Azedu.az

BMU məzunu dünyanın 8 nüfuzlu universitetindən qəbul alıb

Ali təhsil

11 Avqust 2026, 11:29
BMU məzunu dünyanın 8 nüfuzlu universitetindən qəbul alıb

Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter elmləri” ixtisasının 2026-cı il məzunu Rafət Bayramov kibertəhlükəsizlik istiqaməti üzrə dünyanın 8 nüfuzlu ali təhsil müəssisəsindən qəbul alıb.

AzEdu.az xəbər verir ki, BMU məzunu Böyük Britaniyanın Mançester Universiteti (University of Manchester), London Kral Kolleci (King’s College London), Bristol Universiteti (University of Bristol), Birmingem Universiteti (University of Birmingham) və Lids Universitetində (University of Leeds) kibertəhlükəsizlik proqramları üzrə təhsil almaq hüququ qazanıb.

Bundan əlavə, o, İtaliyanın Roma Sapienza Universitetində (Sapienza University of Rome), Macarıstanın Eötvös Loránd Universitetində (ELTE University), eləcə də Óbuda Universitetində (Óbuda University) kibertəhlükəsizlik mühəndisliyi proqramları üzrə qəbul olunub.

Rafət Bayramov təhsilini QS reytinqində dünyanın TOP 35, Avropanın isə TOP 10 universiteti sırasında yer alan Mançester Universitetində davam etdirmək qərarına gəlib. O, bu nüfuzlu ali təhsil müəssisəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alacaq.

Qazandığı uğurla bağlı fikirlərini bölüşən Rafət Bayramov BMU-da qazandığı akademik biliklərin gələcək hədəflərinin formalaşmasında mühüm rol oynadığını bildirib. Qarşıdakı mərhələdə əsas məqsədinin kibertəhlükəsizlik sahəsində müasir yanaşmaları və beynəlxalq təcrübəni dərindən mənimsəmək olduğunu qeyd edən BMU məzunu gələcəkdə Azərbaycanın sürətlə inkişaf edən rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına və informasiya təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməyi əsas hədəfi kimi müəyyənləşdirib.

Rafət Bayramovun qazandığı bu nəticə BMU tələbə və məzunlarının beynəlxalq səviyyədə rəqabətqabiliyyətli hazırlığının, eləcə də universitetdə müasir texnologiyalar, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi istiqamətlərində həyata keçirilən işlərin mühüm göstəricisidir.

Xətai davası dayanmır, Elçibəyə ittihamlar - Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox