XƏBƏRLƏR

21.11.2019 13:43
Bağçaların çox az olduğu bölgələr – Uşaqlar nə itirir?

Aran iqtisadi rayonunda ən az məktəbəqədər təhsil müəssisəsi Hacıqabulda fəaliyyət göstərir.

AzEdu.az məlumat verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuəyə əsasən, bu bölgədə ən çox məktəbəqədər təhsil müəssisəsi Ağcabədidə qeydə alınıb. Burada 36 bağça mövcuddur. Onlarda 2100 azyaşlı təhsil alır.

Say çoxluğuna görə, ikinci yerdə 34 məktəbəqədər müəssisə ilə Göyçay gəlir. Burada 1400 uşaq təhsil alır. Bərdədə 33 məktəbəqədər müəssisədə 1650 azyaşlı oxuyur.

Aran iqtisadi rayonunda ən az məktəbəqədər təhsil müəssisəsi Hacıqabulda fəaliyyət göstərir. Burada cəmi 4 belə müəssisə mövcuddur. Bu müəssisələrdə 202 azyaşlı oxuyur.

Beyləqanda 31, Ağdaşda 30, Yevlaxda 25, Mingəçevirdə 21, Ucar, Saatlı, Sabirabadda 22 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Məktəbəqədər müəssisələrin sayının az olduğu rayonlara  Şirvan (6 bağça), Kürdəmir (11 bağça), Salyan (17 bağça), Zərdab (19 bağça) da daxildir.

Bölgədə ən çox sıxlıqBeyləqan, Ağcabədi, Neftçala, Zərdab, Kürdəmir, Saatlı, Şirvan, Yevlax rayonlarında, ən az sıxlıq isə Hacıqabulda müşahidə edilib. Hacıqabulda 100 yerə düşən şagird sayı 65, sıxlığın çox olduğu rayonlarda isə elə 100-dür.

Qeyd edək ki, AzEdu.az Azərbaycanın ayrı – ayrı bölgələrindəki məktəbəqədər təhsil müəssisələri, onların sayı və vəziyyəti ilə bağlı yazıları mütəmadi davam etdirəcək.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu