şəkildə hazırlaşmaq kifayətdir.
Ümumilikdə sertifikasiya imtahanlarının keçirilməsinə gəlincə, bu prosesə münasibətim ikitərəflidir. Bir tərəfdən, bu, müəllimlər üçün psixoloji və mənəvi cəhətdən bir qədər gərgindir, çünki hamımız böyük həyəcan keçiririk və bu, bizə təsir edir. Digər tərəfdən isə, imtahan bizə öz üzərimizdə işləmək, biliklərimizi yeniləmək və fənnimiz barədə daha dərindən məlumat sahibi olmaq üçün mükəmməl bir stimul verir, bizi inkişaf etdirir. Bu baxımdan imtahanların keçirilməsinin tərəfdarıyam. Müsahibə mərhələsindən də yüksək nəticə əldə edəcəyimi düşünürəm".
Yüksək bal toplamaq qeyri-mümkün deyil:
"Məktəblərdə şagirdlərin musiqi fənninə olan marağına gəldikdə isə, düşünürəm ki, hər şey birbaşa olaraq müəllimdən asılıdır. Əgər müəllim dərs prosesində özü həvəsli və enerjili olarsa, bu, şagirdlərə də sirayət edəcək. Mən öz dərslərimdə uşaqlarla birlikdə oxuyuram, onlarla birgə rəqs edirəm, oyunlar oynayıram və eyni zamanda nəzəri bilikləri də onlara aşılayıram. Müəllim fənni düzgün metodika ilə tədris etdikdə uşaqların da marağı yüksək olur. Elə öz dərslərimdə də şagirdlərin aktivliyini, tədbirlərdə böyük həvəslə iştirak etmək istədiklərini hər zaman görürəm.
Sonda həmkarlarıma və növbəti imtahanlara hazırlaşan digər müəllimlərə tövsiyəm odur ki, ilk növbədə özlərinə inansınlar və psixoloji cəhətdən hazır olub emosiyalarını idarə etməyi bacarsınlar. İnansınlar ki, yüksək bal toplamaq qeyri-mümkün deyil. Ən əsası isə pessimist fikirləri kənara qoyub, pozitiv düşünərək hər gün sistemli və məsuliyyətli şəkildə öz üzərlərində çalışsınlar. Uğurun təməli məhz buradadır".