Avqustun 12-dən etibarən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq. Abituriyentlərin əksəriyyəti artıq seçim edəcəkləri ixtisasları müəyyənləşdirib.
Lakin bir çox məzunun fikirləri hələ də qarışıqdır və onlar hansı ixtisasa üstünlük verəcəklərinə qərar verə bilmirlər. Abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri də II və III ixtisas qrupu üzrə hansı sahələrin daha perspektivli olmasıdır.
Maraqlıdır, əmək bazarında daha çox tələbat görən, gələcəkdə iş imkanları geniş olan və məzunlarına daha yüksək karyera perspektivi vəd edən ixtisaslar hansılardır?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi açıqlama verib.
Ekspert bildirib ki, II qrup abituriyentləri seçim edərkən əmək bazarının tələblərini nəzərə almalıdırlar:
"Əmək bazarında hər iki ixtisas qrupu üzrə perspektiv vəd edən ixtisaslara gəldikdə, II ixtisas qrupunda abituriyentlər, təbii ki, diqqətli olmalıdırlar. Burada əmək bazarında hazırda daha çox maliyyə, marketinq və iqtisadiyyat ixtisaslarına tələbat müşahidə olunur.
Daha sonrakı sıralarda isə menecment və biznesin idarə olunması kimi ixtisaslar yer alır. Bu ixtisaslara da tələbat var. Həmçinin beynəlxalq ticarət, logistika və digər əlaqəli ixtisaslar da perspektivli istiqamətlər sırasındadır".
Pedaqoji ixtisaslara tələbat olsa da, bu sahədə kadr hazırlığı çox olduğundan məzunların bir qismi iş tapmaqda çətinlik çəkir:
"III ixtisas qrupuna gəldikdə isə, burada əsas üstünlük hüquq ixtisası istiqamətinə verilir. Sonrakı sıralarda tərcümə yönümlü ixtisaslar yer alır. Xüsusilə Çin, Koreya və İspan dilləri üzrə tərcümə ixtisasları, eləcə də pedaqoji ixtisaslar, dövlət və ictimai münasibətlər kimi istiqamətlər qeyd oluna bilər.
Lakin əmək bazarında ən yüksək tələbat yenə də hüquq ixtisasına müşahidə olunur. Pedaqoji ixtisaslara da tələbat var, amma bu sahə üzrə çox sayda kadr hazırlanır. Kadr hazırlığı üçün ayrılan plan yerlərinin sayı kifayət qədər çoxdur və hazırda pedaqoji təhsil almış on minlərlə şəxs iş tapmaqda müəyyən çətinliklərlə üzləşib. Buna görə də gələcək perspektiv baxımından pedaqoji ixtisaslara o qədər də üstünlük vermirəm.
Tərcümə yönümlü ixtisaslara gəlincə, əmək bazarında xüsusilə Çin, Koreya, Yaponiya, İspan və erməni dilləri üzrə mütəxəssislərə tələbat müşahidə olunur. Bu sahələr üzrə ixtisaslaşan məzunlara ehtiyac var. Buna görə də III ixtisas qrupu üzrə seçim edən abituriyentlər bu istiqamətlərə üstünlük versələr, daha məqsədəuyğun olar".