Azedu.az

Xaricdə təhsil almaq istəyənlər üçün - Ən sərfəli və yaxın ölkələr

Xarici təhsil

22 İyun 2026, 16:34
Xaricdə təhsil almaq istəyənlər üçün - Ən sərfəli və yaxın ölkələr

Xaricdə təhsil almaq istəyən bir çox abituriyent və tələbələr üçün uzaq ölkələrdə təhsil almaq həm şəxsi, həm də ailəvi səbəblərə görə çətin görünür. Valideynlərin narahatlığı və məsafənin uzaq olması bəzən gənclərin seçimlərinə təsir edir. Bəzi gənclər isə yaxın ölkələrdə təhsil almaqdansa, ümumiyyətlə xaricdə təhsil almamağın daha yaxşı olduğunu düşünürlər. 

Bu halda Azərbaycana yaxın ölkələr arasında hansı ölkələrin təhsil sistemi daha keyfiyyətli hesab olunur və təhsil almaq üçün daha əlverişlidir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, yaxın ölkələrdə təhsil almaqdansa, ümumiyyətlə xaricə getməmək fikri doğru deyil:

183346
 

“Azərbaycana yaxın yerləşən ölkələr arasında tələbələrin təhsil almaq üçün ən çox üstünlük verdiyi ölkə Türkiyədir. Ümumilikdə isə Türkiyə, Rusiya və Gürcüstan ingilisdilli proqramlar, təhsil keyfiyyəti və əlçatanlıq baxımından ən yaxşı seçimlər hesab olunur. Yaxın ölkələrdə təhsil almaqdansa, ümumiyyətlə xaricə getməmək fikrinin doğru olmadığını düşünürəm. Çünki xaricdə təhsil almaq tələbəyə həm beynəlxalq mühitdə olmaq imkanı qazandırır, həm də müstəqil yaşamaq təcrübəsi verir.

Keyfiyyətli təhsil verən və əlverişli ölkələr sırasında, qeyd etdiyim kimi, Türkiyə Respublikası ən çox üstünlük verilən ölkələrdən biridir. Türkiyə diplomu dünyada tanınır, dil və mədəniyyət baryeri yoxdur, təqaüd proqramları isə kifayət qədər genişdir. Bildiyiniz kimi, Türkiyənin YTB təqaüd proqramı olduqca unikal proqramlardan biridir. Bundan əlavə, Türkiyədə çoxsaylı nüfuzlu universitetlər fəaliyyət göstərir və hesab edirəm ki, bu universitetlər keyfiyyətli təhsil təqdim edir. Bu baxımdan Azərbaycan gənclərinin məhz Türkiyəni seçməsi, xüsusilə də söhbət nüfuzlu universitetlərdən gedirsə, onlar üçün böyük üstünlük hesab oluna bilər.

Rusiya Federasiyasında ümumilikdə fundamental elmlər, mühəndislik və tibb sahələri üzrə güclü universitetlər fəaliyyət göstərir və bu ölkə geniş dövlət kvotalarına malikdir. Bu baxımdan, təbii ki, Rusiyada təhsil almaq istəyən gənclərin seçiminə böyük hörmətlə yanaşıram. Digər tərəfdən, qonşu dövlətlər arasında Gürcüstanın beynəlxalq akkreditasiyaya malik, ingilisdilli tibb və biznes proqramları təklif edən universitetlərini də unutmamaq lazımdır. Eyni zamanda, qeyd etdiyim hər üç qonşu dövlətə vizasız gediş-gəlişin mümkün olması da tələbələr üçün mühüm üstünlüklərdən biridir”.

Son illərdə sürətlə inkişaf edən yaxşı universitetlərimiz var, amma bu o demək deyil ki, bizim gənclərimizin hamısı Azərbaycanda təhsil almalıdır:

“Ümumilikdə, yaxın ölkələrdə təhsilin üstünlüklərinə toxunmaq istəyirəm. Mədəni uyğunlaşma kifayət qədər sürətlidir və valideynlər üçün də övladlarını ziyarət etmək asandır. Gənclərimizin gediş-gəlişi rahat olur və bu mənada tələbələrimiz qonşu dövlətlərin mühitində - baxmayaraq ki, həmin mühit də onlar üçün yad mühitdir. Bütövlükdə adaptasiya baxımından əlavə üstünlük qazanırlar.

Eyni zamanda nəqliyyat xərcləri azdır, tələbələr evə tez-tez gedib-gələ bilirlər. Qeyd etdiyim kimi, valideynlər də övladlarını ziyarət etmək üçün tez-tez səfər edə bilirlər. Ölkələr yaxın olsa da, fərqli sistemdə təkbaşına yaşamaq gənclərin şəxsi inkişafını sürətləndirir.

Bu mənada, əlbəttə ki, mən gənclərin, ümumilikdə Azərbaycan gənclərinin xaricdə təhsil almaqla bağlı arzularına dəstəyimi ifadə edirəm və hər zaman bu fikirdə olmuşam. Təbii ki, Azərbaycan gənclərinin səsi dünyanın ən nüfuzlu universitetlərindən gəlir. Baxmayaraq ki, son illərdə sürətlə inkişaf edən, həm dünya reytinqlərində, həm də ümumilikdə təhsil keyfiyyəti baxımından yüksələn yaxşı universitetlərimiz də var. Hətta elə universitetlərimiz var ki, Şərqi Avropa ölkələrinin universitetləri ilə təhsil baxımından rəqabət apara bilir. Amma bu o demək deyil ki, bizim gənclərimizin hamısı Azərbaycanda təhsil almalıdır”.

Gənclərimiz təhsil almaq məqsədilə nə qədər çox xaricə üz tutarlarsa, bu, gələcəkdə ölkəmizin inkişafı naminə onların arzularının gerçəkləşməsi deməkdir:

“Eyni zamanda hökumətlərarası dövlət proqramları da mövcuddur. Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı cənab Prezidentin şəxsi təşəbbüsü, birbaşa diqqəti və qayğısı ilə təsis edilmiş mükəmməl dövlət proqramları, eləcə də dövlətlərarası proqramlar fəaliyyət göstərir. Bu proqramlarda yaxın ölkələrdən Türkiyə və Rusiyanın nüfuzlu universitetləri də yer alır və həmin universitetlər proqramların siyahısına daxil edilir.

Bu baxımdan hesab edirəm ki, ümumilikdə gənclərimiz təhsil almaq məqsədilə nə qədər çox xaricə üz tutarlarsa, bu, gələcəkdə ölkəmizin inkişafı naminə onların arzularının gerçəkləşməsi deməkdir. Eyni zamanda düşünürəm ki, valideynlər övladlarının təhsil arzularına müdaxilə etməməli, əksinə, onları dəstəkləməli və əlavə motivasiya verməlidirlər. Bu mənada, əlbəttə ki, qazanan Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan gəncliyi olacaqdır”.

TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır
Son xəbərlərDaha çox