Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov, Elmi-metodiki iş və təlim idarəsinin rəisi Aysel Kişiyeva, Tikinti-texniki ekspertiza şöbəsinin rəisi Taleh Səlimov, Texniki təhlükəsizlik ekspertiza şöbəsinin rəisi Adil Ağalarov, Elmi-metodiki iş və təlim idarəsinin əməkdaşı Bəxtiyar İmranov və AzMİU-nun nümayəndə heyəti iştirak edib.
Qonaqları salamlayan AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova universitetin təhsil, elm və beynəlxalq əməkdaşlıq istiqamətlərində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Rektor qeyd edib ki, müasir dövrdə mühəndislik, informasiya texnologiyaları, tikinti, şəhərsalma və təhlükəsizlik sahələrinin məhkəmə ekspertizası ilə inteqrasiyası xüsusi əhəmiyyət daşıyır.
Professor Gülçöhrə Məmmədova bildirib ki, məhkəmə ekspertizası fəaliyyətində yüksək ixtisaslı mühəndis və texniki mütəxəssislərə olan tələbat ildən-ilə artır. Bu baxımdan AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında qurulan əməkdaşlıq tələbələrin praktiki biliklərinin artırılmasına, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə və ölkənin ekspert potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.
Rektor vurğulayıb ki, universitetdə memarlıq, inşaat mühəndisliyi, materiallar mühəndisliyi, geomatika və geodeziya mühəndisliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya texnologiyaları və digər texniki istiqamətlər üzrə aparılan tədqiqatlar məhkəmə ekspertizası sahəsində yeni yanaşmaların formalaşmasına imkan yaradır.
Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov çıxışında Prezident İlham Əliyevin 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın qarşıya mühüm vəzifələr qoyduğunu bildirib. O qeyd edib ki, bu vəzifələrin uğurla icrası üçün ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Elşən Albəndov vurğulayıb ki, məhkəmə ekspertizası fəaliyyətinin inkişafı yalnız hüquqi biliklərlə deyil, eyni zamanda tikinti, materialşünaslıq, informasiya texnologiyaları, təhlükəsizlik mühəndisliyi və digər texniki sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə sıx bağlıdır. Onun sözlərinə görə, AzMİU ilə qurulan əməkdaşlıq gələcək ekspertlərin hazırlanmasına, innovativ tədqiqatların aparılmasına və ekspertiza fəaliyyətinin elmi əsaslarının möhkəmləndirilməsinə xidmət edəcək.
Görüş zamanı tərəflər arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub. Müzakirələr çərçivəsində tələbələrin Məhkəmə Ekspertizası Mərkəzində istehsalat təcrübələrinin təşkili, birgə elmi konfransların, seminarların və dəyirmi masaların keçirilməsi, məhkəmə ekspertizası sahəsində aktual problemlərin araşdırılması, elmi-metodiki vəsaitlərin hazırlanması, ekspertlərin ixtisasartırma proqramlarının təşkili, eləcə də texnologiya və texniki elmlərlə məhkəmə ekspertizasının inteqrasiyasına yönəlmiş layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin “Yol-nəqliyyat hadisələrinin ekspertizası”, “Əməyin təhlükəsizliyinin tədqiqi”, “Məhkəmə-yerquruluşu ekspertizası”, “Məhkəmə tikinti-texniki ekspertizası” və “Məhkəmə-kompüter texniki ekspertizası” istiqamətlərində xüsusi təlim proqramlarının hazırlanmasının əhəmiyyətini vurğulayıblar.
Görüşün sonunda Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum tələbələrin təcrübə proqramlarının təşkili, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, elmi nəşrlərin hazırlanması, məhkəmə ekspertizasına dair seçmə fənlərin tədris proqramlarına daxil edilməsi, ekspertlərin peşəkar hazırlığının gücləndirilməsi, hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi və digər istiqamətlərdə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur. Sənəd məhkəmə ekspertizası sahəsində insan kapitalının inkişafına, elmi potensialın gücləndirilməsinə və innovativ həllərin tətbiqinə xidmət edəcək.
İmzalanan memorandum AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında strateji tərəfdaşlığın yeni mərhələsini formalaşdırmaqla yanaşı, ölkədə məhkəmə ekspertizası sahəsinin inkişafına, müasir çağırışlara cavab verən peşəkar kadrların hazırlanmasına və elm-təhsil-istehsalat əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verəcək.