Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin tabeliyində Polimer Materialları İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşlarının birgə məqaləsi nüfuzlu jurnalda dərc olunub.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, Polimer Materialları İnstitutunun sabiq dissertantı, Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimyası kafedrasının professor köməkçisi Şəhanə Quliyeva, institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov və Makromonomer əsaslı polimer materialları laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aygün Əlixanovanın həmmüəllifi olduqları məqalə Q1 kvartilinə daxil olan “Polymers” jurnalında (2026, Volume 18, Issue 12, pp. 1507-1530, //doi.org/10.3390/polym18121507) dərc edilib.
“Synthesis and Comparative Investigation of ortho-, meta-, and para- Carboxyphenylmaleimide Styrene Copolymers” (Orto-, meta- və para- karboksifenilmaleimid stiren sopolimerlərinin sintezi və müqayisəli tədqiqi) adlı məqalədə N-karboksifenilmaleimidlərin (o-, m- və p-izomerlər) stirolla sopolimerləşməsi, izomer quruluşunun monomer reaktivliyinə və polimer xassələrinə təsiri təqdim olunub. Alınan sopolimerlərin quruluşu (NMR, İQ və UB spektroskopiya), reoloji və termiki xassələri, həmçinin antimikrob aktivliyi ətraflı
tədqiq edilib.
Qeyd edək ki, 2025-ci il üzrə impakt faktor göstəricisi 5.8, Scopus CiteScore göstəricisi isə 11.0 təşkil edən jurnal Multidisciplinary Digital Publishing Institute (MDPI) nəşriyyat platformasında yayımlanır, beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir.