Ali təhsil cəmiyyətin və əmək bazarının dəyişən tələblərinə uyğun inkişaf etməlidir. Lakin uzun illərdir tətbiq olunan bəzi ənənəvi yanaşmalar müasir dövrdə öz aktuallığını qismən itirib.
Bu baxımdan ali təhsildə hansı standartlaşdırılmış və ənənəvi yanaşmaların dəyişdirilməli olduğu, onların yerini hansı müasir metodların tutmalı olduğu əsas müzakirə mövzularındandır.
Ali təhsildə standartlaşdırılmış və ənənəvi yanaşmalardan hansıları dəyişdirilməlidir? Onların yerini hansı müasir və daha effektiv üsullar tutmalıdır?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, müasir təhsil sistemində ciddi dəyişikliklərə ehtiyac var:
“Müasir təhsil sisteminin tamamilə dəyişdirilməsinə ehtiyac var. Bu gün dünya təhsili ilə bizim təhsilimiz arasında müəyyən fərqlər var və hesab edirəm ki, mövcud sistem dünyamızın inkişaf tempi ilə tam uyğun gəlmir. Bu nöqteyi-nəzərdən təhsillə bağlı ciddi addımların atılmasına və ciddi işlərin görülməsinə ehtiyac var. Burada çox ciddi maliyyə vəsaiti ayrılmalı, ciddi addımlar atılmalı və böyük işlər görülməlidir”.
Ceyhun Məmmədov qeyd edib ki, müasir dövr təhsil standartlarına yeni yanaşmaların tətbiqini tələb edir.
Onun sözlərinə görə, ənənəvi təhsil modelindən tədricən imtina edilməli, nəzəri biliklərlə yanaşı, praktiki hazırlığa daha çox üstünlük verilməlidir:
“Bu gün təhsil standartları tamamilə fərqlidir və bizdən tamamilə yeni yanaşmalar tələb edir. Ona görə də ənənəvi yanaşmalar artıq dəyişdirilməlidir. Bu gün təhsil daha çox şirkətlər, firmalar, zavodlarla əməkdaşlıq şəraitində qurulmalıdır.
Bizim əsas problemlərimizdən biri təhsil sisteminin daha çox nəzəriyyə üzərində qurulmasıdır. Çünki müasir dövr bizdən bunu tələb edir. Əgər biz bu istiqamətdə dəyişiklikləri həyata keçirməsək, gələcəkdə vəziyyət bizim üçün daha çətin və mürəkkəb olacaq.
Həm bakalavriat, həm də magistratura standartlarının dəyişdirilməsinə ehtiyac var. Təhsil proqramlarında təcrübəyə və praktikaya daha çox yer verməliyik. Müasir təhsil yalnız mühazirələrdən və auditoriyalardan ibarət olmamalıdır.
Bu istiqamətdə çox ciddi işlərin aparılmasına və mühüm tədbirlərin görülməsinə ehtiyac var”.
Fidan Şahkərəmova